"Qarabağ"ın futbolçusu Azərbaycan millisini lağa qoydu

19-06-2014, 11:32   
"Qarabağ"ın futbolçusu Azərbaycan millisini lağa qoydu
"Qarabağ"ın futbolçusu Azərbaycan millisini lağa qoydu. "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifovun Milli.Az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Azərbaycanın iki böyük klubunda çıxış etmisiniz. "Qarabağ" və "Neftçi". Bu iki klubdan biri digərindən hansı xüsusiyyəti ilə öndədir?

- Hər ikisi böyük və köklü komandadı. Belə desək, daha doğru olar ki, "Neftçi" böyük qardaşıdır "Qarabağ"ın. "Qarabağ" isə hamının sevimlisi və yaralı yeri... Mən futbola "Neftçi"də başlamışam. Özüm ağdamlıyam. Odur ki, bu iki kluba azarkeşlik edirəm.

- "Qarabağ"da Çempionlar Liqasının oyunlarına hazırlıq nə yerdədir? Məşqlər necə keçir?

- Hər şey əladı, həmişəki kimi. Bizim hazırlığımız üçün hər bir şərait var. Hamımız yüksək ab-hava ilə məşq edirik. Bu turnirin məsuliyyətini dərk edirik.

- Demək olar ki, hamı "Qarabağ"dan bu il ən azı Avropa Liqasının qrup mərhələsinə düşəcəyinə inanır. Bu sizdə narahatçılıq və təlaş yaratmır?

- Arxı hoppanmamış hop demək düzgün deyil. Hər kəsin öz subyektiv fikri var və şadıq ki, bizə inanırlar.

- "Qarabağ" bir neçə il ard-arda mərhələlər adlayaraq pley-off-a gəldi və son anda güclü rəqiblərinə məğlub oldu. Bu il də bu cür komandalar ilə görüşlər gözlənilir. Hansı komanda ilə düşmək istəməzdiz?

- Hələlik qabağa qaçmayaq. Püşk atılsın, görək başımıza nə gəlir.

- Komandaya yeni oyunçular cəlb olunub və gözlənir ki, yenə olsun. Sizcə, Çempionlar Liqasının oyunlarında nə kimi köməkləri dəyəcək?

- "Qarabağ" oyunçuları elə-belə almır. Uyğunlaşıb yüksək səviyyədə kömək edəcəklər.

- "Qarabağ" axır ki, bu il istədiyi çempionluğa qovuşdu. Bu çempionluqda əsas pay sahibi kim oldu?

- Başda rəhbərlik, Qurban müəllim və bütün komanda.

- Özünüzə bağışlamadığınız və hər dəfə xatırlayanda peşmançılıq hissi keçirdiyiniz səhviniz, hərəkətiniz olub?

- Həyatda kimin səhvi olmur ki? Səhv edə-edə formalaşırsan. Şəxsi həyatımdan danışmağı sevmirəm. Amma çox şeyi geri dönüb dəyişmək istərdim.

- Namiq, siz Sankt-Peterburqda doğulmusunuz. Bəs heç düşünmüsünüz ki, Rusiya millisində, yaxud da klublarında oynayasınız, orada top qovasınız?

- Mən "Zenit" klubunun futbol məktəbində olmuşam. Denisov, Bıstrov kimi futbolçularla birlikdə məşq etmişəm. Sonra qayıtdım Bakıya. Məsələn, bu da mənim səhvlərimdən biri (gülür). Yəqin xeyir bura imiş. "Real Madrid"də oynasam da, Azərbaycan millisinin şərəfini qoruyaram.

- Qayıtmağa nə vadar etdi?

- Heç nə. Sadəcə, uşaqlıq. "Zenit"dən sonra "Rubin"də də olmuşam. O, lap böyük uşaqlıq səhvim olub (gülür).

- Deyəsən, Foqtsun damarını tuta bilməmisiniz. Milli komandaya stabil olaraq çağırmır sizi.

- Milli mənim yaralı yerimdi. Bütün yaş qruplarında oynamışam. Nədənsə Berti müəllim məni bəyənmir.

- Bəs heç papağınızı qabağınıza qoyub səbəbini axtarmısınız bəyənməməyinin? Bəlkə, sizdə hansısa xüsusiyyət xoş deyil ona?

- Mənim heç bir məşqçi ilə bu vaxta kimi problemim olmayıb. Özü bir söz deməyib mənə.

- "Qarabağ"ın yarımmüdafiə xətti olduqca güclüdür. Burada özünüzə rəqib kimi görürsünüz?

- Bizdə sağlam rəqabətdir. Məşqçi kimi məsləhət görsə, o oynayır.

- Dünya çempionatına baxırsınız? Favoritiniz hansı millidir?

- Favoritim yoxdur. Almanları çox bəyənirəm. Əvvəllər İtaliyaya azərkeşlik edirdim.

- Millimiz bəs sizcə, belə mundialda nə vaxt iştirak edəcək?

- Azərbaycan ev sahibi olanda dünya çempionatında iştirak edəcək (gülür). Hər şeyin öz vaxtı var. O qədər hegemon dövlətlər var ki, düşə bilmir heç ora.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.