Fransanın “Lans” futbol klubunun sahibi, ekstravaqant azərbaycanlı milyarder Hafiz Məmmədov (“Hafka”) kluba vəd etdiyi 19 milyon avronu hələ hesabat köçürməyib.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda “La Voix du Nord” nəşri yazır.
Məlumata görə, “Hafka” ötən ay “Lans” klubunun bu mövsüm üçün büdcəsini formalaşdırmaq üçün 19 milyon avro ayıracağına dair sənədi imzalayıb. Lakin pullar hələ də hesabat köçürülməyib.
Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası (DNCG) isə “Lans” klubuna xəbərdarlıq edib ki, bu mövsümdə 40-45 milyon avro həcmində büdcəsini razılaşdırsın. Bu pulların 13 milyonu futbolçuların əmək haqlarının iki dəfə artırılmasına yönəldilməlidir.
“Lans”ın prezidenti Jerve Martel “Hafka”nın imzası ilə kluba 19 milyon avro ayrılmasına dair sənədi DNCG-yə təqdim etsə də komissiya bunu sübut kimi qəbul etməyib və pulların hesaba köçürüləcəyinə dair qarantiyanın olmadığını bildirib. Nəticədə Jerve Martel “Hafka”nın dalınca iyunun 20-də Bakıya gəlməli olub.
Xəbərdə bildirilir ki, “Hafka” ötən il “Lans”ın səhmlərini “Kredi Aqrikol” bankından alanda da analoji vəziyyət yaranıb. Azərbaycanlı biznesmen “Avropadakı bank hesablarında yaranmış problem üzündən” pulları vaxtında köçürə bilməyib.
Xatırladaq ki, “Hafka”nın klubu bu mövsümdə I liqada oynayacaq. Klubun I liqada oynamaq üçün “Hafka”nın vəd etdiyi 19 milyon avrodan əlavə daha 17 milyon avroya ehtiyacı var. Transferlər üçün isə daha 10 milyon avro tələb olunur.
“Hafka”nın Azərbaycandakı biznesində böhran yaşansa da o, iyunun əvvəllərində İngiltərənin II liqada oynayan “Şeffild Vednesdi” (“Sheffield Wednesday”) klubunu 50 milyon avroya alıb. Bəzi məlumatlara görə, H.Məmmədov ingilis klubunu alandan sonra “Lans”ı satmaq barədə fikirləşir.