“Rusiyanın Ermənistana yeni AES-in tikintisi ilə bağlı cavabı mənfi olub”.
Bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat AES-in tikilməyəcəyi ilə bağlı razılığın Əliyevlə Putin arasında qəbul olunduğunu bildirib:
“Rusiya Ermənistana yeni AES-in tikintisi ilə bağlı konkret cavabını bu gün verdi. Cavab çox sadədir. Yeni Atom Elektrik Stansiyası tikilməyəcək. Buna cavab əslində çoxdan verilmişdi. Ovik Abramyanın bugünkü görüşü isə əsas amil oldu. 2011-ci ildə Fransa Prezidenti Nikola Sarkozi Ermənistanda AES-in tikintisində maraqlı olduğunu bildirsə də, bu alınmadı. Səbəb aydın idi. Rusiyanın maraqlarına bu sövdələşmə sərf etmirdi. Əvəzində isə Türkiyədə 20 milyard dəyərində yeni AES tikdiyini bəyan etmişdi. Bu qadağada isə ən vacib rol Türkiyə və Azərbaycan tərəfindən oynanılır. Görünür, Rusiyanın Azərbaycanla nədəsə artıq ortaq marağı var. İlham Əliyev Putinlə razılığa gəlib. Bu razılıq artıq yavaş-yavaş özünü hər şeydə büruzə verir. Biz yaxın müddətdə müxtəlif görüş və razılaşmalarda hər şeyi aydın müşahidə edəcəyik. Qarabağın Azərbaycana verilməsi və Ermənistanın taleyi üçün bu, mühüm rol oynayır. Belə ki, hər tərəfdən çarəsiz qalan Ermənistan ən sonda ya müstəqilliyini, ya da Qarabağı vermək məcburiyyətində qalacaq. Görünür, artıq “Metsamor”un da ömrünə çox qalmayıb”.
Qeyd edək ki, bu gün Ermənistanın və Rusiyanın baş nazirləri görüş keçiriblər. Ovik Abramyan və Dmitri Medvedyevin görüşündə Metsamor AES-ə 300 milyon dollar pul ayrılması barədə razılıq əldə olunub.