Azərbaycan prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasına dövlət səfərinə gedib.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Hanoyun Noi Bai beynəlxalq aeroportunda Vyetnamın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Sonra qısa protokol söhbəti olub.
Qeyd edək ki, virtualaz.org saytı bu səfər barədə hələ bir neçə gün öncə məlumat vermişdi. Bildirmişdik ki, bu turnesi zamanı Çinə də səfər edəcək dövlət başçısı öncə Vyetnamda olacaq. Vyetnam Sosialist Respublikasının Xarici İşlər Nazirliyindən yayılan rəsmi məlumatda deyilirdi ki, Azərbaycan prezidenti İlham Əliyev mayın 18-dən 20-dək bu ölkədə dövlət səfərində olacaq. Səfər Vyetnam prezidenti Çıonq Tan Sanqın dəvəti ilə baş tutacaq.
Vyetnamın Ticarət və Sənaye Nazirliyinin məlumatında isə bildirilirdi ki, Azərbaycan prezidentini bu ölkənin 50 ən aparıcı şirkətini təmsil edən biznesmenlər müşayiət edəcək. Səfər çərçivəsində birgə biznes-forum təşkil olunacaq. Prezident habelə mayın 19-da Azərbaycanın Hanoyda səfirliyinin açılması mərasimində iştirak edəcək.
Qeyd edək ki, bu, Azərbaycan prezidentinin Vyetnama ilk səfəridir. Səfərin ən yüksək statusda - dövlət səfəri səviyyəsində baş tutması göstərir ki, Azərbaycan bu Asiya ölkəsi ilə münasibətlərin gələcək inkişafına xüsusi əhəmiyyət verir.
Belə ki, Qərbdə iqtisadi durğunluğun davam etdiyi bir vaxtda Asiya regionunda sürətli iqtisadi inkişaf gedir və bu qitə ölkələri ilə Azərbaycanın iqtisadi-biznes əlaqələrinin geniş perspektivləri var. Gözlənilir ki, səfər çərçivəsində ARDNŞ-lə Vyetnamın Dövlət Neft Şirkəti arasında bu ölkənin ərazi sularında neft-qaz kəşfiyyatının aparılmasına dair əməkdaşlıq razılaşması da əldə olunacaq.