Bir il əvvəl Xəzər sularında naməlum meyit tapılıb və Xaçmaz rayon ərazisində dəfn edilib
Xəzər dənizində 1 il 4 ay bundan əvvəl balıqçı gəmisində batan zərdablı iş adamının meyiti tapılıb. APA-nın məlumatına görə, 1973 - cü ildə Zərdab rayonunun Burunlu kəndində anadan olan Bakı şəhərində yaşayan Əhmədov Nofəl Qüdrət oğlu 2012 – ci il dekabr ayının 29 – da 5 nəfərlik kiçik tutumlu balıqçı gəmisi ilə Azərbaycandan Qazaxıstana yola düşüb və gəmi Qazaxıstanın Aktau limanı yaxınlığında batıb.Aparılan axtarışlar nəticəsində gəmi tapılsa da, batan şəxslərin meyiti tapılmayıb.
2014-cü ilin aprel ayında N. Əhmədovun ailə üzvlərinə Xaçmaz rayonunda naməlum məzar olduğu barədə məlumat verilib. Mərhumun ailə üzvlərinin sözlərinə görə, onlara məlumat daxil olduqdan sonra onlar Xaçmaz rayonuna yollanıblar. Rayon Prokurorluğu ilə görüşdükdən sonra məlum olub ki, 2013 – cü ilin avqust ayında gəminin batdığı yerdən təxminən 340 kilometr aralıda dəniz sularında naməlum meyit tapılıb və Xaçmaz rayon ərazisində dəfn edilib. Aparılan araşdırmalardan sonra həmin məzarın N. Əhmədova aid olduğu təsdiqlənib.
Bu gün N. Əhmədovun meyiti Xaçmaz rayonundakı məzardan çıxarılaraq, doğulduğu Zərdab rayonunun Burunlu kəndinə gətirilib və dəfn edilib.Qeyd edək ki, mərhum N. Əhmədov ailəli olub və 2 ödladı var.