ARDNŞ şefinin oğlu Rəşad Abdullayevin sədr olduğu təşkilat qardaş ölkədə nə işlə məşğuldur?
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədovdan sonra dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayev də oğlunu ictimai fəaliyyətə yönəldib. Əgər Kəmaləddin Heydərov oğlanlarının fəaliyyəti üçün Avropanı, Ziya Məmmədov isə ABŞ-ı seçibsə, Rövnəq Abdullayev qardaş Türkiyəyə üstünlük verib.
Onun oğlu Rəşad Abdullayev mərkəzi ofisi Istanbulda yerləşən Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Təşkilatının (Azerbaycan Eyitim, Kültür ve Yardımlaşma Derneyi - AzeDER) sədridir. Təşkilat 2013-cü ildə təsis olunub. AzeDER-in rəsmi internet səhifəsində qeyd edilib ki, təşkilat təhsil, mədəniyyət və həmrəylik adına Azərbaycan üçün çalışmağı qarşısına məqsəd qoymuş ünsiyyət və fəaliyyət məkanı olan azərbaycanlı gənclərin platformudur: “AzeDer azərbaycanlı gənclərin Azərbaycanın maraqlarına, gələcəyinə öz tövhəsini verə bilməsi və bununla yanaşı gənclərin özünü inkşaf etdirə bilməsi üçün qurulmuş olan bir təşkilatdır”.
“Azadlıq”a daxil olan məlumatlarda isə bildirilir ki, AzeDER Türkiyədə təhsil alan azərbaycanlı gəncləri YAPlaşdırma siyasəti həyata keçirir. Yəni, bu təşkilat gəncləri Azərbaycan hakimiyyətinin dəstəkçisinə çevirmək uğrunda çaba göstərir. Hətta gəncləri təşkilata cəlb etmək üçün onlara aylıq qonorar da vəd edilir. Bu pulları isə təbii ki, təşkilatın sponsoru SOCAR ödəyir. Rövnəq Abdullayev SOCAR-ın AzeDER-ə hər hansı bağlılığını iddia edə bilər. Amma faktlar göstərir ki, təşkilatın layihələrinin əsas sponsoru SOCAR-dır. Məsələn, ötən il Qurban bayramı ilə bağlı tədbir SOCAR-ın sponsorluğu ilə təşkil edilib. Tədbirdən çəkilən fotolar da bunu sübut edir.
Bəzi iddialara görə, AzeDER nurçuların proyektidir. Qeyd edək ki, Azərbaycanda nurçu məsələsi gündəmə gələndə bu şəbəkə ilə əlaqəsi olan məmurlardan biri kimi Rövnəq Abdullayevin də adı hallanırdı. Hətta bəzi məlumatlara görə, Ərdoğanın Ilham Əliyevə nurçularla bağlı təqdim etdiyi siyahıda Rövnəq Abdullayevin də adı var.