Rusiyalı analitikə görə, işğalçı ölkə olduqca mürəkkəb durumdadır, küncə sıxılıb və bütünlüklə Kremldən asılıdır, onun müstəqil olması qeyri-mümkündür...
İlham Əliyev: “Nə qədər ki, torpaqlarımız işğal altındadır, müharibə bitmiş sayılmayacaq. Ermənistan müharibənin ikinci mərhələsinin başlamasını istəmirsə, işğal etdiyi torpaqlardan xoşluqla çıxsın...”
Azərbaycan-Rusiya hərbi əməkdaşlığına nə Qəbələ RLS-in bağlanması, nə də Ermənistanın Kremlin forpostu olması və Ukrayna olayları təsir göstərmədi. 2011-12-ci illərdə iki ölkə arasında silah satışına dair imzalanan çoxmilyardlıq müqavilələr qüvvədə qaldı və reallaşmada davam edir. Rus hərbi texnikasının sonuncu partiyası - 100 ədəd müasir T-90S tankı da artıq ölkəmizə gətirilib.
Rəsmi İrəvanın gizli-açıq etirazlarına baxmayaraq Moskva bununla bir daha nümayiş etdirmiş oldu ki, ondan ötrü dost-müttəfiq anlayışı mövcud deyil və öz köklü maraqları birinci yerdə gəlir.
Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinin son açıqlaması da eyni qənaəti təsdiqləyir. Səfir erməni jurnalistlərinin bu xüsusda ona ünvanladığı suala cavabında erməni tərəfini məyus edərək bildirib ki, “Azərbaycana hərbi texnikanın satılması yalnızca bir kommersiyadır”. Sitat: “Bu, kommersiya məsələsidir. Burada siyasət yoxdur və belə məsələlərə diqqət kəsilmək lazım deyil. Mən burada heç bir kriminal görmürəm. Dəhşətli heç nə olmayıb. Bizim Ermənistanla da hərbi-texniki əməkdaşlığımız inkişaf edir. Ticarətdir və burada xüsusi bir şey axtarmağa dəyməz”.
Lakin erməniləri bu cavab çətin ki, qane etsin. Hər halda, İrəvan yaxşı başa düşür ki, Rusiyanın müasir döyüş maşınları və sistemlərini Azərbaycana satmasında kommersiya ilə yanaşı, siyasət də var - özü də böyük siyasət. Bu siyasətin bir tərkib hissəsi də odur ki, Ermənistan onsuz da çoxdan Rusiyanın ovcunda olduğundan, sonuncunun Kremlin xarici siyasətinə, o sırada ən həssas məsələ olan hərbi-texniki sferada yürütdüyü siyasətə təsir imkanı yoxdur.
Ermənistan hazırda o dərəcədə Moskvadan asılı durumdadır ki, bu cür məsələlərə etiraz bildirmək cəsarətinə belə sahib deyil. Məhz o səbəbdən işğalçı ölkənin müdafiə naziri Seyran Ohanyan Bakı-Moskva hərbi ticarəti barədə danışarkən öz daxili narazılığını gizlətməsə də bildirib ki, “bu, bizim xoşumuza gəlmir, ancaq ona etiraz eləmək haqqımız da yoxdur”.
***
Rusiya isə Ermənistana əzici, bir az da aşağılayıcı münasibətini davam etdirməkdədir. Belə yanaşmanı Gömrük İttifaqına Ermənistanın Dağlıq Qarabağla birgə daxil olmaq istəyinə şimal qonşumuzun olumlu reaksiya verməməsindən də müşahidə eləməkdəyik.
“Moskva Qarabağ məsələsində Ermənistanı sındıracaq”. Bu sözləri erməni mətbuatına açıqlamasında rusiyalı politoloq və publisist Andrey Piontkovski Ermənistanın Gömrük İttifaqına üzvlüyü məsələsində üzləşdiyi “çətinliklər”ə münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, Kreml və Putin üçün postsovet məkanında istənilən, hətta ən mənasız inteqrasiya layihəsi maraq kəsb edir, çünki bu, “ona imkan verir düşünsün ki, Rusiya hansısa formada SSRİ-ni, öz maraqları ərazisini bərpa edir”.
Politoloqun qənaətincə, Moskva həmçinin Ermənistanın Gömrük İttifaqına, sonralar isə Avrasiya İttifaqına qoşulmasını istəyir: “Göründüyü kimi, İrəvan Kremlin bu marağını anlayır və Dağlıq Qarabağ məsələsi ilə bağlı öz baxışında təkid edir. Ancaq Moskva üçün belə bir addıma getmək çox çətindir, çünki Azərbaycanla münasibətləri korlamaq istəmir. Rusiya hər iki ölkə üzərində nəzarətini saxlamağa çalışır. Deməli, Moskva yekun etibarilə, hər halda, Gömrük İttifaqı məsələsində İrəvanı da öz şərtləri əsasında ram edəcək”.
Ekspertin fikrincə, Kreml dondurulmuş münaqişədən istifadə edərək Azərbaycana və Ermənistana münasibətdə elə siyasət yürütməyə çalışır ki, tərəflərdən heç biri üstünlük əldə etməsin: “Odur ki, Ermənistanla Dağlıq Qarabağın Gömrük İttifaqında vahid məkan kimi daxil olmasına Rusiyanın razı olacağını güman eləmirəm. Bu, Bakı ilə münasibətləri kəskin şəkildə pisləşdirərdi, hətta o səviyyədə pisləşdirərdi ki, Moskva Azərbaycanda öz təsirini tamamilə itirə bilər. İrəvan Rusiyaya müqavimət göstərmək və öz şərtlərini yeritmək gücündə deyil. Moskvaya isə öz nüfuzu üçün Gömrük İttifaqında daha çox dövlətin olması sərfdir. Elə bundan ötrü də o, təzyiq üsullarından yararlanır. Kreml İrəvana münasibətdə istəyinə nail olacaq, çünki Ermənistan olduqca mürəkkəb duruma düşüb. O, küncə salınıb və bütünlüklə Rusiyadan asılıdır. Ermənistanın azadlıq və müstəqillik əldə eləməsi çətin olacaq...”
***
Maraqlıdır ki, 28 May Cümhuriyyət Günü ilə bağlı Rusiya prezidenti Vladimir Putinin prezident İlham Əliyevə göndərdiyi budəfəki təbrik məktubu öz məzmunu və tonu etibarilə Moskvanın Ermənistana və Azərbaycana verdiyi fərqli dəyəri kifayət qədər aydın ortaya qoyur. Hər halda, Putinin eyni gündə analoji bayramı qeyd edən Ermənistan rəhbərliyinə oxşar məzmunda, xoş sözlərlə zəngin təbriki olmayıb.
Putinin məktubunda deyilir: “Dost Azərbaycan quruculuq yolu ilə inamla irəliləyir. Onun nüfuzu beynəlxalq aləmdə durmadan möhkəmlənir. Rusiya-Azərbaycan münasibətlərinin mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə söykənən müsbət dinamikası bizim strateji tərəfdaşlığımızın möhkəm olduğunu təsdiq edir. Əminəm ki, bizim istər ikitərəfli əsasda, istərsə də MDB-nin inteqrasiya mexanizmləri çərçivəsində sıx qarşılıqlı fəaliyyətimiz ölkələrimizin xalqlarının rifahı, həmçinin qlobal və regional təhlükəsizliyin və sabitliyin təmin olunması naminə bundan sonra da inkişaf edəcək. Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına xoşbəxtlik, uğurlar və firavanlıq arzulayıram”.
Məktubdakı belə bir ton Kremlin İrəvana əlahiddə üstünlük tanıdığına dəlalət eləməməklə yanaşı, sətiraltı olaraq Azərbaycanın regionda oynadığı həlledici rolun bir etirafı hesab edilə bilər...
***
Söz düşmüşkən, İlham Əliyev Respublika Günü ilə bağlı nitqində bir daha işğal probleminə, Ermənistanın sosial-iqtisadi durumuna toxunub. Ölkə başçısı təəssüflə qeyd edib ki, Minsk Qrupunun 20 ildən artıq fəaliyyətinə baxmayaraq, məsələnin həllində hələ də irəliləyiş yoxdur və bunu da Ermənistanın status-kvonu saxlamaq istəməsi ilə bağlayıb: “Baxmayaraq ki, həmsədr ölkələrin dövlət başçıları status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bəyan ediblər, Ermənistan buna məhəl qoymur.
Bu səbəbdən məsələ həllini tapmır. Ancaq münaqişənin həlli üçün artıq bütün lazımi diplomatik və hüquqi əsaslar qoyulub. Münaqişə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapa bilər. Beynəlxalq hüquq isə bizim mövqeyimizi müdafiə edir. Ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü mübahisə mövzusu deyil. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmayıb və olmayacaq. Münaqişə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında öz həllini tapmalıdır. Başqa həll variantı yoxdur. Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar. İkinci erməni dövləti olmayacaq”.
Prezident Ermənistanın bundan sonra da mümkün qədər təcrid vəziyyətində saxlanılacağını deyib: “Halbuki indi tam təcrid deyil və onun digər ölkələrlə qapıları açıqdır. Ancaq biz Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bunun nəticəsində Ermənistandan kütləvi köç müşahidə olunur. Onların statistik məlumatlarına görə, ölkədən hər il 80-90 min insan həmişəlik gedir və gedəcək. Nə qədər ki, Ermənistanın rəhbərliyində kriminal, korrupsiyalaşmış diktatura rejimi var, o qədər də tez Ermənistanın vəziyyəti daha ağır olacaq. Ona görə əgər erməni xalqı qonşularla mehribanlıq şəraitində yaşamaq istəyirsə, ilk növbədə, kriminal, qaniçən, qanunsuz rejimdən imtina etməlidir, onları tarixin arxivinə göndərməlidir. Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır ki, bir qədər nəfəs ala bilsin. Əks təqdirdə, bu ölkənin taleyi çox qaranlıq olacaq”.
Ölkə başçısı daha sonra Azərbaycanın heç vaxt indiki vəziyyətlə barışmayacağını qeyd edib: “Orduya daha böyük dəstək veriləcək, daha çox vəsait ayrılacaq. Bu gün dünyada və bölgədə gedən proseslər bir daha onu göstərir ki, ordu quruculuğuna ayrılan böyük diqqət bizim müstəqilliyimizin əsasıdır. Biz gələcək illərdə hərbi potensialımızın gücləndirilməsi üçün nə qədər lazımsa, o qədər vəsait ayıracağıq, ən müasir texnika alınır və alınacaq. Azərbaycan Ordusu dünya miqyasında texniki təchizat baxımından güclü ordular sırasındadır. Ordu quruculuğunda, orduda gedən islahatlar bizim döyüş qabiliyyətimizi artırır, silahlı qüvvələrdə nizam-intizam möhkəmlənir, struktur islahatları aparılır, təmas xəttində əlavə işlər görülür və görüləcək.
Biz həmsədr ölkələrdən etimad tədbirləri haqqında dəfələrlə eşidirik. Ən gözəl etimad tədbiri erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasıdır. Nə qədər ki, torpaqlarımız işğal altındadır, müharibə bitmiş hesab oluna bilməz. Mən dəfələrlə demişəm ki, müharibə davam edir. Müharibənin birinci mərhələsi başa çatıb. Ermənistan istəmirsə ki, ikinci mərhələ başlasın, onda düzgün nəticə çıxarsın, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın. Bəlkə o vaxt gələcəkdə müstəqil erməni dövləti xəritədə qala bilər. Əslində bu gün də erməni dövlətini müstəqil adlandırmaq olmaz. Biz bundan sonra da münaqişənin həlli işində prinsipial mövqeyimizdən dönməyəcəyik və bütün imkanlardan istifadə edib Ermənistanı işğalçı, kriminal ölkə kimi ifşa edəcəyik”.
/Musavat.com/