Braziliyada keçirilən futbol üzrə dünya çempionatında B qrupundakı ilk oyun sensasion sonluqla başa çatdı.
Virtualaz.org saytı xəbər verir ki, hamının maraqla gözlədiyi, bəlkə də 2014-cü il dünya çempionatının ən baxımlı oyunu sayılacaq matç - Hollandiya-İspaniya qarşılaşması heç kimin ağlına belə gəlməyəcək hesabla bitdi - 5:1.
Kimin xeyrinə? Son Avropa və dünya çempionları İspaniyanınmı? Çoxu bəlkə də “hə” deyəcək. Amma yox - “yox”.
Bu oyuna dramatiklik verən cəhət həm də o idi ki, İspaniya bu matçda 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatının finalında üzləşdiyi və 1:0 hesabı ilə qalib gəlib ilk dəfə çempionluq sevinci yaşadığı milli ilə - Hollandiya ilə üz-üzə gəlirdi.
Məsələyə hollandların gözü ilə baxsaq, qisas üçün əla fürsət idi. Amma qarşındakı da uşaq-muşaq deyil, adı gələndə çoxunun dizi əsən qosqoca ispanlardır - son Avropa və son dünya çempionları, tam ulduzlardan ibarət bir heyət...
Oyuna da elə ispanlar yaxşı başladı. Birinci hissədə qazandıqları penalti ilə önə də çıxdılar - 1:0.
Amma sən saydığını say, gör van Persi ilə Roben nə sayır. Bu zalımlar da qolları cüt-cüt sayırmış. Eləmə tənbəllik, hərəyə iki qol vurdular. Birini də müdafiəçi desertə vurdu...
Beləliklə, futbol qumarxanalarında və dünyanın hər yeri kimi Bakının da tin-bucağında şəninə buğalar qurban kəsilən “öküzlər” meydandan “buynuzları” sınmış halda çıxdılar. Qorxasan bundan sonra onlardan bəlkə heç Allahın avstraliyaalıları da qorxmaya...
Başını itirmiş ispanlar indi bəlkə də bu suala cavab axtarmaq hayında və heyində deyillər: bizi oyun boyu yağan güclü yağış uçurub apardı, yoxsa “uçan oğlanlar”?
Futbol həm də oyundan sonrakı statistika arxivlərindəki “eşələnmələr” və meydandan kənardakı oyunbazlıqlarla maraqlıdır. İki detalı deyək.
Birincisi, İspaniya öz qapısından bir oyunda ən azı 5 topu axırıncı dəfə düz yarım əsr qabaq - 1963-cü ildə Şotlandiya ilə oyunda buraxmışdı. Onda şotlandlar da 4 top fərqi ilə qalib gəlmişdi - 6:2.
İkincisi, ispanların 4 top fərqlə uduzduğu oyunda fiti elə həmin bu ispanların finalda 4 top fərqi ilə (4:0) udub Avropa çempionu olduqları İtaliyanın nümayəndəsi çalırdı. Amma bu, o demək deyil ki, hakim də ispanlardan qisas alırdı. Hakimin idarəçiliyi super idi. İspanları hollandlar barmaqlarına, daha doğrusu, ayaqlarına dolayıb çiləyirdi...
Daha bir əlavə. Bu komandalar indiyədək 10 dəfə üz-üzə gəlmişdi. Bu oyunadək üstünlük İspaniyanın tərəfində idi. Belə ki, ispanlar 5, hollandlar 4 dəfə qalib gəlmiş, 1 görüşdə isə heç-heçə olmuşdu. Top fərqində də Pireney yarımadasının təmsilçisi üstün idi - 16:11.
İndi isə qələbə hesabı bərabərləşdi - 5:5. Qol sayında isə hollandların 1 qol “borcu” qalıb - 16:17.
İspaniya – Hollandiya
Hakim: Nikola Ritsoli (İtaliya)
Salvador, “Arena Fonte Nova”
İspaniya: 1. Kasilyas, 3. Pike, 6. İnyesta, 8. Xavi, 14. Alonso, 15. Ramos, 16. Serxio, 18. Alba, 19. Kosta, 21. Silva, 22. Azpilisueta.
Baş məşqçi: Vinsent del Boske
Hollandiya: 1. Cillessen, 2. Vlaar, 3. De Vrij, 4. İndi, 5. Blind, 6. De Yonq, 7. Ganmaat, 8. Guzman, 9. Van Persi, 10. Sneyder, 11. Robben.
Baş məşqçi: Lui Van Qal.
Qeyd edək ki, iyunun 14-də bu qrupda daha bir oyun keçirilib. Çili Avstraliyanı 3:1 hesabı ilə məğlub edib. Növbəti turda İspaniya Çili, Avstraliya isə Hollandiya ilə qarşılaşacaq.
[media=http://www.youtube.com/watch?v=za5GnGjPU0w]