Hüquq müdafiəçiləri - Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənanyarlı və Əvəz Həsənov „Ayna“ qəzetinin əməkdaşı Rauf Mirqədirov haqqında aprelin 21-də Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə əlaqədar 3 ay müddətində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər.
Müraciətdə hüquq müdafiəçiləri uzun illərdir Azərbaycanda jurnalist və ictimai-siyasi fəaliyyət ilə məşğul olan bütün insanları yaxşı tanıdıqlarını qeyd ediblər. R.Miqədirovun 1988-ci ildən başlayan jurnalist fəaliyyətində rus dilli media qrumları arasında araşdırma-jurnalistikanın ən bacarıqlı nümayəndəsi kimi tanıdıqlarını, yazdığı bütün məqalə və təhlillərin Azərbaycanın ərazilərinin Ermənistan Respublikası tərəfindən işğal olunması və bu işğal nəticəsində haqqı pozulan insanların səsinin tanınmasına xidmət etdiyini vurğulayıblar. Onlar Dağlıq Qarabağ münaqişəsi ətrafında informasiya müharibəsinin getdiyi bir dövrdə Azərbaycandan kənarda qələminə hörmət olunan və məqalələrinə istinad olunan çox istedadlı bir jurnalistin vətənə xəyanət maddəsi ilə ittiham olunmasına təəssüfləndiklərini və R.Mirqədirovun belə cinayət törədəcəyinə inanmadıqlarını bildiriblər.
Bununla yanaşı hüquq müdafiəçiləri AR Prezidentindən R.Mirqədirova qarşı işin obyektiv təhqiqatının aparılmasını öz nəzarətinə götürməsini və onun təhlil aparmaq potensialından dövlətimizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı informasiya müharibəsində istifadə etməsində yardımçı olmasını xahiş ediblər.