Şəkidə avtoxuliqanlıq edən şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir. Bu gün Şəki Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan Şəki sakinini saxlayıblar.
İdarə etdiyi avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozdu, digər insanların həyatını təhlükə altında qoydu, ancaq uzağa qaça bilmədi. Avtoxuliqanlıq edən Şəki sakini yaxalanıb. Mirzəfətəli Axundov prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində kobud qayda pozuntusuna yol verən Sadıqov Sadiq Məmməd oğlu polis şöbəsinə gətirilib.
Şəki şəhər Polis Şöbəsindən verilən məlumata əsasən, Sadiq işıqforun qırmızı işığına məhəl qoymayıb, avtomobillərin intensiv hərəkət etdiyi yolda ziqzaqvari hərəkətlər edib. Bu təhlükəli manevrlər ətrafda olanları təşvişə salıb. Bununla kifayətlənməyərək saxlanılan şəxs çəkiliş aparan KİV nümayəndələrinə qarşı zorakılığa yol verib. Onun idarə etdiyi 55-BC-293 dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobil cərimə meydançasına aparılıb. Polisdən verilən məlumata əsasən, şəhər ərazisində təhlükəli hərəkətlər edən sürücülərə qarşı daha ciddi tədbirlər görüləcək.