Yuxudan duran atasını öldürüb özü “yatmağa” getdi

10-05-2014, 11:36   
Yuxudan duran atasını öldürüb özü “yatmağa” getdi
Bərdə rayonu, Hüseynallar kənd sakini, 1990-cı il təvəllüdlü Muxtarov Ceyhun Orduxan oğlunun məhkəmə istintaqı başa çatıb.

C.Muxtarovu müttəhimlər kürsüsünə gətirib çıxaran hadisə ötən il oktyabrın 19-da baş verib.

Ceyhunla atası Orduxan Muxtarov arasında dava-dalaş düşüb, qəzəbli oğul əlindəki dəmir boru parçasını atasına tərəf atıb. Boru atanın başına dəyib. Zərbənin təsirindən ağır kəllə-beyin travması alan O.Muxtarov təcili xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra O.Muxtarovun ailə üzvləri polisə verdikləri məlumatda onun evdə yıxılaraq xəsarət aldığını deyiblər.

Amma sonradan mərhumun bədbəxt hadisə nəticəsində ölmədiyi, oğlu tərəfindən qətlə yetirilməsi məlum olub.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən C.Muxtarov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Goradildə bağ evində kirayə yaşadıqlarını, hadisə zamanı atasının sərxoş olduğunu, nalayiq söyüşlərlə onu söydüyünü göstərib: “Atam içkili idi. Evdə yatmışdı. Əmim oğlu Şəmsi torbada balıq gətirmişdi. Mən də onları həyətdəki hovuza atdım. Balıqların yarısı öldüyündən Şəmsiyə atamın bunu görəcəyi təqdirdə əsəbiləşəcəyini dedim. Şəmsi də əynini soyunub balıqları çıxarmaq üçün hovuza girdi. Bu vaxt atam evdən çıxıb yanımıza gəldi. Şəmsinin hovuza ölü balıqlar buraxdığını görüb söyməyə, qışqırmağa, daşla hovuzun kafelini sındırmağa başladı. Atama kafeli sındırmasına görə iradımı bildirdikdə ağır söyüş söydü və evə doğru getdi. Əsəbiləşib “bəsdir də, nə qədər içmək olar, nə qədər söymək olar” deyib həyətdə basdırılmış dəmir borunu yerdən çıxardım və evin giriş qapısına tərəf atdım. Boru atamın başına dəydi, zərbənin təsirindən yerə yıxıldı. Tez təcili yardıma zəng vurdum. Təcili yardımla atamı xəstəxanaya apardıq. Xəstəxanada onun öldüyünü və meyitxanaya aparıldığını eşitdim”.

Zərərçəkmiş şəxs qismində dindirilən Əminə Muxtarova ifadəsində təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını, onu bağışladığını göstərib: “Əmim arvadı Tamella ilə oğlu Şəmsi bizə gəlmişdilər. Anam Aybəniz, qardaşım Ceyhun, Ceyhunun həyat yoldaşı da evdə idilər. Ceyhun həyətdə kabab çəkmişdi. Hamımız oturub yemək yedik. Bir qədər keçmiş atam da gəlib çıxdı. Kabab yeyib bir az araq içdi. Süfrə arxasında atam söyüş söydüyündən Ceyhunla aralarında mübahisə yarandı. Yeyib-içmək qurtarandan sonra atam yatmağa getdi. Şəmsi isə hovuzun içinə buraxdığı ölü balıqları çıxarmaqla məşğul idi. Evdən çıxıb mağazaya getdim. Geri qayıdanda atamın giriş qapısının qarşısında huşsuz vəziyyətdə uzandığını, anamın isə əski parçası ilə onun alnını tutduğunu gördüm. Anamdan nə baş verdiyini soruşduqda “Ceyhunun atdığı boru atanın başına dəyib” dedi”.

Məhkəmənin hökmü ilə Ceyhun Muxtarov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.