Dünən redaksiyamızda olan bir qrup Kəlbəcər rayon sakini (A.Hüseynov, Z.Rəhmimov və başqaları) ölkə prezidenti cənab İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə, həmçinin Baş Prokuror cənab Zakir Qaralova, milli təhlükəsizlik naziri cənab Eldar Mahmudova, surəti «Təzadlar» qəzeti redaksiyasına ünvanlı müraciətlərini təqdim etdilər.
Aşağıda sensasiyalı faktlarda dolu müraciəti ixtisarla təqdim edirik (Redaksiya dünən qarşı tərəf-barəsində ciddi sənədlərlə ittihamlar səsləndirilən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədova dəfələrlə zəng etsək də telefon əlaqəsi yaradıb mövqeyini öyrənə bilmədik. Cəhdimiz davam edir və hörmətli RİH başçısının da mövqeyini təqdim etməyə hazırıq):
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə!
Baş Prokuror cənab Zakir Qaralova!
Milli təhlükəsizlik naziri cənab Eldar Mahmudova!
Surəti: «Təzadlar» qəzeti redaksiyasına!
Çox hörmətli cənab Prezident!
Biz-Kəlbəcər rayon sakinləri, yazaraq bildiririk ki, Kəlbəcərin 2013-2014-cü illərdə acı taleyindən, həmçinin bəzi rəhbər işçilər, o cümlədən rayonun deputatı, icra başçısı, maliyyə və təhsil şöbəsinin rəhbərləri, digər rəhbər işçiləri tərəfindən rayon sakinlərinin necə istismara, təzyiqə məruz qalmasını, kəlbəcərlilərə nələr edildiyini bilməyiniz üçün baş verənlərin cuzi bir hissəsini biz ziyalılar, əmək adamları tərəfindən Sizə çatdırmağı özümüzə mənəvi borc bildik. Bu zülmün məhz Kəlbəcərin icra başçısı olmuş Əvəz Şükürovdan sonra baş verdiyini hamı bilir.
Dünyada, bəlkə də ən axırıncı peşə süpürgəçilikdir. Təsəvvür edin ki, ildə 2 aylıq məktəbin texniki işçilərinin əmək haqqını yığıb icra başçısı, rayon maliyyə şöbəsinin müdiri, büdcənin rəisi, təhsil şöbəsinin müdiri öz aralarında müəyyən faizlər şəklində bölüşürürlər. 200 dollara xaçpərəstliyi qəbul etdiyi bildirilən (bütün rayon bu məsələnin mahiyyətini gözəl bilir) rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov vəzifəyə təyin olunandan sonra Prezident Administrasiyasını aldadaraq Göygöl rayon vətəndaşı ola-ola, Göygöldə işləməsinə baxmayaraq, guya əvvəllər Kəlbəcər rayon İcra Hakimiyyətində işləməsi barədə arayış təqdim etmişdir. Dövlətin rəhbər işçilərini aldadan icra başçısı sadə camaata neyləməlidir ki?! Camaatın arasında “qoy əmim gəlsin” kimi idarəetmə mexanizmi ilə işləyən bir şəxs rayona necə rəhbərlik edə bilər? Belə ki, Aqil Məmmədov indiyə kimi dediklərimizi və bundan sonra deyəcəklərimizin hamısını əhali arasında gördüklərimiz, şahidi olduqlarımız hadisələrdən qaynaqlanır.
Cənab Prezident!
Təsəvvür edin ki, indi hamı Kəlbəcər rayonunda mövcud vəzifələrə yalnız rayonun Ağdaban kəndindən olan adamların təyin edildiyini görərək, bəzən rayonunun adının «Ağdaban rayonu» qoyulmasını təklif edirlər… Aqil Məmmədov açıq şəkildə isə Milli Məclisin deputatı Cavid Qurbanovun əmisi oğlu olduğunu bildirərək hər bir qanunsuz işi də onun tapşırığı ilə etdiyini deyir. Amma biz kəlbəcərlilər inanmırıq ki, Cavid Qurbanov kimi dövləti vəzifə tutan, ictimai diqqətdə olan bir geniş dünyagörüşlü şəxs belə qanunsuzluqlara rəvac versin. Amma biz tam əminik ki, Cavid Qurbanovun Kəlbəcərin deputatı kimi, baş verənlərdən, yəni Aqil məmmədovun onun adından sui-istifadə etməsindən qəti xəbərsizdir. Odur ki, bəzi faktları detallarına kimi təqdim edirik ki, Cavid Qurbanov özünü hamıya onun əmisi oğlu kimi təqdim edən Aqil Məmmədovun nələr əməllər sahibi olduğunu bilsinlər…
«Təzadlar»ın Araşdırma Qrupu