Kosta-Rika bir mundialda üç dünya çempionuna qalib gəlmək üçün tarixi şans qazanıb; gecənin qaçırılmayası oyunu: Uruqvay-İtaliya...
Bu gün Braziliya mundialının “D” və “C” qrupunda da son oyunlar keçiriləcək. İyunun 24-də, Bakı vaxtilə saat 21:00-da “D” qrupunda Kosta-Rika İngiltərə millisi ilə qarşılaşacaq. Elə həmin saatda bu qrupda İtaliya-Uruqvay oyununun da startı veriləcək. Bakı vaxtilə iyunun 25-i, saat 01:00-da “C” qrupunda Yunanıstan-Fil Dişi Sahili və Yaponiya-Kolumbiya oyunları başlayacaq.
* * *
Mundialın püşkü atılanda futbol mütəxəssisləri müxtəlif illərdə dünya çempionu olmuş üç komanda-Uruqvay, İngiltərə və İtaliyanın qrupunu “ölüm qrupu” kimi qiymətləndirirdi. Bu qrupda yer alan Kosta-Rikaya isə qrup autsayderi kimi baxırdılar. Amma sən saydığını say, gör Kosta-Rika nə sayır...
“Qrupun favoritlərindən hesab olunmurduq. Çünki ”ölüm qrupu"ndaydıq. İndi ölü olan İngiltərə, Uruqvay və İtaliyadır. Biz artıq növbəti mərhələyə vəsiqəni təmin etmişik". Bu tikanlı sözləri isə üçüncü turun oyununun nəticəsindən asılı olmayaraq pley-off mərhələsinə yüksələn Kosta-Rika millisinin qolçu futbolçusu Bryan Ruiz deyib.
Xatırladaq ki, Kosta-Rika qrupdakı ilk oyunda Uruqvay millisinə 3:1 hesabı ilə qalib gələrək mundialın ilk sensasiyasına imza atmışdı. İngiltərəni 1:2 hesabı ilə məğlub edən İtaliya millisi ilə oyunda isə minimal qələbə(1:0) qazanan şimali amerikalılar pley-offa yüksələn ilk komanda oldu. İndi bu 4 milyonluq ölkə futbolçularının Braziliya mundialında tarix yazmaq üçün unikal imkanları var. İki dünya çempionuna qalib gələn Kosta-Rika bu tarixi yazmaq üçün bu gün ingilisləri də udmalıdır. Bir mundialda üç çempionu “aşırmaq” özü qürurlanası tarix deyilmi?
Qeyd edək ki, Kosta-Rika millisinin baş məşqçisi Luis Pinto qrupdakı son oyunda da qələbə qazanmaq istədiklərini bildirib.
Kosta-Rika və İngiltərə matçı komandaların turnir cədvəlində heç bir ciddi dəyişiklik etməyəcək. Kosta-Rika uduzsa belə...İngilislər növbəti mərhələyə çıxmaq şanslarını tam itiriblər və bu oyundan sonra evə qayıdırlar. İngilislərə evə qayıtmağa qrupdan kimin yoldaşlıq edəcəyinə isə İtaliya-Uruqvay görüşündə aydınlıq gətirilməlidir.
Bu komandaların hərəyə bir qələbəsi və bir məğlubiyyəti var. Uruqvay bu oyunlarda qapılara üç qol vurub, 4 top isə buraxıb. İtaliyalılar isə 2 top vurub və 2 top isə qapılarında görüb. Prinsipcə, bu oyunda qolsuz bərabərlik və ya istənilən qollu bərabərlik italiyalıların işinə yarayacaq. Uruqvaya isə bu cür hesablamaya ümid etməyə limiti yoxdur. Uruqvaya 100 faiz, İtaliyaya 99,9 faiz qələbə lazım...
Kosta-Rikanın bu cür triumfunun səbəbini doğrusu peşəkar nöqteyi-nəzərindən izah etmək futbol yazarının işi deyil. Kosta-Rika iki qələbə qazansa da, xüsusilə İtaliya ilə oyunda heç bir xüsusi keyfiyyəti ilə seçilmədi. İtaliya ilə oyunda 44-cü dəqiqədə qol vurulmasından sonra komanda əsasən, müdafiədə oturdu.
Etiraf edək ki, baş məşqçi Pintonun Braziliyaya gətirdiyi heyət çox yaxşı fiziki hazırlıqlıdır ki, bu da Amerika qitəsinin oyunçuları üçün o qədər də xarakterik deyil. Hücum xəttində Bryan Ruis (PSV, Hollandiya), Coel Kempbell (“Olimpiakos”) və Marko Urenya (“Kuban”, Rusiya) kəskin hücumçulardır və artıq çempionatda fərqləniblər də. Hər mundial bir sürpriz komanda olur... Bu dəfə bəxt Kosta-Rikanın üzünə güldü. Kosta-Rika millisinin bu uğuru FİFA-nı da şübhəyə salıb.
Komandanın Bryan Ruiz və Keylor Navas da daxil olmaqla ümumilikdə, yeddi futbolçusunu dopinq-testden keçirilib. Komandanın qapıçısı Keylor Navas verdiyi açıqlamada heç bir oyunçunun qanında dopinq olmadığını deyib...
Maraqlıdır ki, pley-off mərhələsində Kosta-Rika “C” qrupunun ikincisi ilə görüşəcəyi daha çox ehtimal olunur. İtaliya və Uruqvay kimi rəqiblərdən daha asan bir rəqiblə yəni..."Kosta-Rika finala qədər irəliləyərsə nə olar" soruşsanız, məşhur lətifədəki kimi cavab vermək olar: biabır olacağıq...
Kosta-Rika adı ispan dilindən tərcümədə “varlı sahil” deməkdir. Ərazisi 51,1 min kv.km, əhalisi 4 milyondan bir az artıqdır. Adam hərdən inana bilmir su içində olan bu cırdan ölkənin futbolçuları mundialın “əjdahalarının” başını “yeyiblər”. Seçmə mərhələdə Şimali Amerika zonasında yalnız ABŞ-dan geri qalan Kosta-Rika dünya çempionatına birbaşa vəsiqə qazanıb və keçirdiyi oyunlarda cəmi iki dəfə məğlub olub. İtaliya ilə oyunda AzTV aparıcısının Kosta-Rikanın heyətində dəyişiklik edəndə “Rendall Brenes ”Xəzər Lənkəran"ın sabiq üzvü olub" deyərək sevindiyini də xatırladaq...
Bu gün ingilislərin udması heç nəyi dəyişməz, Kosta-Rika qələbə qazansa tarix yazacaq...
***
Qrup ikincisini müəyyən edəcək İtaliya-Uruqvay oyunu böyük maraqla gözlənilir. Bu komandalar mundialda bərabər səviyyəli oyun göstəriblər və “kim qalib gələ bilər” sualına birmənalı cavab vermək mümkün deyil. Uruqvay birinci oyunda Suaressiz çox bərbad göründü və nəticədə uduzdu. İkinci oyunda isə Uruqvay deyil, Suares ingilislərin qapısına 2 qol ataraq komandasına vacib qələbə qazandırdı. İngilislərlə oyunda güclü komanda təsiri yaratmış İtaliya Kosta-Rika millisi ilə görüşdə yorğun görünürdü. Xüsusilə hücum xəttində tək olan Mario Balotellinin oyunu heç alınmadı və bir neçə qol vəziyyətini əldən verdi. İtaliya futbolu güclü hücumçu və ulduz oyunçu depressiyasını yaşayır. Balotelliyə kömək üçün meydana buraxılan Kassano da iki il əvvəl Avropa çempionatındakı oyunçu deyil. İtaliya nə qədər müdafiə futbolu oynasa da, tarixən bu komanda hücumçuları ilə şöhrət tapıb. İtaliyanın bu gün oyunu alınarsa, qələbəyə onlar daha yaxın olacaqlar. Suares-Balotelli qarşılaşmasında kimin qalib gələcəyini axşam biləcəyik.
***
“C” qrupunda iki görüşdə qalib gələn Kolumbiya millisi növbəti mərhələyə vəsiqə qazanıb. Maraqlıdır ki, bu qrupda hər üç komanda Yunanıstan, Fil Dişi Sahili və Yaponiya növbəti mərhələyə çıxmaq şanslarını saxlayırlar. Bu komandalar sırasında ən yaxşı nəticə FDS millisinə məxsusdur. Komandanın 3 xalı var. Digər iki komanda isə hərəyə bir xal toplayıblar. Bu mənada bu gün yunanlarla qarşı-qarşıya gələcək FDS millisinin növbəti mərhələyə çıxmaq şansı daha böyükdür. Riski gözaltına almamaq üçün isə FDS mütləq qalib gəlməlidir. Droqbanın komandası mundiala qonaq kimi gəlmədiyi barədə proqnozları hər iki oyunda təsdiqlədi. FDS Afrika komandalarına xas hücum futboluna meyllidirlər və Yaponiya ilə ilk oyunda 2 dəqiqə ərzində matçın taleyini həll etmələri də buna sübutdur.
Ardıcıl üç dəfədir Afrikanın ən yaxşı futbolçusu adına layiq görünən Yaya Ture isə bu mundialda özünü təsdiq edə bilmir. Rəqib Yunanıstan isə bu mundialda heç bir uğura imza atacaq gücdə deyil. Teofanis Gekaks, Dimitris Salpinqidis, Georqios Samaras, Kostas Katsuranis və Karaqunis kimin oyunçular indi yalnız “bostanda qarğaları qorxuda bilər”.
Əsasən müdafiə futbolu oynayan yunanların bu gün FDS qarşısında nə qədər duruş gətirəcəyi maraqlıdır. Yaponiyanın da bu gün işi çətin olacaq. Kolumbiya indi yaxşı formada və yüksək əhval-ruhiyyədədir.
Bu qrupda kim ikinci olacaq? Çətin sualdır...