Virtualaz.org saytı xəbər verir ki, ABŞ xüsusi xidmət orqanları FİFA prezidenti Yozef Blatterin barəsində korrupsiya dosyesini araşdırdığı və onun həbsinin istisna edilmədiyi bir vaxtda KİV-lərə təşkilatın rəhbərliyinə əsas iddiaçılardan olan UEFA prezidenti Mişel Platinin əleyhinə kompromat dosyesi ötürülüb.
Almaniyanın “Welt am Sonntag” qəzetinin yazdığına görə, FİFA-nin Sürixdəki mənzil-qərargahından bir neçə KİV-ə (o cümlədən həmin qəzetə) Mişel Platini barədə “Platini - şkafdakı skelet” adlı kompromat dosyesi ötürüblər və onu yaymağı təklif ediblər. Dosye anonimdir və orada Platininin işgüzar reputasiyası şübhə altına alınır. KİV-lər dosyeni hələlik yaymayıblar. Ancaq ehtimal edilir ki, dosyeni FİFA-nın mənzil-qərargahında və çox güman ki, Blatterin təlimatı ilə hazırlayıblar.
UEFA artıq FİFA-ya rəsmi müraciət edərək bu dosye barədə araşdırma aparmağı tələb edib.
“Biz tələb edirik ki, FİFA bu insidenti araşdırsın. Çünki UEFA prezidentinə qarşı böhtan kampaniyasından narahatıq” - deyə UEFA-nın adının açıqlanmasını istəməyən nümayəndəsi “Reuters”ə bildirib.
FİFA prezidenti postundan korrupsiya qalmaqalına görə istefa verən, ancaq hələ də səlahiyyətlərinin icrasını davam etdirən Blatter isə odun üstünə yağ tökərək qalmaqalı qızışdırıb.
Y.Blatter Hollandiya qəzetlərindən birinə açıqlamasında deyib ki, Platini FİFA prezidenti seçkiləri ərəfəsində onun 80 yaşlı qardaşına təzyiq göstərib. Bildirib ki, Blatter namizədliyini geri götürməsə, onu həbs gözləyir.
“Platini mənim qardaşıma birbaşa belə də deyib: Yozefə çatdır ki, ya seçkilərə qədər istefa verəcək, ya da həbsxanaya gedəcək”- deyə 79 yaşlı Blatter bildirib.
UEFA prezidentinə yaxın mənbə isə bu iddianı təkzib edib, onu FİFA rəhbərliyindəki korrupsiya qalmaqalından dünyanın diqqətini yayındırmaq cəhdi adlandırıb.Mənbə bildirib ki, Platini bu cür gülməli iddiaya cavab vermək niyyətində deyil.
Məlum olduğu kimi, FİFA prezidenti postuna gələn ilin fevralında keçiriləcək növbədənkənar seçkilərdə Platini öz namizədliyini irəli sürməyə hazırlaşır. O, dünyanın 6 futbol konfederasiyasından 4-ünün dəstəyini qazanıb.
F.Məmmədov