Bəstəkarın oğlu Fərəc Qarayev xüsusi bəyanatla çıxış edərək atasının adına olan festivala pul ayrılmamasını elan etdi:
Hörmətli musiqisevərlər, əziz dostlar, həmkarlar!
2018-ci il 12-14 aprel tarixlərində keçirilməsi planlaşdırılan növbəti, Qara Qarayev adına VII Müasir Musiqi Festivalı keçirilməyəcək, çünki bəstəkarın 100 illik yubileyi ilində tədbirin baş tutması üçün ölkədə tələb olunan vəsait tapılmamışdır.
Xatırladardım ki, Qarayev adına Festival keçirilməsi ənənəsi hələ sovet dövrlərinə təsadüf edir. İlk iki festivalı biz 1986 və 1988-ci illərdə, durğunluq adlandırılan dövrdə, dövlət məmurları və bürokratların şiddətli müqavimətini dəf edərək keçirmişdik. Ölkə fəlakət qarşısında durduğu bir anda, keşməkeşli 1990-cı ildə olunmaz çətinliklərə sipər olaraq, III festivalı da keçirməyə nail olmuşuq.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə festival 2011-ci ildə bərpa olundu. IV, V və VI festivallar artıq müstəqil Azərbaycanda keçirldi. Qürur duyulası haldır ki, festivalı Avropa müstəvisinə çıxara bildik!
Bu illər ərzində XX əsr klassikləri A.Schoenberg, A. Webern, A.Berg, I.Stravinski, J.Cage, F.Cerha, E.Křenek, P.Hindemith, D.Şostakoviç; XX əsrin ikinci yarısının görkəmli nümayəndələri olan K.Stockhausen, B.Nilsson, P.Boulez, O. Messiaen, I.Xenakis, L.Berio, B.Maderna, M.Kagel, G.Ligeti, W.Lutoslawski, B.Ferneyhough, G.Grisey, T. Takemitsu, S.Sciarrino, K.Saariaho və bir çox başqalarının əsərlərinin Bakıda ilk ifaları baş tutmuşdur. A.Volkonski, E.Denisov, N.Karetnikov, S.Gubaydulina, V.Tarnopolski, A.Raskatov, V.Yekimovski, A.Vustin kimi Rusiyanın müasir görkəmli bəstəkarların, ukraynalı görkəmli bəstəkar V.Silvestrovun əsərləri də dəfələrlə festivalda səsləndirilmişdir.
Azərbaycanda yeni musiqinin cığırlarını açan bir bəstəkar – Qara Qarayevin hər festivalda, rəmzi olaraq, yalnız bir əsəri ifa edilirdi, paralel olaraq yeni musiqi sferasına aid olan Azərbaycan bəstəkarlarının əsərləri ifa olunurdu – bunların sırasında A.Məlikov, X.Mirzəzadə, İ.Hacıbəyov və başqalarının adı çəkilə bilər.
Bu illər ərzində Bakıya Avropa miqyasında məşhur olan musiqi kollektivləri təşrif buyururdu – ASKO/Schönberq Ansamblı (Hollandiya), Reconsil Wien (Avstriya), Freiburg Percussion Ensemble və Ensemble Ascolta (Almaniya), AVA dance Company (İspaniya/Almaniya), M.Pekarski Zərb alətləri Ansamblı, Studiya Novoy Musiki və Questa Musica (Rusiya). Azərbaycanı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Qara Qarayev adına Dövlət Kamera Orkestri, Con tempo Ansamblı, dirijor Rauf Abdullayev, solistlər F.Məmmədova (soprano), R.Rzaeva, F.Əli-zadə və G.Ənnağıyeva (piano), E.İsgəndərov (violonçel), R.Məmmədov (gitara) və bir çox başqaları təmsil edirdi.
Xarici ifaçılar arasında dirijorlar B.Wulff və T.Engel (Almaniya), İ.Dronov və F.Çijevski (Rusiya), V.Runçak (Ukrayna), pianoçular A.Lübimov, İ.Sokolov (Rusiya), N.Jvania (Gürcüstan), K.Nishii (Avstriya/Yaponiya), orqan ifaçısı M. Vısotskaya (Rusiya), soprano K.Amano (Avstriya/Yaponiya), violin ifaçıları L.İsakadze (Gürcüstan), H.H.Schneeberger və P.Kopatchinsaja (İsveçrə), S.Malışev (Rusiya), violonçel ifaçıları A.İvaşkin (Rusiya/Böyük Britaniya) və H.Woudenberg (Almaniya), gitara ifaçisi Ch.Jäggin (İsveçrə) çıxış etmişdilər.
Bunlarla yanaşı festival çərçivəsində elmi-metodik konfransların aparıcısı musiqişünas R.Fərhadov – onun səyləri ilə rəsmi-elmi tədbir müstəsna maraqlı bir akta çevrilirdi, əvəzolunmaz məsləhətləri ilə bizə böyük yardım etmiş, ensiklopedik biliklərə sahib musiqişünas C.Səlimxanov və festivalda ifa edilən müəlliflərdən biri, habelə çox gözəl festival bukletlərinin tərtibatçısı olan bəstəkar E.Mirzəyevi də xatırlamaq istərdim. Sonuncu üç festivalın direktoru A.Mikayılov və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru Ş.Səmədovun səyləri nəticəsində, Bakının müxtəlif səəhnələrində keçirilən festivalın təşkili işi qüsursuz idi.
Əfsuslar ki, hazırda bunlar hamısı xatirələrə qovuşdu. Bununla festivalın həyatı bitdi, və bu gün məşhur fransız ifadəsini – “Le Roi est mort,vive le Roi!” (Kral öldü, yaşasın kral!) çevirərək “Le festival est mort, vive le festival” (Festival öldü, yaşasın festival) demək mümkün olmayacaq.
Buna görə də: “Əlvida, festival!”
Əlavə edərdim ki: “Feci quod potui, faciant meliora potentes.” (Latın ifadəsi:”Mən əlimdən gələni etdim, bundan sonra kim daha yaxşı bacararsa, qoy o etsin”)
Fərəc Qarayev