İlham Əliyev: "SSRİ dağılanda rəhbərlikdə Heydər Əliyev olsaydı..."

11-05-2014, 15:19   
İlham Əliyev: "SSRİ dağılanda rəhbərlikdə Heydər Əliyev olsaydı..."
“Heydər Əliyev 1987-ci ildə bütün vəzifələrdən gedəndən sonra Azərbaycan çox böyük problemlərlə, fəlakətlərlə üzləşmişdi. O, siyasi hakimiyyətdən gedəndən sonra cəmi iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirməklə bağlı məsələ qaldırmışdı”.

Bu sözləri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

“Məhz Heydər Əliyevin siyasi hakimiyyətdə olmaması erməniləri ruhlandırırdı. Çünki Heydər Əliyev amili imkan vermirdi ki, onlar bu çirkin iddiaları irəli sürsünlər. Ondan sonra Azərbaycana qarşı elan olunmamış müharibə başlamışdı, Qanlı Yanvar faciəsi törədilmişdi. O ağır, faciəvi anlarda yenə də Heydər Əliyev öz haqq səsini ucaltdı. Moskvada Azərbaycanın daimi nümayəndəliyində sovet hakimiyyətinin hərəkətlərini pislədi, Sovet İttifaqının başında duran şəxsi pislədi. Bütün dünyaya bu faciə haqqında öz sözlərini bəyan etdi. Bu, böyük cəsarət tələb edən bir addım idi. Çünki Sovet İttifaqının dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, nə vaxtsa Sovet İttifaqı dağıla bilər” - deyə İ.Əliyev bildirib.

Prezidenti İlham Əliyevin sözlərinə görə, Heydər Əliyev sadəcə olaraq susa bilmirdi: “O, ağır anlarda öz xalqına mənəvi dəstək vermişdi. Ondan sonra təbii ki, totalitar maşın, totalitar dövlət ona qarşı hərəkətə keçdi. Onun həbs edilməsi ilə bağlı hazırlıq işləri aparılırdı. Moskvadan Bakıya gəlməyə məcbur olmuşdu. Burada da yaşamağa imkan vermədilər. Öz doğulduğu yerə - Naxçıvana üz tutdu. Beləliklə, onun həyatında Naxçıvan dövrü başlayır”.

Dövlət başçısı qeyd edib ki, bu dövr də həm Naxçıvan üçün, həm müstəqillik üçün həlledici dövrdür: “Çünki Azərbaycanın dövlət müstəqilliyinin əsasları məhz Naxçıvanda qoyulmuşdu, məhz Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı elan edilmişdi. Sovet İttifaqının saxlanması ilə bağlı referendum Naxçıvanda keçirilməmişdi. Naxçıvanı blokadadan çıxarmaq üçün böyük səylər göstərildi. Erməni işğalçılara böyük zərbə vuruldu. Naxçıvan qorundu, Naxçıvanın ərazi bütövlüyü qorundu və saxlanıldı”.

Prezidentin sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycanda vətəndaş müharibəsi başlayanda və torpaqlarımızın bir hissəsi işğal altına düşəndə xalq öz ümidini Heydər Əliyevin adı ilə bağlamışdı: “1993-cü ildə qardaş qırğını başlamışdı. O vaxt antimilli, xəyanətkar AXC-Müsavat hakimiyyəti qardaş qanını axıtdı. Bir tərəfdən torpaqlarımız işğal altına düşürdü, digər tərəfdən isə vətəndaş müharibəsi baş alıb gedirdi. Belə ağır vəziyyətdə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı böyük bəlalardan xilas etdi”.

Prezident İlham Əliyev deyib ki, o dövrü təhlil edərkən daim bir məsələ diqqət çəkir: "Əgər Heydər Əliyev Azərbaycanda olsaydı, əgər müstəqilliyin lap əvvəlindən, Sovet İttifaqı dağılan zaman Azərbaycanda rəhbərlikdə olsaydı, heç vaxt Dağlıq Qarabağ və ətraf bölgələr işğal altına düşməzdi. Ancaq tarix tarixdir. 1993-cü ildə xalqın dəstəyi, etimadı və tələbi ilə Heydər Əliyev Azərbaycanın prezidenti seçildi. Bundan sonra ölkəmiz üçün yeni bir dövr başlanmışdır - sabitlik, təhlükəsizlik və inkişaf dövrü. Köklü islahatlar başlanmışdır, dövlətçiliyin əsasları qurulmuşdu, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdi, cəmiyyətimizin ideoloji əsasları formalaşdırılmışdı, azərbaycançılıq məfkurəsi dövlət ideologiyası kimi qəbul edilmişdi, demokratik inkişaf, insan hüquqları ilə bağlı çox ciddi islahatlar başlamışdı. Azərbaycan beynəlxalq təşkilatlara üzv olmuşdu, Azərbaycana qarşı aparılan təbliğat kampaniyasına tutarlı cavablar verilməyə başlamışdı. Biz informasiya blokadasını yara bilmişdik. Məhz o illərdə xarici siyasətimizin əsas prinsipləri müəyyən edilmişdi və biz bu gün də bu prinsiplərə sadiqik”.

Dövlət başçısı vurğulayıb ki, ölkəmiz üçün ən ağır, faciəvi bir dövrdə Heydər Əliyevin şəxsi keyfiyyətləri, biliyi, cəsarəti, uzaqgörənliyi və xalqa olan məhəbbəti öz həlledici sözünü demişdi: “Azərbaycan bu ağır sınaqdan şərəflə çıxa bilmişdi”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.