Raqub Məmmədov: “Yeni təyinat mənim üçün gözlənilməz bir sürpriz oldu”
Xəbər verildiyi kimi, aprelin 16-da ölkə başçısının sərəncamı ilə Raqub Allahverdi oğlu Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ertəsi gün Prezident Administrasiyası rəhbərinin müavini - Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin sədrlik etdiyi iclasda yeni başçı rayon ictimaiyyətinə təqdim edilib.
Vaxtının məhdud olmasına baxmayaraq, Raqub Məmmədov «Həftə içi»nin suallarını cavablandırıb:
TANITIM
Raqub Məmmədov 1961-ci ildə Ağdam rayonu Xıdırlı kəndində anadan olub. Xıdırlı kənd orta məktəbini bitirdikdən sonra 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub. 1983-1986-cı illərdə Ağdam Rayon «İnqilab» üzümçülük sovxozunda mühəndis kimi əmək fəaliyyətinə başlayıb. 1986-1987-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində ikinci katib, 1987-1991-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində birinci katib, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində işləyib. 1993-2014-çü illərdə milli təhlükəsizlik orqanlarında xidmət edib. Ağdam RİH-in başçısı vəzifəsinə təyin edilməmişdən əvvəl Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsində çalışıb. Heç bir siyasi partiyanın üzvü deyil. Ailəlidir, 3 övladı, 2 nəvəsi var.
- İcra başçısı vəzifəsinə təyin olunacağınızı əvvəlcədən bilirdinizmi?
- Xeyr, qətiyyən. Dövlət başçısı sərəncam imzalayana qədər bundan xəbərim olmayıb. Mənə bu xəbəri sərəncam imzalanan gün dedilər. Sözün açığı, yeni təyinat mənim üçün gözlənilməz bir sürpriz oldu. Bu etimada görə ölkə prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu vəzifədə olduğum müddətdə dövlət başçısının mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam. Bilirsiniz ki, Ağdam rayonu cəbhə bölgəsində yerləşir. Rayon əhalisinin yarıdan çoxu məcburi köçkündür. Rayonun müəyyən hissəsi ermənilər tərəfindən işğal edilib. Bütün bunlar rayonun sosial-iqtisadi inkişafını əngəlləyən səbəblərdən biridir. Bütün bunlara baxmayaraq, biz Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, rayon əhalisinin sosial-rifahının daha da yüksəldilməsi və digər məsələlərin həlli üçün əlimizdən gələni əsirgəməyəcəyik. Ağdam rayonunun inkişafına yerli ziyalı potensialının bilik və bacarığının cəlb olunmasına çalışacağıq.
- MTN-nin Tərtər rayon şöbəsinin rəisi vəzifəsindən çıxarılaraq icra başçısı vəzifəsinə təyin edilməyiniz ölkə ictimaiyyətində birmənalı qarşılanmadı. Hətta bu təyinatın yanlış olduğunu iddia edənlər də oldu. Bu məsələyə münasibətiniz necədir?
- İcra başçısı vəzifəsinə təyinatda peşəkarlıq, obyektivlik, işgüzarlıq, prinsipiallıq, təşkilatçılıq, zəhmətkeşlik, idarəetmə qabiliyyəti, bacarıq və digər müsbət xarakterlər mütləq nəzərə alınır. Belə təyinat milli təhlükəsizlik orqanlarında, yaxud başqa sahələrdə işləyənlər üçün də verilə bilər. Əsas məsələ icra başçısının rayonun inkişafı üçün bütün bacarıq və qabiliyyətini ortaya qoymasından, rayon əhalisinin firavanlığı və xoş günlər görməsi, eləcə də vətəndaşların sosial problemlərinin həlli üçün gecə-gündüz çalışmasından və digər işlərdən asılıdır. Şübhəsiz ki, ölkə prezidenti İlham Əliyev Ağdam rayonu və rayon əhalisi üçün böyük işlər görəcəyimə inandığı üçün mənə etimad göstərərək məni icra başçısı təyin edib. İnşallah, zaman-zaman görəcəyimiz işlərlə, həyata keçirəcəyimiz məqsədyönlü tədbirlərlə və əldə edəcəyimiz uğurlu nəticələrlə dövlət başçısının etimadını doğruldacağıq.