Azərbaycan hesab edir ki, Ermənistan bu gün Astanada təsis olunan Avrasiya İttifaqına üzv ola bilər. Ancaq Ümumdünya Ticarət Təşkilatına daxil olduğu sərhədlər çərçivəsində...
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev məlumat verib.
Ermənistan 2003-cü ildə Ümumdünya Ticarət Təşkilatına daxil olaraq bu təşkilatın 145-ci üzvünə çevrilib. Azərbaycan o vaxt Ermənistanın ancaq BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində bu təşkilata üzvlüyünə razılıq verib.
“Biz Azərbaycan prezidentindən məktub almışıq ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına üzvlüyün ancaq Ermənistanın BMT tərəfindən tanınmış ərazilərinə aid olduğu barədə xüsusi şərtlə bu təşkilata üzv olub. Bu, müzakirə üçündür” - deyə Nazarbayev bildirib.
Xatırladaq ki, Astana toplantısında iştirak edən Serj Sərkisyan Ermənistanın Avrasiya İttifaqına iyunun 15-də qoşulacağını elan edib, ittifaqın təsisçilərindən bu günün rəsmiləşdirilməsini xahiş edib.
* * * 13:34
Ermənistan İttifaqa iyunun 15-də qoşulacaq
Rusiya, Qazaxıstan və Belarus prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko mayın 29-da Qazaxıstanın Astana şəhərində Avrasiya İqtisadi İttifaqının yaradılması haqda saziş imzalayıblar.
Virtualaz.org xəbər verir ki, müqavilə hər üç dövlətin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.
Yeri gəlmişkən, Ermənistan prezidenti Serj Sərkisyan Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında çıxış edib.
Sərkisyan deyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına iyunun 15-də qoşulmaq niyyətindədir. O, iclasda Rusiya, Qazaxıstan və Belarus prezidentlərinə - Avrasiya İqtisadi İttifaqının təsisçilərinə üz tutaraq iyunun 15-ni Ermənistanın bu ittifaqa qoşulacağı, müqaviləni imzalayacağı gün kimi rəsmiləşdirməyi xahiş edib.
* * * 12:20
Bu gün Astanada Qazaxıstan, Belarus və Rusiya prezidentləri üç ölkə arasında mövcud olan Gömrük İttifaqını daha dərin iqtisadi-siyasi inteqrasiya formatına-Avrasiya İttifaqına çevirmək üçün bir araya gəliblər.
Qərbdə “yeni SSRİ” də adlandırılan Avrasiya İttifaqını təsis etmək üçün Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Astanaya gedib.
Avrasiya İttifaqı Putinin ideyası kimi qəbul olunsa da keçmiş sovet respublikalarının yeni inteqrasiya modelinin - Gömrük İttifaqının “xaç atası” kimi Nursultan Nazarbayev tanınır. Görünür, bu səbəbdən “yeni SSRİ”nin təsis olunmasını Astanaya təyin ediblər.
Gözlənilir ki, bugünkü toplantıda üç ölkə Avrasiya İttifaqını təsis edəcək. Virtualaz.org saytının da xəbər verdiyi kimi, bu razılaşma Belarus, Qazaxıstan və Rusiya parlamentləri tərəfindən ilin sonuna qədər ratifikasiya olunacaq və Avrasiya İttifaqı 2015-ci il, yanvarın 1-dən etibarən fəaliyyətə başlayacaq.
Astana sammitində həmçinin Ermənistanın bu ittifaqa qoşulmasının hüquqi-normativ bazasının hazırlanması və Qırğızıstanın Gömrük İttifaqına, daha sonrakı mərhələdə isə Avrasiya İttifaqına üzvlüyü məsələsi ilə bağlı müzakirələr aparılacaq.
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sərkisyan da bu sammitə dəvət olunub.
Rusiya Avrasiya İttifaqının sırf iqtisadi inteqrasiya məqsədi daşıdığını təbliğ etsə də əksəriyyət belə düşünür ki, bu layihə Kremlin keçmiş sovet məkanı üzərində hökmranlığını yenidən bərpa etmək cəhdlərindən biridir və onun arxasında iqtisadiyyat yox, Moskvanın siyasi ambisiyaları dayanır.
“Tamamilə aydındır ki, bu, siyasi layihədir. İqtisadiyyat burada tamamilə dumanlıdır” - deyə Avropa Təhlükəsizlik İnstitutunun baş analitiki Nik Popesku deyir.
“Rusiya özünü qlobal miqyasda siyasi və geosiyasi qütblərdən biri kimi görür və onun keçmiş sovet məkanında özünə müttəfiqlər axtarması təkcə iqtisadiyyatla bağlı deyil. Rusiya şübhəsiz ki, bu ölkələr üzərində iqtisadi təsirə malik olmaq istəyir. Ancaq bu, baş verəndən sonra Rusiyanın strateji və siyasi səyləri bu ittifaqın iqtisadi tərəflərini kölgədə qoyacaq” - Nik Popesku əlavə edib.
Bununla belə Ukrayna hadisələri üçlər ittifaqını silkələdiyini də nəzərə almaq lazımdır. Krımın ilhaqından sonra Belarus Avrasiya İttifaqına daha ehtiyatla yanaşmağa başlayıb və hətta bu günlərdə Minskdə keçirilən toplantıda Lukaşenko Avrasiya İttifaqının təsis edilməsini 2025-ci ilə təxirə salmağa çağırmışdı.
Belarus bu ittifaqa qoşulmaq üçün Rusiyadan iqtisadi güzəştlər, o cümlədən neft məhsullarının ixracında vergidən azad olma tələb edir. Söhbət hər il bir neçə milyard dollarlıq vergidən gedir.
Digər tərəfdən, Gömrük İttifaqı 2010-cu ildən fəaliyyət göstərsə də Belarus və Qazaxıstan onun iqtisadi faydalarının istənilən səviyyədə olmadığını görür. Çünki Rusiya Gömrük İttifaqı ölkələrinə öz bazarını kifayət qədər açmayıb. Məsələn, ötən il Rusiya Belarusdan kənd təsərrüfatı texnikasının idxalına məhdudiyyətlər qoymuşdu. Qazaxıstan da Rusiyanın öz bazarlarına açmadığından şikayətlənir.
Ermənistana gəldikdə isə bu ölkənin Gömrük İttifaqına üzvlüyü hələ baş tutmayıb. Ötən ilin payızında Sərkisyan Moskvada bu ittifaqa qoşulmağa razılıq verəndən sonra tərəflər elan etdilər ki, Ermənistanın Gömrük İttifaqına üzvlüyünün hüquqi-normativ bazası tezliklə hazır olacaq.
Lakin bu işlər ləng getdi və Ermənistan Avrasiya İttifaqının təsis olunmasına qədər Gömrük İtttifaqına üzv ola bilmədi.
Ermənistanda şikayətlənirlər ki, Qarabağ məsələsi ölkənin Gömrük İttifaqına üzvlüyünə mane olur. Çünki Azərbaycan Qazaxıstan vasitəsilə Ermənistanın üzvlük prosesini əngəlləyir. Məsələ ondadır ki, Ermənistan Gömrük İtttifaqına üzv olsa, onun Azərbaycanla sərhədlərində də gömrük postu qoyulmalıdır.
Deməli, Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağla sərhəddə gömrük postu yerləşdirərək öz sərhədlərini Qarabağ separatçılarına faktiki bağlamalı olacaq. Çünki Gömrük İttifaqı ölkələri ittifaqın sərhədlərinin Ermənistanın işğal altında saxladığı əraziləri də əhatə etməsini tanıya bilməz. Ermənistan isə israr edir ki, Qarabağla sərhəddə gömrük postu qoymaq niyyətində deyil.
Qazaxıstan isə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən ölkə kimi İrəvandan bu məsələyə birmənalı aydınlıq gətirilməsini istəyir. Ona görə də Astana sammitində bu məsələ ətrafında gərgin müzakirələrin olacağı gözlənilir.
Amma indidən aydındır ki, Ermənistan Avrasiya İttifaqının təsisçi üzvü ola bilmir və bu ittifaqa sonradan qoşula bilər.