Şamaxı rayon sakini Müşfiq Mənəfov rayon məhkəmə-hüquq sistemindəki acınacaqlı durumla bağlı şikayətini redaksiyamıza ünvanlayıb. DİA.AZ olaraq həmin giley-güzar dolu müraciəti olduğu kimi diqqətinizə təqdim edirik:
“Azərpoçt MMC-nin Şamaxı Regional Poçt Filialı rəisinin 28 oktyabr 2013-cü il tarixli, 98 saylı əmrinə əsasən guya əvəllər mənə verilmiş intizam tənbehindən nəticə çıxarmadığıma görə Filialın həmkarlar təşkilatının 28 oktyabr 2013-cü il tarixli iclasının protokoluna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad olunmuşam. Həmin əmrin ləğv olunması ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırdım. Nə yaxşı ki, birbaşa Şamaxı məhkəməsinə müraciət etməmişəm. İş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olarkən Azərpoçt MMC-nin Şamaxı Regional Poçt Filialı məhkəməyə tələm-tələsik tərtib olunmuş bir çox saxta sənədlər təqdim etdi. Həmin sənədlərin saxta olduğunu, biri-digərini təkzib etdiyini anlamaq üçün nəinki hüquqşünas olmaq, orta təhsilli olmaq kifayətdir.
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi işi aidiyyatı üzrə Şamaxı rayon məhkəməsinə göndərdi və iş 15.01.2014-cü il tarixdə icraata qəbul edildi. Qanunvericiliyə əsasən işə bərpa tələbinə 1 ay müddətində baxmalı olan hakim Təranə Hüseynova 3 aydan artıq müddətdə işə baxdı. Hər məhkəmə iclası zamanı poçtun bir qrup işçisini məhkəməyə dəvət edərək onlardan mənimlə işləmək istəyib-istəmədiklərini soruşurdu. Poçt müdiri Tağı Həsənov tərəfindən ciddi şəkildə təlimatlandırılmış işçilər mənimlə işləmək istəmədiklərini bildirirdilər. Mən onlardan səbəbini soruşduqda “kollektivin fikri belədir” deyirdilər. Hətta bir nəfəri teleqramlardan gələn pullardan saxladığı 10-15 qəpiyə görə onu tənbeh etdiyimi səbəb göstərdi. Mən hakimdən məhkəmədə cinyət törətməsini etiraf edən həmin poçt əməliyyatçısını məsuliyyətə cəlb etməsi barədə verdiyim vəsatəti təmin etməsini tələb etdim, amma nə fayda? Beləcə təxminən saat 17 və ya 18.00- da başlayan məhkəmə iclasları (Təranə Hüseynova adəti üzrə saat 12.00-dən sonra işə gəlir və məhkəmə iclaslarına da saat 17- 18- də başlayır. Bəzi hallarda saat 13- də də prosesə başladığı hallar olur. Fədakarlıq edib nahar vaxtını və qeyri iş saatlarını da ədaləti təmin etmək yolunda fəda edir) saat 20.00–a qədər və bəzən də daha çox davam edir, digər poçt işçilərinin də fikirlərini öyrənmək məqsədilə təxirə salınırdı.
Əslində işdə mövcud olan sənədlər tək prosesdə qərar verməyə və Tağı Həsənovu əmək qanunvericiliyinin tələblərini pozduğuna görə məsuliyyətə cəlb etməyə yetərli idi. Ən azı ona görə ki işdən çıxarılmağıma səbəb kimi göstərilən “nəticə çıxarmadığım” intizam tənbehinin verilməsi barədə 23 oktyabr 2013-cü il tarixli, 23 saylı əmr vəsatətimə əsasən məhkəməyə təqdim olunan “Əmr kitabı”nda yox idi. Nömrə və tarixlərinə baxdıqda saxta olduğu dərhal aydın olan 23 oktyabr 2013-cü il tarixli inzibati tənbeh tədbiri barədə əmrin nömrəsi 23 olduğu halda işdən azad olunmağım barədə 28 oktyabr 2013-cü il tarixli əmrin nömrəsi 98-dir. Aradan cəmi bir-neçə iş günü (2-i şənbə və bazara təsadüf edir, qalır 3 iş günü) olduğu halda Tağı Həsənov bu müddətdə 75 ədəd əmr vermişdir məgər? Saxtakarlığı bir yana, onun məntiqi də bunu fikirləşməyə yetməyibmiş ki, belə səhv buraxıb. Bəlkə də yaş(62) öz işini görüb?
İntizam tənbehini guya işə gecikdiyimə görə almışammış. İşə gecikməyimi təsdiq edən sənədlər də nədən ibarət olsa yaxşıdır, baş mühasibin dəsti-xətti ilə mühafizəçinin adından Filiialın rəisi Tağı Həsənova yazılmış ard- arda 3 günü (21-23 oktyabr 2013) əhatə edən İZAHATLAR. İzahat ha, məlumat da deyil...
Əslində Təranə Hüseynovanın mənim iddiamı təmin edəcəyinə tam əmin idim. Sadəcə olaraq onun qatığın ağ olmasını deyəcək qədər ədalətli olmasına ehtiyac var idi, vəssalam. İşə gecikməyim həqiqət olmuş olsaydı belə, hər gün saat 12-dən tez işə gəlməyən bir hakim insaf naminə də olsa 5-10 dəqiqəlik işə gecikmə halına görə işçinin işdən azad olunmasına göz yummamalıydı.
Cənab Baş Prokuror Zakir Qaralov da İsmayıllı rayonunda keçirmiş olduğu səyyar qəbul zamanı inamımı daha da artırmışdı. Əvvəlki yazımda bəhs etdiyim Dövlət Əmək Müfəttişliyi əməkdaşlarının mənə ünvanlamış olduqları məktubu oxuduqdan sonra cənab Baş Prokuror mənə “Təkcə bu məktub məhkəməyə kifayət edəcək ki, səni işinə bərpa etsin” demişdi. Ədliyyə naziri cənab Fikrət Məmmədov da səyyar qəbul zamanı mənə “işin nəzarətimizdə olacaq, narahat olma dedi” Görəsən bəs nə oldu???
Hələ də qullaqlarıma inanmağım gəlmir ki, Təranə Hüseynova müşavirəyə getdiyi otaqda 45 dəqiqə qaldıqdan sonra zala gəlib “iddia təmin olunmasın” dedi. 45 dəqiqə müşavirə otağında qaldığına görə yəqin qətnaməni tam hazır edib tərəflərə təqdim edər deyə düşünmüşdüm, amma gəlib çox zəif səslə bu bir cümləni dedi, deməyə çalışdı daha doğrusu. Bəs görəsən bu müddətdə o müşavirə otağında nə düşünürdü??? Qanunların aliliyinimi ??? (davam edəcək)
Sonda: Azərbaycanda məhkəmə sisteminin simvolundan tərəzi şəklini yığışdırmaq lazımdır məncə. Bəzi hakimlər bazar tərəzisiylə qarışıq salmasınlar deyə”...