Nüşrəvan Səfərov: Bakıda ən xarakterik yol qəzası piyadaların nəqliyyat vasitələri tərəfindən vurulmasıdır

21-04-2014, 10:55   
Nüşrəvan Səfərov: Bakıda ən xarakterik yol qəzası piyadaların nəqliyyat vasitələri tərəfindən vurulmasıdır
Bakıda ən xarakterik yol qəzası piyadaların nəqliyyat vasitələri tərəfindən vurulmasıdır. Bu, ümumi hadisələrin 52%-ni, yəni yarıdan çoxunu təşkil edir. Bunu anaxeber.info-a açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi polkovnik Nüşrəvan Səfərov bildirib. N.Səfərov deyib ki, hadisələr bir çox hallarda piyadaların günahı ucbatından baş verir: "Piyadalar yeraltı, yerüstü keçid olan yerdən keçmək əvəzinə qanunla müəyyən olunmamış yerlərdən keçirlər ki, bu da nəticədə xoşagəlməz hadisələrə səbəb olur. Bu hadisələrin qarşısını müəyyən qədər almaq olar. Tərəfimizdən müəyyən profilaktik, eləcə də inzibati tədbirlər görülür. Qeyd etməliyik ki, bu sahədə hələ çox müsbət nəticə əldə olunmayıb". Onun sözlərinə görə, əgər vətəndaş kiminsə yolu müəyyən olunmamış yerdən keçdiyini görürsə, bunun üçün yol polisinin gəlməsini gözləmək lazım deyil: "O, həmin şəxsə iradını bildirməlidir ki, yaxınlıqda keçid var, oradan keçmək lazımdır". N.Səfərov, həmçinin bildirib ki, təhlillərə görə, təcrübəli sürücülər riskə daha meyilli olurlar: "Təcrübəsiz sürücü yenə də haradasa avtomobili ehtiyatla sürür. Ancaq özünə arxayınlıq bəzən xoşagəlməz hadisələrə gətirib çıxarır". Onun sözlərinə görə, Bakı şəhərində 700 mindən çox nəqliyyat vasitəsi qeydə alınıb, respublikada olan digər nəqliyyat vasitələrinin bir hissəsi burada istismar olunur, buna baxmayaraq, görülən tədbirlər bu ilin I rübü ərzində yol-nəqliyyat hadisələrinin azalmasına gətirib çıxarıb: "Ötən illə müqayisədə 3 göstərici üzrə - həm hadisələrin, həm ölənlərin, həm də xəsarət alanların sayında azalma müşahidə olunub. Görülən tədbirlər, yol infrastrukturunun təkmilləşdirilməsi də buna öz təsirini göstərib". Qeyd edək ki, bu ilin ilk rübü ərzində Bakıda 199 yol qəzası baş verib. Hadisələr zamanı 61 nəfər ölüb, 193 nəfər yaralanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hadisələr 22, ölüm 19, yaralanma 18 fakt azalıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.