"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində bu axşam qarşılaşacaqları Madrid "Real"ı ilə oyun haqda fikirlərini bölüşüb.
"Reuters" agentliyinə danışan ispaniyalı mütəxəssis "Real"ın hər zaman çətin rəqib olduğunu bildirib:
"Çoxları əmindir ki, əgər bir komanda çempion olursa, növbəti il də bunu təkrarlaya bilər. Ancaq unutmaq olmaz ki, rəqibimiz də çox güclü komandadır. Onların heyətində səviyyəli futbolçular çıxış edir və bu komandanın maliyyə baxımından da problemi yoxdur. Biz Bundesliqada sona 7 tur qalmış çempionluğu bayram etdik. Bundan sonra konsentrasiyamızı itirdik. Bununla belə, komandamla fəxr edirəm. Böyük işlər gördüyümüzü söyləyə bilərəm. "Real" son zamanlar Karlo Ançelottinin rəhbərliyi altında çox yaxş oyun nümayiş etdirir. Madrid klubu hər zaman çətin rəqibdir".
"Real"ın hücumçusu Kriştiano Ronaldonun axşamkı qarşılaşmada oynayıb-oynamamasına da münasibət bildirən Qvardiola bu haqda belə deyib: "Məncə, Ronaldo meydana çıxa biləcək. Azarkeşlər onu bizimlə görüşdə görmək istəyir. O, dünyanın ən yaxşı futbolçularından biridir. Ronaldosuz "Real"ın oyun üslubunda müəyyən dəyişiklik olacaq".Qeyd edək ki, "Real" - "Bavariya" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.