Hakimiyyət ATƏT-in tədbirində Qərbi hədəf seçəcək

24-06-2014, 12:13   
Hakimiyyət ATƏT-in tədbirində Qərbi hədəf seçəcəkBakıda anti-Rusiya kampaniyası necə «kompensasiya» ediləcək?

ATƏT-in Bakıda keçiriləcək 23-cü sessiyası hakimiyyəti təşvişə salıb və yaranmış narahatlığın simptomları artıq görünür. Bildiyiniz kimi, ATƏT-in Bakıda keçiriləcək 23-cü sessiyasında Rusiyaya qarşı qətnamə qəbul ediləcək.

Belə ki, ABŞ senatoru Bencamin Kardinin Rusiyanın Ukraynaya qarşı siyasətini ittiham edən qətnamə layihəsi müzakirə olunmaq üçün ATƏT-in illik toplantısının gündəliyinə daxil edilib. Kardin bu qətnamədə Rusiyanı Ukraynanın Cənub-şərqini özünə birləşdirmək cəhdində ittiham edib.

Qətnamə layihəsinin rəsmi adı “Rusiya Federasiyası tərəfindən Helsinki prinsiplərinin növbəti dəfə kobud pozulması” adlanır. Sənəddə “suverenlik hüququna hörmət”, “güc tətbiqinin yolverilməzliyi”, “ölkənin ərazi bütövlüyünün tanınması, mübahisələrin dinc yolla tənzimlənməsi, ölkənin daxili işlərinə qarışmamaq və insan haqlarına hörmət” tezisləri əks olunub.

Rəsmi Moskva bu sənədə artıq etirazını bildirib. Dumanın sədri Narışkin isə bununla bağlı ATƏT ölkələri ilə danışıqlar aparıldığını söyləyib.

Azərbaycan hakimiyyəti isə antiRusiya layihəsində iştirak etməmək və bu vəziyyəti neytrallaşdırmaq üçün yollar axtarır.

Qeyd edək ki, bugünlərdə NATO Parlament Assambleyasının Bakıda keçirilən “Cənubi Qafqaz: problemlər və imkanlar” adlı 86-cı “Rose-Routh” seminarında da bənzər qalmaqal yaranmışdı və Qərb diplomatları Rusiyanı tənqid atəşinə tutmuşdular. Həmin tədbirdə Azərbaycan hökumətinin təmsilçiləri qəzəbləndi və Ziyafət Əsgərovun dili ilə ABŞ sərt ittiham olundu.

Yəni hakimiyyə tədbirdə yaranmış antiRusiya ovqatına, antiQərb çalarları qataraq vəziyyəti neytrallaşdırmağa cəhd etdi.

Bu baxımdan ayın 28-də Bakıda keçiriləcək tədbir daha mühüm əhəmiyyət daşıyır və “Rusiyanın qətli”nin olacağı ehtimalı gözlənilir.

Yazının girişində qeyd etdiyimiz kimi hakimiyyət çox narahatdır və hakimiyyət sözçüləri mətbuata açıqlamalarında bu narahatlığı etiraf edirlər.

“Azadlıq”a gələn məlumatda bildirilir ki, hakimiyyət ATƏT-in Bakı tədbirində “erməni kartı”na istinad edərək, vəziyyətdən çıxmağa çalışacaq.

Belə ki, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov ermənilərə qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qətnamə layihəsi hazırlayıb. Artıq qətnamə layihəsini 14 ölkədən 58 nümayəndənin imzaladığı bildirilir. Məqsəd həmin qanun layihəsini ATƏT-in 23-cü sessiyasında müzakirəyə çıxarmaq və müzakirələrin müstəvisini dəyişməkdir.

Artıq hökumətyönlü deputatlar bu “əməliyyat”ın təbliğatını aparmağa start verib və antiQərb kampaniyasını “arqument”lə əsaslandırmağa çalışırlar.

Yəni bu qətnamə qəbul olunmasa, hakimiyyət yeni fürsət əldə etmiş olacaq və Qərbi ikili standarlarda ittiham edəcək.

Bir sözlə, hakimiyyət bu dəfə də antiRusiya layihəsnidən yeni bəhanə ilə yayınmağa çalışır və Rusiyaya növbəti töhvəsini vermək istəyir.

Biz Ermənistana qarşı sanksiyaların tətbiq olunmasının tərəfdarıyıq. Ancaq bu məsələnin Rusiyanı müdafiə məqsədilə gündəmə gətirilməsi, ən azı qeyri-səmimilikdir. Həm də o Rusiyanın ki, Qarbağın işğalına birbaşa nəzarət edib və xeyir-dua verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.