İlham Əliyev: "Ermənilər müstəsna naşükürlük göstərdilər"

20-05-2014, 10:36   
İlham Əliyev: "Ermənilər müstəsna naşükürlük göstərdilər"
Mayın 19-da Hanoyda Vyetnam Sosialist Respublikasının prezidenti Truonq Tan Sanqla birgə mətbuata bəyanat verən dövlət başçısı İlham Əliyev deyib ki, həmkarı ilə danışıqlarda regiondakı hadisələrə də toxunulub: “Xüsusilə regional təhlükəsizlik üçün ən böyük təhdid olan Dağlıq Qarabağ münaqişəsi haqqında mövqeyimi bildirdim. İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı və ətraf 7 bölgəni işğal altında saxlayır. Bu işğal nəticəsində bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasına dair bəyanat var. Ancaq buna baxmayaraq Ermənistan buna məhəl qoymur və torpaqlarımızı işğal altında saxlamaqda davam edir. Bu münaqişə bölgə üçün ən böyük təhlükədir və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

AzərTAc-ın məlumatına görə, İlham Əliyev Hanoyda Azərbaycanın ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüş də Qarabağ münaqişəsindən söz açıb: “Bizim ölkəmizdə təhsil alarkən əminəm ki, Azərbaycanda tolerantlıq, dözümlülük mühitinin şahidi olmusunuz. Xalqımız çox qonaqpərvərdir. Azərbaycan çoxmillətli ölkədir. Ölkəmiz sovet dövründə də belə olub, indi də belədir. Heç vaxt milli və dini zəmində anlaşılmazlıq, qarşıdurma və münaqişələr baş verməyib. Elə o vaxt da, ələlxüsus indi də müstəqil dövlət kimi Azərbaycanda müxtəlif xalqlara və müxtəlif dinlərə mənsub insanlar sülh və əməkdaşlıq şəraitində yaşayır, bir-birini yaxşı başa düşür, hörmət edir və onların hamısı çoxmillətli Azərbaycanın inkişafı naminə öz töhfələrini verirlər.

Buna görə də siz yəqin ki, Azərbaycana Ermənistan tərəfindən məkrli təcavüz olduğunu eşidəndə təəccübləndiniz. Çünki bunun üçün heç bir səbəb yox idi. Bütün başqa xalqların nümayəndələri kimi ermənilər də Azərbaycanda rahat yaşayır, bütün nemətlərdən istifadə edirdilər. Təəssüf ki, Ermənistanda hakimiyyətə gələn millətçi qüvvələr ölkəmizə qarşı məkrli, rəzil müharibəyə başladılar. Onilliklər ərzində çörəyini yedikləri Azərbaycan xalqına qarşı müstəsna naşükürlük göstərdilər. Bu müharibə nəticəsində bizim ərazilərimiz işğal altına düşdü, vətəndaşlarımız öz doğma ocaqlarını tərk etməyə məcbur oldular. Azərbaycanlılar doğma yurdlarından, tarixi torpaqlarından qovuldular. İndi bu torpaqlar işğal altındadır. Ərazilərimizin 20 faizi işğal olunub. Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq bu işğal davam edir. Buna görə də mən deyəndə ki, beynəlxalq təşkilatların qərarları kimliyindən asılı olmayaraq hamı tərəfindən yerinə yetirilməlidir, məhz beynəlxalq hüquqa riayət olunmasını nəzərdə tuturam. Bəs əslində necə olur? Bəzi hallarda Təhlükəsizlik Şurasının qərarları bir gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə artıq 22 ildir ki, yerinə yetirilmir.

BMT Təhlükəsizlik Şurası dünya birliyinin ali orqanıdır. O, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar yerinə yetirilmir. Ermənistana qarşı da heç bir sanksiyalar, beynəlxalq qınaq irəli sürülmür. Münaqişənin indiyədək nizama salınmamasının səbəbi də elə budur. Digər beynəlxalq təşkilatlar da bu münaqişə ilə əlaqədar beynəlxalq hüquqa əsaslanan öz prinsipial mövqelərini bildiriblər, lakin görünür, bu, kifayət deyil.

Amma Azərbaycan öz iqtisadi, hərbi, siyasi potensialını gücləndirəcək. Biz, əlbəttə, öz əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndiyə qayıdacağıq, əvvəlki kimi orada yaşayacağıq, nə dağılıbsa bərpa edəcəyik və ölkəmizin layiqli gələcəyini təmin edəcəyik”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.