Cinayəti törədənə 13 il cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı oğlanı zorlamaqda təqsirli bilinən İslam Şahbazovun məhkəməsi başa çatıb. Teleqraf.com-un xəbərinə görə, hadisə ötən il, Suraxanı rayonunda baş verib. Azərbaycanın rayonlarından birindən paytaxta işləmək üçün gələn İslam Şahbazov Suraxanı rayonunda evlərdən birində kirayə qalıb. O, 2001-ci il təvəllüdlü Samiri (ad şərti verilib) kirayə qaldığı evə aparıb. İslam Şahbazov həmin evdə azyaşlı oğlanı zorlayıb. Azyaşlının zorlanması barədə valideynlərinə danışıb. Samirin valideynləri hadisə ilə bağlı polisə şikayət ediblər. Onların şikayəti əsasında İslam Şahbazov həbs edilib. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən İslam Şahbazov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Samir homoseksual olub. Onun ifadəsinə görə, Samirin homoseksual olduğunu biləndən sonra onunla yaxınlıq etməyə başlayıb: “Samirlə əvvəlcə söhbət etdim. Söhbətimiz zamanı ona seksual sözlər deməyə başladım. Gördüm ki, onun sözlərimdən xoşu gəlməyə başlayıb. Sonra onu kirayə qaldığım evə apardım və orada onunla qeyri təbii yolla cinsi əlaqədə oldum”. İslam Şahbazov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilib. Məhkəmənin hökmü ilə İslam Şahbazov 13 il müddətinə azadlıqdan məhrum edilib.