Bu gün əldə olunan uğurlar sabaha ümidlə baxmağa inam yaradırSon vaxtlar Azərbaycanda futbolun inkişafı ciddi şəkildə hiss olunur. Komandalarımızın Avrokuboklarda qələbələri, ciddi Avropa klubları ilə bərabər səviyyəli mübarizəsi həm azərkeşləri yenidən yaşıl meydana qaytarıb, həm də ölkəboyunca futbola marağı artırıb.
Futbolumuzun bugünkü uğurları ilə yanaşı, gələcək inkişafına da ümid yaradan əsas faktorlardan biri uşaq futbolunun dirçəlməsidir. “AZAL” Professional Futbol Klubunun (PFK) U-12 komandası da futbolumuzun gələcəyinə xoş ümudlər vəd edən bir kollektivdir. Məlumat üçün bildirək ki, komandanın baş məşqçisi Əli Nizami oğlu Məmmədov, məşqçi Sərraf Əhmədovdur.
Komandanın kiçik yaşlı oyunçuları isə bunlardır: Əli Baxşiyev (kapitan), Asif Əhmədov, Tural Fərəcli, Emin Hüseynov, Amir Qəribov, Cavid Abdullayev, Mark Zamira, Vüsal Abbasov, Misir Ələsgərov, Nicat Şirinov, Hüseyn Məmmədzadə, Eltun Əlizadə, Dəniz Adilov, Buğday Tariverdiyev, Hünər Tağıyev və Bayram Nağıyev. Komandanın qapısını isə gələcək vəd edən Xeyrəddin Rəhimov və Elməddin Quliyev qoruyur.
Onu da bildirək ki, komanda ilk dəfə 2014-2015-ci il sezonunda U-11 liqasında iştirak edib və uğurlu nəticələr göstərib. Bir sözlə, ölkəmizdə uşaq və yeniyetmələrin futbolun sirlərini öyrəndiyi ən böyük klublardan biri “AZAL” Peşəkar Futbol Klubudur. Onlarla uşaq və yeniyetmə futbolda ilk addımlarını atmaq, peşəkar futbolçu kimi yetişmək üçün məhz “AZAL”-a üz tutur. Hazırda da komandanın nəticələri burda oynayan kiçik yaşlı futbolçular arasında milli futbol tariximizdə adlarını yazacaq idmançıların olmasına ümid yaradır. Azərbaycan futbolunun gələcəyi sayılan “AZAL” PFK-nın U-12 komandası və ümumiyyətlə uşaq futbolunun inkişafı haqda baş məşqçi Əli müəllimlə söhbətləşdik.
– Uşaqlarla işləyən bir məşqçi kimi, Azərbaycanda uşaq futbolunun inkişaf tempini necə dəyərləndirərdiniz? – Beş-altı il əvvəllə müqayisə etsək, indiki böyük bir fərq olduğunu görərik. Bu gün Azərbaycanda uşaq futbolu sürətlə inkişaf edir və klublarımız tərəfindən bu işə böyük sərmayə yatırılır. Mən inanıram ki, yaxın gələcəkdə ölkəmizdə güclü futbolçular yetişəcəklər. Hazırda uşaqların texnikasında, məşqlərinin keçirilməsində, oyunların təşkil olunması üçün stadionlarda şərait yaradılması yüksək səviyyədədir. Əvvəlki illərdə isə belə deyildi. Nəinki on bir yaşlı uşaqlar, heç biz özümüz də məşq etmək üçün çox çətinliklə stadion tapırdıq. Futbol formalarının təchizatında çətinliklə üzləşirdik. İndi isə belə deyil. Bu gün uşaqlar üçün hər bir şərait yaradılıb. Uğur qazanmaq üçün məşqçinin başını aşağı salıb çalışmağı qalır. Əgər biz bu templə davam etsək, beş-altı ilə Azərbaycanda çox sayda istedadlı futbolçu yetişəcək və onlar ölkə futboluna böyük uğur qazandıracaqlar.
– 11-12 yaşlı balaca futbolçularla işləməyin çətin yönləri hansılardır? Özünzü bir məşqçi kimi yetişdirmək üçün hansı tədbirləri görürsünüz?– Biz məşqçilər hər həftə AFFA-nın təşkil etdiyi A, B və C katiqoriyalı kurslarda iştirak edirik. Bu kurslarda məşqçilər biliklərini daha da artırılar. Uşaqlarla necə məşq keçmək lazım olduğunu, futbolçuların psixoloji hazırlığını təmin etmək və başqa istiqamətlərdə biliklərimizi artırırıq. Ancaq əsasən balacaların texniki bacarıqlarının artırılmasına və nizam-intizamına diqqət yetiririk. Texniki bacarıq dedikdə isə uşaqların topla davranışlarını nəzərdə tuturam.
Biz də öz növbəmizdə böyük Avropa arenalarında Azərbaycan futbolunun qələbələrinin ilk qaranquşlarına uğurlar arzulayır, onların əsl futbolçu kimi yetişmələrində əllərindən gələni edən klub rəhbərliyinə və məşqçilərə təşəkkür edirik.
Hüseyn