Azərbaycanda məmur uşaqlarının mütəmadi olaraq skandallar yaratdığı, silahlı insidentlərə qarışdığına dair məlumatlar yayılır. Bir müddət əvvəl deputat Ayaz Orucovun oğlunun iki qadını atəşə tutması xəbəri gündəmə gəlmişdi. Hərçənd ortada şikayətçi olsa da, işlə bağlı hər hansı bir tutarlı addım atılmadı.
JAM.AZ-a verilən bir başqa məlumatda isə daha bir silahlı insidentdən bəhs olunur. Etibarlı mənbələrimizdən aldığımıza görə, bir müddət əvvəl Bakıda fəaliyyət göstərən gecə klublarından birində məmur oğlu ilə ora gələn qonaqlar arasında mübahisə yaranıb. Belində tapança gəzdirən həmin şəxs isə mübahisəni silahla «yoluna qoymaq» istəyib.
Məlumata görə, içkili vəziyyətdə olan gənc əlindəki silahı ilə bir neçə atəş açıb. Açılan atəş nəticəsində bir nəfərin yüngül yaralandığı deyilir. JAM.AZ-a verilən məlumatda vurğulanır ki, hadisə yerinə dərhal polis çağırılıb və məmur balası saxlanılıb. Amma atasının bir neçə günlük cəhdindən sonra iş ört-basdır edilib.
Həmin məlumatlara görə, hadisəni törədən şəxsin dosyesi xeyli qabarıqdır. Onun həmçinin bir neçə il əvvəl rayonların birində avtomobil qəzası törədərək, bir neçə nəfərin həyatına son qoyduğuna dair iddialar da var.
Qeyd edək ki, hadisəni törədən şəxsin və onun məmur atasının adı bizə məlumdur. Sadəcə, bəzi dəqiqləşdirmələr apardığımızdan hələlik adları açıqlamırıq.