Ötən həftə iyulun 5-də mərhum müğənni İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun vərəsəlik ilə bağlı məhkəməsi keçirilib. Lakin məhkəmə müəyyən səbəblərdən təxirə salınıb.
Bu barədə O.Nadirovun vəkili Habil Vəliyev “Yeni Müsavat”a açıqlamasında bildirib.
Vəkil məhkəmənin təxirə salınma səbəbinə bu cür aydınlıq gətirib: “Orxan Nadirovun övladlığa tanıma ilə bağlı məhkəmə gedir. Lakin budəfəki məhkəmə müəyyən səbəblərdən təxirə salındı. Müəyyən işlər, araşdırılmalı məsələlər var. Övladlığa tanınma yekunlaşmalıdır ki, miras haqqında iddia qaldırılsın. Biz sübutları təqdim edirik, hər şey qanuni şəkildə gedir. İlhamə xanım həmişə onu övladı kimi təqdim edirdi. Dövlətin adından da danışan şəxslər dəfn zamanı Orxan Nadirovu İlhamə xanımın oğlu kimi təqdim etdilər. Uzun müddət İlhamə xanımı tanımışam, onun nümayəndəsi olmuşam, indi də Orxan bəyin nümayəndəsiyəm. Mən hər şeyin şahidi olmuşam”.
“İlhamə Quliyeva niyə zamanında Orxan Nadirovu rəsmi surətdə oğulluğa götürmək istəməyib” sualımıza vəkil bu cür cavab verdi: “Mənim bu cür məsələlərə qarışmaq ixtiyarım varmı? Belə işlərə qarışmazdım və bunu soruşmaq etik qaydalara da uyğun gəlməzdi. Soruşa bilməzdim ki, Orxan həqiqətən sizin övladınızdır?”.
Vəkil mərhum müğənninin bacısı Gülbahar Quliyevanın onun barəsində səsləndirdiyi kəskin iradlara da münasibət bildirib: “Bir cümlə belə onların haqqında danışmaq istəmirəm. İlhamə xanım da Gülbahar xanım haqqında vaxtilə efirdə deyib. Girin internet resuslarına görün, onun barəsində nə deyib. Onun cavabını İlhamə xanım vaxtilə sağlığında vermişdi. Hamı bilir axı bunu. Ümumiyyətlə, İlhamə xanım vaxtilə hamıya öz sözünü demişdi”.
Xalidə Gəray
Musavat.com