Azərbaycanlıların qrup şəkilində “O səs Türkiyə”dən uzaqlaşdırılması qalmaqala səbəb olub. Əvvəlcə 3 azərbaycanlı iştirakçının layihədən uzaqlaşdırıldığı barədə məlumat yayılsa da, sonradan onların sayının 5 olduğu məlum olub. Həmin iştirakçılar müğənni Aybəniz Haşımovanın iki tələbəsi, Zülfü Əsədov, Müşfiq Əliyev, müğənni Elza Seyidcahanın tələbəsi olmuş, İtaliyadan yarışmaya qatılan Nofəl Aslanov, İlham Nəzərov və qeyri-adi vokal səsi ilə “O səs Türkiyə”nin münsiflərini heyran qoyan Gülşən İbadovadır. Onların hansı səbəbdən layihədən uzaqlaşdırılması hələ də sual olaraq qalır.
İştirakçıların musavat.com-a verdiyi açıqlamalardan belə məlum olur ki, əvvəlcə onları məlum olmayan səbəblərdən eyni qrupa salıblar, baxmayaraq ki, müxtəlif müğənnilərin qruplarında çalışıblar, daha sonra isə seçim keçirilib və 5 azərbaycanlıya layihədən kənarlaşdırıldıqları deyilib. Ən ilginc olanı isə hələ bir ay əvvəldən həmin iştirakçıların “O səs Türkiyə” yarışmasındakı ən çox reytinqli olan videolarının “Youtube”dan silinməsi olub.
Bu barədə musavat.com-a danışan Gülşən İbadovanın iddialarına görə, “Acun media” bununla iştirakçılara psixoloji təsir göstərməyə çalışıb: “Hələ ilk ifamda mənim mikrofonuma müdaxilə olunmuşdu. Ritm həmin ritm deyildi. Qəsdən elə sürətli ritm verilmişdi ki, mahnı heç 30 saniyə çəkməmişdi. İki dəqiqəlik mahnı 30 saniyəyə necə bitmişdi, bilməmişdim. Biz çox psixoloji sarsıntı keçirirdik, ona görə ki, "Youtube"da baxış sayına görə rekord qıran videolarımızı "Acun media" silirdi. Bütün azərbaycanlıları bir qrupa salıb, bizi qəsdən kənarlaşdırdılar. Mən səhnədə onlara öz sözümü demişəm. Yəqin ki, o hissəni videodan montaj edib, kəsərlər”.
G.İbadovanın sözlərinə görə, sonuncu seçim turunda münsiflər heyətinin onlara qarşı davranışları heç də xoş olmayıb: “Bizi pis göstərmək üçün əllərindən gələni etdilər. Səhnədə qarşılamaları, yola salmaları, bütün davranışları bizə qarşı idi. Bizim səsimizdən şou edib, özlərinə reytinq qazanıb, sonda bizi bu şəkildə layihədən kənarlaşdırdılar".
Nofəl Aslanov isə musavat.com-a verdiyi açıqlamasında hələ də nə baş verdiyini anlamadığını bildirib: "Bizim layihədən gözlənilmədən uzaqlaşdırılmağımız həm "Acun media", həm də müğənni Hadisənin tələbələri üçün çox anı oldu. Proqnoz bu idi ki, mən finala qədər gedim. Amma sonra gördük ki, belə deyil. Hələ də elə bilirəm ki, yuxudayam. Təsəvvür edin, Hadisənin qrupunda 84-cü adam idim. Səhər saat 10-dan, axşam saat 10-a qədər məşqdə oldum. Amma məni canlı efirə buraxmadılar. Çünki canlı efirə çıxsaydım, onlar məni çətin ki, kənarlaşdıra bilərdilər".
Nofəl Aslanov iştirakçıların internet resuslarındakı videolarının silinməsini təsdiqləyib: "Mənim ifamla bağlı olan videoya 3 gün ərzində 200 mindən çox baxış olmuşdu. Həmin video silinib. Bu məsələ hələ ki, mənim üçün qaranlıq qalıb. Olanlar barəsində isə bizə heç bir izahat verməyiblər".
Layihədən uzaqlaşdırılan digər iştirakçılar da ölkə mətbuatına danışaraq, onlara qarşı tələ qurulduğunu iddia ediblər.
Qafqaz.info-ya danışan İfaçı Zülfü Əsədzadə sonuncu seçimlə bağlı bəzi məqamlara aydınlıq gətirib: “Gökhan və Hakanın qrupunda 85 iştirakçıdan 4-ü azərbaycanlı idi. Ora Gülşən İbadova, İlham Nəzərov da daxildir. İştirakçılar 6 nəfərdən ibarət iki qrupa bölündü. Onlardan ikisi üst tura keçmək üçün mübarizə apardı. Gökhan və Hakan qrupa 4 azərbaycanlını salmışdı. Biz də məsələni başa düşmədik, şübhələndik və oxumaq üçün səhnəyə çıxdıq. Onlar 6 nəfərdən iki Türkiyə vətəndaşını saxladılar, dörd azərbaycanlını evə göndərdilər. Onda başa düşdük ki, bu, bizə qarşı qurulan tələdir. Mediada yazılıb ki, iştirakçılar yarışmadan uzaqlaşdırılıb. Uzaqlaşdırma qovulma kimi başa düşülür. Guya, biz oxumamışıq, sadəcə, müsabiqədən uzaqlaşdırılmışıq. Amma bu, belə deyil”.
Qeyd etdiyimiz kimi, 5 azərbaycanlı ifaçının Türkiyənin məşhur layihəsindən uzaqlaşması ölkə gündəminin əsas müzakirə olunan məsələlərindən birinə çevrilib. Bəziləri bu məsələdə siyasi təxribat olduğunu, kimlərinsə bu yolla iki qardaş ölkə arasında soyuqluq yaratmağa çalışdığını vurğulasalar da, iştirakçıların hansısa səhv davranışı ucbatından bu cür addımın atıldığını iddia edənlər də var.
“Bu, təxribat da ola bilər”. Bu sözləri müğənni Elza Seyidcahan qalmaqal ilə bağlı musavat.com-a danışarkən deyib. Müğənninin sözlərinə görə, siyasi amillər bu məsələyə öz təsirini göstərib: “Çünki Mehmanın “Sarı gəlin” ifası bədxahları yerindən oynada bilərdi. Ona görə də bu, əlbəttə ki, təxribatdır. “Siyasətin deyə bilmədiyi sözü incəsənət deyir”, belə bir deyim var. Yəqin ki, iştirakçılar güclü olublar, gözləri götürməyən müvəqqəti təxribatı həyata keçirib. Bu, hərəkətdir, göstərici deyil. Məsələni zamana buraxmaq lazımdır. Zaman öz sözünü deyəcək. Hər şeyə hazır olmalıyıq. Bəlkə anlaşılmazlıq da ola bilər. Mənim məlumatım yoxdur ki, ifaçılar seçim vaxtı uzaqlaşdırılıb, ya seçim olmadan... Buna görə də dəqiq proqnoz vermək olmur. Amma hər kəs öz səsi və düşüncəsi ilə özünə yer tapacaq”.
Müğənni Aybəniz Haşımova isə sosial şəbəkədə maraqlı açıqlama yayıb. Onun iddialarına görə, son vaxtlar yerli mətbuatda “O səs Türkiyə” ilə bağlı tənqidi yazılar dərc olunduğundan əvəzi ifaçılarımızdan çıxılıb: “Siz hər şeyi kökündən elə kəsirsniz ki, əvəzi istedadlı gənclərimizdən çıxır. Son vaxtlar mətbuatımızda o yarışma ilə bağlı o qədər tənqidi fikirlər yazıldı ki, nəticəsi xoş olmadı. Hazırda "O səs Türkiyə"dən dəyərli səs sahibləri Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev və digər istedadlı iştiakçılar uzaqlaşdırıldı. Halbuki, münsiflər yalvararaq onları komandalarında görmək istədiklərini bildirmişdilər. Düşünürəm ki, onlar sizin yazdığınız haqlı iradların əvəzini istedadlı gənclərdən çıxdılar”.
Onu da əlavə edək ki, sonuncu tur “Acun media”nın otaq turu kimi təşkil edilib. İştirakçıların da dediyinə görə, həmin turlar efirdə yayımlanmır. Bu format yalnız Türkiyədə reallaşdırılır, digər “The voice”lərdə belə bir şey yoxdur.
Bununla da qalmaqallı tur seçimində nə baş verdiyi hər kəs üçün qaranlıq qalıb. Ən çox müzakirə edilən suallar isə bunlardır: Eyni vaxtda 5 azərbaycanlı “O səs Türkiyə”dən qovuldu, ya turdan keçə bilmədi? Azərbaycanlı iştirakçıların hansısa səhv addımları ilə bağlı iddialar nə dərəcədə doğrudur?
Musavat.com-un əməkdaşı “O səs Türkiyə” layihəsinin rəhbəri Acun Ilıcalının köməkçisi olan Nazlı Sütçü ilə əlaqə saxlaya bilib. Köməkçi bir çox məsələlərə aydınlıq gətirib: “Deyilən mesajları gördüm. İlham Nəzərovun rəyi, ağzından o cür cümlələrin çıxması bizim üçün çox üzücü və qürurumuza toxunan kəlmələr oldu. O, dedi ki, “biz burda qonağıq deyə siz bizi layihədən kənarlaşdırdız”. Bu, çox ayıb bir şeydir, “Acun media”ya olan bir sayqısızlıqdır. Dünyanın bir çox ölkələrindən bizim layihəyə iştirakçılar qatılır. Xüsusən də, Azərbaycan bu məsələdə birinci yerdədir. Biz azərbaycanlılara daha həssas yanaşırıq, onları görəndə çox sevinirik. “Azərbaycan və Türkiyə birdir” deyə düşünürük. Kənarlaşdırılan iştirakçılara da orda açıqlama verildi ki, “daha yaxşı performans göstərərdin, səni seçərdik, digərini deyil”. Biz hər il Azərbaycandan nə qədər iştirakçı qəbul edirik. Biz onları öz məmləkətimizin vətəndaşlarından biri kimi qəbul edirik. Hazırda layihədə 4 ən yaxşı azərbaycanlı iştirakçı yarışır. Bu yarışmanın birincisi, çempionu olan azərbaycanlısı da var”.
Nazlı Sütçü 5 iştirakçının eyni vaxtda kənarlaşdırılamsına bu cür aydınlıq gətirdi: “Layihədə sırf opera ifaçısı və ya sırf türkü oxuyan qruplar var. Bu dəfə Azərbaycandan qatılan iştirakçıların əksəriyyəti opera ifaçısı olduğundan seçim bu cür oldu. Burda başqa məna axtarmaq sadəcə, ayıbdır və biz buna çox təəssüf edir, çox üzülürük”.
Nazlı Sütçü azərbaycanlı iştirakçıların hansısa yanlış addımları ola biləcəyi barədə iddialara da açıqlama verib: “Qətiyyən azərbaycanlı iştirakçıların heç birinin yanlış addımları, bir qüsurları, sayğısızlıqları olmayıb. Əxlaqları ilə bağlı da heç bir problem yaşanmayıb. Sadəcə, seçilmə ilə bağlı mərhələdə bu cür qərar verildi”.
Xalidə Gəray,
Musavat.com