Statistik rəqəmlər hakimiyyəti necə ifşa etdi?
Uzun illərdi hakimiyyət ölkədəki iqtisadi inkişafdan, əhalinin həyat səviyyəsinin yüksəlməsindən, yoxsullluğun kökünün kəsilməsindən danışır. Hətta bu təbliğat o həddə çatdı ki, ölkə başçısı “bəlkə bir az yavaşlayaq” demək məcburiyyətində qaldı. Təbii ki, bu təbliğat həmişə cəmiyətdə ironiya ilə qarşılanıb və hakimiyyətin insanları aldatması kimi qiymətləndirilib. Çünki, 2.5 milyon insanın kredit girovluğunda olması, milyonlarla vətəndaşın dolanışıq üçün qonşu ölkələrə üz tutması, ölkədəki əməkhaqqının miqdarı real vəziyyəti xarakterizə edir.
Amma yalançını mənzilinə qədər qovmaq üçün statistik rəqəmlərə istinad etmək istəyirik. Belə ki, Dövlət Statistika Komitəsi 2014-cü ildə əhalinin gəlirlərinə dair hesabatları açıqlayıb. Məlumata görə, adambaşına aylıq gəliri 300 manatdan yuxarı olan ailələrin sayı 5,2 faizdən 6,1 faizədək artıb. Bakıda aylıq gəliri 300 manatı keçən şəxslərin sayı şəhər əhalisinin 11,5 faizini təşkil edir. Qalan əhalinin aylıq gəlirləri 300 manatın altındadır. Rəsmi məlumata görə, 2014-cü ildə ölkədə orta aylıq nominal əmək haqqı 444,3 manat olub. Lakin əmək haqqı alanların sayı cəmi 1,5 milyondur. Ölkə əhalisinin sayı isə 9,6 milyon nəfəri keçib.
2013-cü ildə ailələrin 4,6 faizi yaşayış minimumundan (116 manat) aşağı adambaşı aylıq gəlir əldə edirdi. Ötən il əhalinin 4,2 faizi yoxsulluq həddindən (125 manat) aşağı yaşayırdı.
Adambaşına gəliri 125 manatdan 200 manata çatan ailələr ölkə əhalisinin 62,5 faizini təşkil edir. Keçən il ailə təsərrüfatlarının 27,4 faizində aylıq əmək gəlirləri 200-300 manat arasında dəyişib. Ümumi nəticə budur ki, ölkə əhalisinin 94 faizinin aylıq gəliri 300 manatın alıtındadır.
Deməli, YAP hakimiyyətinin uğurlu inkişafının arxasında 300 manatın dayandığını Statistika Komitəsi də təsdiqləyir. Bəs, bu 300 manatla nə etmək olar?
Əvvəla, məlum olur ki, ölkədə orta aylıq əməkhaqqının 457 manat olması da düzgün məlumat deyil. Sadəcə olaraq az bir hissə var ki, yüksək əməkhaqqı alır və “qızıl orta”nı da bununla müəyyənləşdirirlər.
Amma rəqəmlər göstərir ki, əhalinin böyük əksəriyyəti 300 manatla dolanır.
Monopoliya edilmiş iqtisadiyyat, yüksək təhsil haqları, korrupsiyanın meydan sulaması şəraitində bu məbləğlə necə dolanmaq olar? Orta aylıq əməkhaqqı zəruri ehtiyacları ödəməyə imkan vermir. Məhz buna görə də milyonlarla insan kredit faizləri ilə yüklənib, problemli ktreditlərin miqyası artıb, insanlar çıxış yolu kimi intiharı seçir. Bəli, bu gün hakimiyyətin müəyyənləşdirdiyi iqtisadi siyasət vətəndaşın normal ölməsinə də imkan vermir. Çünki, qəbiristanlıqlar da pulla satılır və insan cəsədindən də mənfəət güdürlər.
Digər tərəfdən, Azərbaycanda bütün dövlət xəstəxanalarının pullu olduğu (qanunla pulsuz olsa da) dərmanların 15-20 dəfə baha satıldığı məlum faktdır. Aylıq gəliri 300 manat olan ailə sağlamlığını, övladların təhsilini, yoxsa gündəlik zəruri ehtiyacları qurban versin? Axı bu şərtlərin hamısı ödənməlidir və normal həyat üçün bu zəruridir. Həm ölkənin milyardları talan edilir, həm məmurlara məxsus banklar vətəndaşı sıxır, həm də əməkhaqları quyunun dibində qalıb.
Gecə-gündüz hökumətə məddahlıq edənlər, hakimiyyət kürsüsündən əl çəkməyənlər, bu vəsaitlə dolana bilərlər? Axı vətəndaşı bu qədər təhqir etmək olmaz. Bugünlərdə məlum oldu ki, SOCAR Gürcüstanda, Ukraynada benzinin qiymətinin endirib. Amma Azərbaycanda bu addım atılmır. Hökumət məqsədli şəkildə vətəndaşı diz çökdürmək istəyir.
Bir sözlə, statistik rəqəmlər bir daha sübut etdi ki, bu ölkədəki inkişaf göstəriciləri yalnız hakim komandanın cibində hiss olunur. O da məlum oldu ki, Azərbaycan vətəndaşının imkanları, hətta Gürcüstan və Ermənistan vətəndaşından da artıq deyil. Yəni kasıb ölkə ilə varlı ölkənin vətəndaşları eyni məhrumiyyətləri yaşayır.
Əliyev hakimiyyəti əhalinin 94 faizini dilənçi vəziyyətə salıb. Deməli, bu hakimiyyət yalnız 6 faiz insanı vətəndaş hesab edir. Digərlərinin taleyinə görə bu hakimiyyət məsuliyyət daşımır. Bəli, Əliyevlərin uzaqgörən siyasəti, bu ölkəni analoqsuz səfalətə yuvarlayır.