"Şimali İspaniyadakı kəndin adının "yəhudiləri öldürün" mənasına gələn ikinci hissəsinin dəyişdirilməsi ilə bağlı səsvermə keçiriləcək. Bu barədə "Independent" xəbər portalı məlumat verir. "Castrillo Matajudios" kəndinin adındakı "Matajudios" sözünü "yəhudiləri öldürün" kimi yozan kəndin 60 sakini mer Lorenzo Rodriqezlə (Lorenzo Rodriguez) razılaşdıqdan sonra gələn həftə kəndin adının dəyişdirilməsi ilə bağlı görüşəcəklər. Rodriqez kəndin adının "Castrillo Mota de Judios", yəni "Castrillo yəhudiləri yüksəkliyi" olmasını təklif etmişdi. Belə güman olunur ki, kəndin adı əslində belə olub. Sonralar İspaniyada inkvizisiya zamanı dəyişərək "Castrillo Matajudios" adlandırılıb. Əvvəllər də adın dəyişdirilməsi haqqında söhbət gedirdi, lakin indiki kimi ciddi təklif verilməmişdi. "Bir səs üstünlüklə də olsa, əksəriyyətin qərarına hörmət olunacaq", - mer Rodriqez "Diario de Burgos" yerli ispan gündəlik qəzetinə bildirib. Rodriqezin dediyinə görə, kəndin indiki adı 1035-ci ildə Kastroheris (Castrojeriz) adlanan yerdə yəhudilərin soyqırımı zamanı sağ qalanların "Castrillo" dərəsinə yerləşməsi ilə yaranıb. Həmin yerdə ikinci dəfə 1109-cu ildə soyqırım olub. Şimali İspaniyada limonad və spirtli içkilər adətən "Matajudios" adlanır: "matar Judios", yəni "yəhudiləri öldürün". Bu içkilər xüsusilə Pasxa bayramında şənliklərdə istehlak olunur. Castrillo Matajudios yaxınlığındakı Leon kəndində hər il "Böyük Cümə"də keçirilən "matar Judios" tədbirində 40000 qallona yaxın limonad satılır. Belə güman olunur ki, kəndin adının yaranması orta əsrlərdə Pasxa bayramı ərəfəsində yəhudi əsilli insanların açıq məhkəmələrdə camaatın gözü qarşısında edam olunması ilə bağlıdır.