Prezident İlham Əliyev bu gün Neftçala rayonuna səfərini başa çatdırdıqdan sonra əsaslı şəkildə yenidən qurulmuş Tağıyev-Sahil avtomobil yolunun açılışında iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov Tağıyev-Sahil avtomobil yolunun bərpası layihəsi əsasında görülən işlər barədə prezident İlham Əliyevə məlumat verib. Qeyd edilib ki, ümumi uzunluğu 42 kilometrə yaxın olan yolun tikinti-quraşdırma işləri Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında bağlanmış Saziş çərçivəsində maliyyələşdirilib.
İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, eni 15 metr olan yolun uzunluğu qovşaqlar da daxil olmaqla 48 kilometrdir. Avtomobil yolunun bərpasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunub.
Dövlət başçısı Tağıyev-Sahil avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib. Daha sonra İlham Əliyev sükan arxasına keçərək yenidən qurulmuş yolda avtomobili idarə edib.
Sonra prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri (9-10 kilometr) hissəsinin yenidən qurulması, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometrlik hissəsinin genişləndirilməsi, yeni körpülərin inşası və mövcud körpülərin yenidən qurulması, Bakı Stend Atıcılığı İdman Kompleksi avtomobil yolunun və Bakı dairəvi yolla birləşmə layihələri ilə tanış olmaq üçün Biləcəri qəsəbəsinin ərazisinə gəlib.
Nəqliyyat naziri Ziya Məmmədov əvvəlcə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsinin yenidən qurulması layihəsi əsasında dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, 1,5 kilometrlik yolun hərəkət hissəsi 8 zolaqlı olacaq. Asfalt-beton işlərinin aparılması üçün hazırlıq tədbirləri görülür.
Layihə həyata keçirildikdən sonra respublikanın şimal-qərb bölgəsindən Bakıya, eləcə də Lökbatan-Xocasən istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Şamaxı-Yevlax və Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yollarına çıxışı asanlaşacaq.
Sonra Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometrlik hissəsinin genişləndirilməsi, yeni körpülərin inşası və mövcud körpülərin yenidən qurulması layihəsi əsasında görülən işlər barədə dövlət başçısına məlumat verilib.
Daha sonra Bakı Stend Atıcılığı İdman Kompleksi avtomobil yolunun və Bakı dairəvi yolla birləşmə layihəsi barədə məlumat verilib. Bildirilib ki, 1,4 kilometr uzunluğu olan Bakı Stend Atıcılığı İdman Kompleksi avtomobil yolu və bir kilometrlik Bakı dairəvi yolla birləşmə yolu ən müasir standartlara uyğun şəkildə inşa ediləcək. Bakı dairəvi yolla birləşmə yolunda eni 9, uzunluğu 230 metr olan yeni körpünün inşası da nəzərdə tutulur. Layihələrlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlar verib.