“Biz istəyirik ki, Rusiya Ukraynanın şərqində binaları ələ keçirən, hərbi uniforma geymiş və maska arxasında gizlənən adamları dəstəkləməsin. Bildirmək istəyirik ki, Rusiyanın öz təxribatçı davranışlarını davam etdirməsi onun beynəlxalq təcridinin güclənməsinə səbəb olacaq”.
APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, Kiyevdə Ukraynanın baş naziri Arseni Yasenyukla görüşündən sonra keçirilən mətbuat konfransında ABŞ-ın vitse-prezidenti Cozef Bayden (Joseph Biden) bu bəyanatla çıxış edib. O bildirib ki, heç bir dövlət öz qoşunlarını sərhədə yığıb qonşusunun daxilində qeyri-sabitlik yaratmaqla həmin ölkəyə hədə-qorxu gəlməməlidir.
C. Bayden Rusiya nümayəndələrinin hazırda Ukraynanın şərqində olan ATƏT missiyasına qoşulmasını zəruri sayır: “İndi Rusiyanın hərəkətə keçmək vaxtıdır. Hazırda Ukraynanın şərqində olan və binaların boşaldılması, tərksilah, amnistiyanın təmin olunması üzrə Cenevrə razılaşmalarının yerinə yetirilməsinə çalışan ATƏT missiyasına Rusiya təmsilçilərinin də qoşulması vacibdir”.
C. Bayden ABŞ-ın Ukraynada Konstitusiya islahatı və qeyri-mərkəzləşdirmənin aparılması sahəsində tərəqqi görmək istədiyini də söyləyib. O, Ukraynada prezident seçkilərinin açıq və şəffaf keçirilməsinə kömək edəcəklərini açıqlayıb: “Amerika seçkilərin şəffaf keçirilməsi, lazımi səviyyədə monitorinq aparılması üçün ciddi yardıma hazırdır. Seçki elə keçirilməlidir ki, heç kim bu seçkilərin legitimliyini şübhə altına ala bilməsin”.