Türkiyə prezidenti Abdullah Gül "siyasətlə əlaqədar gələcək planım yoxdur" sözləriylə ictimaiyyəti olduğu qədər hakim Ədalət və İnkişaf Partiyasını (AKP) da təşvişə salıb. anaxeber.info-ın məlumatına görə, Gül, mesajın məzmunu qədər zamanını da planlı şəkildə seçib.
Baş nazir Ərdoğanın prezident seçkilərində tək namizəd kimi göründüyü bir mühitdə Gülün "Öz yazmadığım senaridə rol almaram. Asılılığa qarşıyam" sözləri bəzi məsələlərə işarə edir.
Türkiyənin prezident seçkilərinə hazırlaşdığı bir vaxtda baş nazirlik postunda böhran yaranıb. Ərdoğanın prezidentlik postunu istəməsi artıq onun təbii haqqı olaraq qəbul edilir. Buna Gülün isə heç bir etirazı yoxdur. Abdullah Gülü narahat edən məsələ Ərdoğanın posta keçdikdən sonra baş nazirlik və AKP-ni yenidənqurma istəyinin olmasıdır.
Türkiyə mətbuatının yazdığına görə, prezident Gül Ərdoğanın namizədliyini irəli sürməsi ilə bağlı xəbərsiz olduğu üçün bu qərardan məmnun deyil. Kütahyadakı çıxışı bu səbəbdən zaman olaraq da mənalı görülür.