Azərbaycan milli komandasının sabiq kapitanı, AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun sözləri beynalxalq səviyyəyə qalxıb. ANS-in məlumatına görə, bu barədə
məşhur "Eurosport" saytı yazıb. AZAL-ın baş məşqçisi Tərlan Əhmədov dünən "Neftçi" ilə oyundan sonra keçirilən mətbuat konfransında DÇ-2002-nin seçmə mərhələsindən danışıb. Yazıda bildirilir ki, Tərlan Əhmədov mundialın seçmə mərhələsində millimizin Türkiyə yığması ilə bir qrupa düşməsindən danışıb. Noyabrın 11-i 2000-ci ildə Bakıda Türkiyə millimizi 1:0 hesabı ilə məğlub etməyi bacarmışdı. İyunun 2-də İstanbulda isə Türkiyə millisi yığmamızın qapısından 3 top keçirib. Azərbaycan milli komandası həmin vaxt "Beşiktaş"ın düşərgəsində 1 həftə hazırlıq keçib. Yayılan söz-söhbətlərə görə, Azərbaycan millisi türklərə qəsdən uduzmalı idi, Slovakiyadan isə xal almalı idi. Belə də oldu. Azərbaycan türklərə 0:3 hesabı ilə məğlub olur və 4 gün sonra isə Bakıda Slovakiyanın qapısından 2 cavabsız top keçirir. Beləliklə, Türkiyə millisi DÇ-2002-yə iştirak etmək hüququ qazanır. Bu barədə danışan Tərlan Əhmədov bunları deyib: "Türkiyə millisi ilə matç öncəsi üzərimizdə böyük təzyiq var idi. Daha dəqiq desəm, bizə oyunu satmaq təklifi gəlmişdi. AFFA-nın o zamankı prezidenti Fuad Musayev mənim sözlərimi təsdiqləyə bilər. Komandanın kapitanı olduğuma görə o mənim fikirlərimi öyrənməyə çalışıb. Mən isə buna etiraz etdim və bildirdim ki, oyun danışılmış olsa, mən meydana çıxmayacağam. Siz inanmayacaqsınız. Hətta Milli Məclisin bəzi deputatları da məni təzyiq altında saxladılar ki, biz bu oyunu uduzaq".