Xalq artisti xəstə nəvəsindən imtina etdi Xalq artisti Tariyel Qasımovun nəvəsi Fariz Kərimlinin vəziyyəti ağırdır
Xəstəliyi ilə əlaqədar F.Kərimli sosial şəbəkə istifadəçilərindən kömək istəyib: “Mən Tariyel Qasımovun nəvəsiyəm. Babamla bizim münasibətimiz yoxdur. O mənə nəinki indi, illərlə heç bir köməklik göstərməyib. Yalvarıram mənə kömək edin”.
Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Tariyel Qasımov aznews.az-a açıqlamasında bildirib ki, F.Kərimov 2 yaşında xəstələnib: “Mən 10 yaşına kimi onun sağlamlığı uğrunda mübarizə apardım, bütün qazancımı xəstəxanalara tökdüm. Axırda həkim mənə dedi ki, Tariyel müəllim, bu, sağalmayan xəstəlikdir. Cibinizin pulunu dağıtmayın. Bu uşaq nə qədər yaşasa, xəstəlik olunla gedəcək. Professor adamdır, niyə yalan desin ki. Ondan sonra daha mən Farizin yolunda pul xərcləmədim. Onlar bundan əvvəl də mənim adımdan istifadə edib. Çıxdılar televizora, pulları yığdılar, getdilər orda-burda xərcləyib, gəldilər”.
T.Qasımov vurğulayıb ki, qızı ilə münasibətləri illər öncə qırılıb: “Qızım yoldaşından ayrılıb, mənimlə bir yerdə deyil, ayrı yaşayır. Mənim nəyimə lazımdır? Mən qızımı görmürəm, ünsiyyətim də yoxdur. Bu üzdən də mənim adımı ortaya salıblar. Farizin atası, əmiləri çox imkanlıdır, onlar mənim kimi 10 Xalq artistini saxlayar. İndi də onlar xərcləsin, mən baba kimi borcumdan çıxmışam. Qəsdən mənim adımı hallandırırlar. Kimsə mənim paxıllığımı çəkir, istəyir ki, məni dilə-dişə salsın. Amma burada mənlik məsələ yoxdur”.