İlham Əliyevlə Putin telefonda Qarabağı müzakirə ediblər - YENİLƏNİB

24-06-2014, 09:01   
İlham Əliyevlə Putin telefonda Qarabağı müzakirə ediblər - YENİLƏNİBDövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə fikir mübadiləsi aparıblar

Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığı olub. Bu barədə APA-ya Kremlin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Vladimir Putin və İlham Əliyev Rusiya-Azərbaycan əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd ediblər və bu əməkdaşlığın daha da genişləndirilməsini tərəfdarı olduqlarını bildiriblər.

Hər iki lider gündəlikdə olan aktual məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə fikir mübadiləsi aparıblar. Rusiya tərəfi problemin sülh yolu ilə həll olunması üçün bütün mümkün yardımı göstərməyə hazır olduğunu deyib.


* * *
13:57

Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Edvard Nalbəndyanla danışıqlardan sonra bəyan edib ki, Moskva həm ikitərəfli formatda, həm də Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlıdır.

“Problemin həlli üçün baza var, prinsiplər var və mühümdür ki, bu prinsiplər razılaşdırılıb. İndi onların faktiki həyata keçirilməsinin parametrlərini və nizamlanmanın ardıcıllığını işləyib hazırlamaq lazımdır” - deyə Lavrov bildirib.

Virtualaz.org saytının xəbərinə görə, Rusiya xarici işlər naziri Moskvanın prezidentlər arasında birbaşa dialoqun davamına və mövcud “ziddiyyətlərin həllinə” çalışacağını deyib.

“Rusiya münaqişənin həllini yaxınlaşdıran istənilən səyləri dəstəkləyir. Fransalı həmkarlar bütün nizamlama prinsiplərinin praktiki dilə çevrilməsinə kömək edəcək ideyalar irəli sürürlər” - deyə nazir əlavə edib.

Rusiya XİN rəhbəri qeyd edib ki, onlar da öz tərəflərindən bütün səyləri göstərəcəklər və “hazırlanmış görüşlər nə qədər müntəzəm olsa, nə qədər çox səy göstərilsə proses o qədər dinamik xarakter alacaq”.

Lavrov əlavə edib ki, Rusiya Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinə də dəstək verməyə hazırdır. Rusiya xarici işlər naziri bu barədə jurnalistlərin sualına cavab olaraq bildirib. O, əlavə edib ki, bu məsələdə əsas söz tərəflərindir.

Xatırladaq ki, Fransa prezidenti Fransua Olland bu ilin mayında Bakıya və İrəvana səfərləri zamanı Qarabağ münaqişəsi tərəflərinə münaqişənin nizamlanmasına dair təkliflər təqdim edib. Həmin təkliflər barədə mətbuata heç nə məlum deyil.

Bununla belə məlumdur ki, Olland Azərbaycan və Ermənistan prezidentlərini həmin təkliflərə dair danışıqlar aparmaq üçün Parisə dəvət edib. Azərbaycan tərəfinin bu danışıqlara razı olduğunu göstərən əlamətlər var. Ermənistanın isə Ollandın təkliflərinə necə yanaşdığı məlum deyil.

Digər tərəfdən, Lavrovun bəyanatı Rusiyanın da bu təkliflərə müsbət baxdığını və Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların bərpası üçün Fransa ilə işləməyə hazır olduğunu göstərir. Belə olan halda Ukrayna böhranından sonra keçmiş sovet məkanında mövqelərini sürətlə itirməkdə olan Birləşmiş Ştatların Qarabağ münaqişəsində fəallaşmaq cəhdləri boşa çıxmış olur.

Bu ilin mayında Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda ölkəsinin Qarabağ münaqişəsinin həllinə dair mövqeyini açıqlamışdı və Vaşinqton danışıqlar prosesində təşəbbüsü ələ almağa cəhd göstərmişdi. Lakin Vaşinqtonun təşəbbüsünə nə Bakıdan, nə də İrəvandan dəstək gəlmədi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.