Skarlatake: "Növbəti turlarda daha diqqətli olacağam ki, bu hal bir daha təkrarlanmasın" MÜSAHİBƏ

20-10-2015, 21:40   

"İnanıram ki, azarkeşlərin çoxluğu gənc futbolçularımıza təsir etməyəcək"

"Xəzər Lənkəran"ın müdafiəçisi Adrian Skarlatakenin Sportal.az-a müsahibəsi:

- AZAL-ı doğma meydanda məğlub edərək mövsümün ikinci qələbəsini qazandınız…
- Bizim üçün bu oyunda 3 xal qazanamaq çox vacib idi. İlk hissədə elə də yaxşı oyun göstərə bilmədik, ancaq ikinci hissə toparlandıq və ardıcıl 2 qol vurduq. Bu qarşılaşmada qələbəyə layiq olan biz idik.

- Ötən tur “Qəbələ”yə 6:0 hesablı məğlubiyyətdən sonra bu oyuna konsantrasiya olmaq çətin olmadı?
- Əlbəttə, belə böyükhesablı məğlubiyyətdən sonra bu oyuna köklənmək çox çətindir. Baxmayaraq ki, “Xəzər Lənkəran” hazırda yaxşı vəziyyətdə deyil, lakin baş məşqçimiz Yunis Hüseynov gənc futbolçulara onların böyük komandada oynadığını başa salır və oyunlara motivasiya edir. Hazırda hər bir rəqiblə oyun bizim üçün çətindir, qışa qədər maksimum xal toplamağa çalışacağıq.

- Növbəti turda “Kəpəz”lə səfərdə qarşılaşacaqsınız. Gənc futbolçularla 20 mindən çox azarkeşin önündə oynamaq nə qədər çətin olacaq?
- Mənim üçün çox azarkeşin qarşısında oynamaq daha yaxşıdır. İnanıram ki, azarkeşlərin çoxluğu gənc futbolçularımıza təsir etməyəcək. Rəqibimiz son iki oyunda qalib gəlir, bizi ağır səfər oyunu gözləyir, amma Gəncəyə xal qazanmağa gedəcəyik.

- Son zamanlar mətbuatda ən çox müzakirə olunan məsələlərdən biri də komandada maliyyə problemlərinin olmasıdır…
- Fikrimcə, artıq komandada maliyyə problemlərinin olduğunu hamı bilir.İnanıram ki, bu problemlər tezliklə həll olunacaq, belə şərtlərdə oynamaq bizə də çətinlik yaradır.Rəhbərlikdən də deyilib ki, qısa müddətdə bu məsələ öz həllini tapacaq.

- Ötən turlarda ardıcıl iki oyunda qırmızı vərəqə ilə yadda qaldın. Bir təcrübəli futbolçu üçün 2 oyunda qırmızı vərəqə almaq nə qədər doğrudur?
- Əlbəttə, heç yaxşı hal deyil. 10 illik karyeramda əvvəl cəmi 2 dəfə qırmızı vərəqə almışdım. Hakim hər iki qırmızı vərəqəni asanlıqla verdi, lakin bu bəhanə deyil. Qəbul edirəm ki, bu, mənim səhvimdir. Növbəti turlarda daha da diqqətli olacağam ki, bu hal bir daha təkrarlanmasın.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.