Türkiyənin Aydın vilayətindəki Nazilli rayonundakı toy pərişanlıqla bitib. 36 yaşlı bəy Hüseyin Aykut Gencarslan ilə 24 yaşlı gəlin Güneş Aselin həyatlarının ən bəxtəvər günü həyatları boyu unuda bilməyəcəkləri şoka çevrilib.
Toy gecəsi ev yanıb, gəlinin cehizi, mebelləri yanaraq külə dönüb.
Qışqırıb ağlayan gəlin güclə sakitləşdirilib.
Bəylə gəlin gecəni oteldə keçirməli olublar.
Nazilli şəhərindəki "Samanyolu" şadlıq salonundakı toyda A.Gencarslanla G.Aselin nikahlarını bələdiyyə sədri Haluk Alıçık qeydə alıb.
Toy şən keçirdi və axşam saat 22 radələrində bəylə gəlini evə aparıblar. Lakin bəylə gəlin Turan məhəlləsindəki üçmərtəbəli binaya yaxınlaşanda 2-ci mərtəbədəki mənzillərinin yandığını görüblər.
Gəlinin cehizi ilə bəzənən mənzil elektrik sobasının qızaraq yanması nəticəsində alovlara bürünmüşdü. Nərdivanla dırmaşaraq mənzilin eyvanına çıxan Hüseyn Aykut Gencraslan mənzilə girib. Lakin o, tüstüdən zəhərlənib və hadisə yerinə gəlmiş yanğınsöndürənlər bəyi çıxarıblar.
Bunu görən gəlin huşunu itirib.
Təzə bəyin dediyinə görə, ən azı 25 min dollar zərər görüblər.
"Bütün əşyaları, mebelləri kreditlə almışdıq. Hələ istifadə etməmiş hamısı yanıb kül oldu. İndi qalacaq yerimiz də yoxdur. Gecəni oteldə qaldıq, indi bacımın evində yaşayırıq".