“Mədəniyyət və incəsənət sahəsində A-dan Z-yə hər şey rüşvətlədir”

7-04-2019, 19:48   

“Məni qabiliyyət imtahanına buraxmayıb dedilər ki, “get 5000 gətir”

Vüsalə Musayeva: “Azərbaycan mədəniyyətini doğma dilində danışmağı özünə sığışdırmayanların ümidinə qoymaq olmaz”


Müsahibimiz istedadlı xanəndə,hazırda Almaniyada mühacir həyatı yaşayan Vüsalə Musayevadır. “Leyli və Məcnun”da Leyli obrazının ifaçısı olmuş V.Musayeva qərib eldə həmvətənlərimizin əhvalını keyfiyyətli musiqiyə kökləyən, xalq və bəstəkar mahnılarının mahir ifaçısıdır. Gənc xanəndə ailə vəziyyətilə bağlı olaraq fəaliyyətinə fasilə verdiyini desə də, soydaşlarının bir araya gəldiyi tədbirlərə böyük həvəslə qatıldığını söyləyir:
– Bəli, artıq 3 il 4 aydır ki, Almaniyadayam. Doğrusu, övladlarım kiçik olduğundan hazırda yaradıcılığa müvəqqəti olaraq fasilə vermişəm. Ancaq tədbirlər olduqca ara-sıra qatılmağa çalışıram. Əlbəttə qəriblikdə yaşamaq da, fəaliyyət göstərmək də çətindir, lakin uyğunlaşmağa məcburam. Əgər bu nüansı istisna etsək, ümumilikdə bir insan, şəxsiyyət kimi rahatam və artıq bu mühitə alışmışam. Hətta yaxın gələcəkdə Almaniyanın sənət ocaqlarında özümü sınamağı da planlaşdırıram.

– Yəni hazırda səhnədən tam uzaqsınız. Yəqin səhnə ücün darıxırsınız…

– Söhbətimizin əvvəlində də dediyim kimi, hazırda daha çox övladlarımla məşğulam. Əsasən onların təhsilinə, tərbiyəsinə vaxt ayırıram. Allah bütün balaları xoşbəxt eləsin. Mən də övladlarımın gələcəyini parlaq görmək istəyirəm. Ona görə də hələ ki, tam gücümlə inteqrasiyaya vaxt ayıra bilməmişəm. Ancaq yaxın gələcəklə bağlı iri layihələr həyata keçirməyi düşünürəm. İnşallah onları gerçəkləşdirmək nəsib olar. Səhnə üçün darıxmağa gəlincə, əlbəttə darıxmışam. Çünki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsi mənimçün başqa bir aləm və sözlə ifadə edə bilməyəcəyim bir hiss, sevgi, vurğunluqdur. Amma əfsuslar olsun ki, həyat gözləmədiyimiz sürprizlərlə qarşımıza çıxır. Muəllimlərim, ustad sənətkarlarımız, məni sevən, dəyər verən, hətta Azərbaycanda olmasam belə hələ də məni unutmayan, hər zaman ifalarımı paylaşan tanımadığım pərəstişkarlarım üçün çox darıxmışam.

“Efirə çıxmaq, dövlət tədbirlərində çıxış etmək üçün ya pulun, ya da “adamın” olmalıdır”

– Hazırda Azərbaycanda əcnəbi ölkələrə üz tutan incəsənət xadimlərinin sayı artmaqda davam edir. Sizcə bu nə ilə bağlıdır?

– Bəli, əfsuslar olsun ki, belədir. İstedadlı sənətkarlar, gənc və ya orta nəsil olması fərq etmir, əksəriyyəti xaricə üz tutur. Məncə, Azərbaycanda incəsənət xadimlərinin qiymətləndirilməsi sahəsində dəyərlər mövcud deyil. Sənət adamlarına hansı dəyərlərə görə qiymət verilməsini müəyyən etmək imkansızdır. Bu da birmənalı olaraq bu sahəyə nəzarət edən Mədəniyyət və Turizm Nazirliyinin günahıdır. Bu qurumda çalışanlar sənəti, sənətkarı doğru qiymətləndirməyi bacarmır, istedadlı musiqiçilərə, eləcə də incəsənətin digər sahələrində fəaliyyət göstərən şəxslərə layiq olduqları diqqeti yetirmir, onları sənətdən uzaqlaşdırmağa calışmaqla məşğuldurlar. İncəsənət sahəsindəki rüşvətxorluğun üstü açılsa, bu böyuk bir qalmaqala səbəb olar. Efirə çıxmaq, dövlət tədbirlərində çıxış etmək, qastrollara getmək üçün ya pulun, ya da” adamın” olmalıdır. Əks təqdirdə bütün bunlardan məhrum olacaqsan. Bugünlərdə həmkarım Ülvi Qılıncın bəyanatını eşidəndə təəccüblənməsəm də, çox məyus oldum. Azərbaycan mədəniyyətini dünya səviyyəsində təmsil edə biləcək belə sənətkarlara əfsuslar olsun ki, qiymət verilmir. Heç onların dövlət tədbirlərində iştirakı da təmin edilmir.

“Mədəniyyət və incəsənət sahəsində A-dan Z-yə hər şey rüşvətlədir”

– O zaman siz də əvvəllər səhnəyə pulla çıxmısınız?

– Əlbəttə yox. Mən Opera və Balet Teatrının solisti və baş obrazın ifaçısı olduğum üçün bəzi tədbir və səfərlərin siyahısına mənim adımı salmaga məcbur idilər. Çunki 30 ildən sonra opera səhnəsinə yeni ruh və nəfəs gətirən, ilk debüt edən mən idim. Digər səfərlərə isə xaricdən aldığım dəvətlər sayəsinde getmişəm. Heç kimə sirr deyil ki, mədəniyyət və incəsənət sahəsində A-dan Z-yə hər şey rüşvətlədir. Yadımdadı ki, mən universitetə qəbul olunduğum zaman test mərhələsindən keçmişdim. Lakin məni qabiliyyət imtahanına buraxmayıb dedilər ki, “get 5000 AZN gətir”. Hələ mən dahi Ü.Hacıbəyovun “Leyli və Məcnun” əsərinin baş qəhrəmanı obrazının ifaçısı idim. Əslində bu, ən böyük imtahan idi. Opera səhnəsində xalqın qarşısında bu obrazı ifa etməkdən daha böyük imtahan ola bilməzdi. Amma bunlar nəzərə alınmadı, yenə də məndən rüşvət tələb olundu.
Əslində mədəniyyət işçilərinin əksəriyyəti mövcud vəziyyətdən çox narazıdır. Yalnız ölkə başçısının ailəsinə yaxınlığı ilə seçilənlərə normal münasibət mövcuddur. Heç kəs etiraz edə bilməsə də, bu acı da həqiqətdir. Hazırda Azərbaycan incəsənətinə dövlət qayğısı demək olar ki, mövcud deyil, incəsənətin sütunu çökmək üzrədir. İndi efirlərdə ancaq rəqqasələr, “sponsorlar” hesabına 50 manata restoranda oxumaga çalışan savadsızlar, səviyyəsizlər, onlara oxuyan deməyə bele heyfim gəlir, sirk göstərirlər. Başlıca günahkar bu şəraiti yaradan və baş verənlərə göz yumub öz biznesini inkişaf etdirən Mədəniyyət və Turizm Nazirliyi, ölkədə mədəniyyət sahəsinə məsul olan şəxslərdir. Azərbaycanda incəsənətə, mənəvi və mədəni dəyərlərin qorunmasına diqqət ayrılmır, bununla baglı dövlət proqramının mahiyyəti bilinmir. İncəsənət xadimlərinə hansı dəyərlərə görə qiymət verilməsini müəyyən etmək mümkün deyil. Dünya incəsənətinə, mədəniyyətinə korifeylər bəxş edən Azərbaycan mədəniyyətini doğma dilində danışmağı özünə sığışdırmayan, öz evində belə əcnəbi dildə danışan şəxslərin ümidinə qoymaq olmaz. Bir haldaki, dahi şair Nəsiminin sözlərinə hind musiqisini calaq edib, toy tutmaq prinsipi ilə yaşayanları efir çixardan, o səviyyəsizlərə o həddi verən nazirlikdən, eləcə də MTRŞ-dan bundan artıq nə gözləmək olar?


Ömrunu sənətə qurban verən onlarla əvəzolunmaz sənətkarlarımız rütubətli daxmalarda, dərman almağa pulu olmadan canını ölümə təslim edərək bu dunyadan köçdülər. Hansı sənətkar ki əyilmir, sözunu deyir, etirazını bildirir, onu vəzifədən götürür və ya işdən azad edirlər. Bəzən elə də olur ki, istedadlı və unudulan sənətkarlara ölümündən sonra fəxri ad verilir, bəzilərinin də ölümünə bir həftə qalmış müalicə xərclərini kimsə üzərinə göturür.
Azərbaycanda sənət adamlarına da yaltaqlıq səviyyəsinə görə qiymət verilir. Siyasət elə qurulub ki, mütləq yaltaqlanmalı və rüşvət verməlisən. Bu isə mənim həyat prinsipimə uyğun deyil. Azərbaycanda qalsam, daha yaxşı yaşaya bilərdim. Amma mən o yolları keçə bilməzdim və onlar mənim gedəcəyim yollar deyil. Bu səbəblərə görə də mən vəziyyətə dözə bilmədim və ölkəni tərk etdim.
Bu gün Azərbaycanda incəsənət bir qrup şəxsin çiyinlərində dayanıb. Onlar da hakim ailənin himayəsində olan sənətçilərdir. Hakimiyyəti tənqid edən və ya rüşvət verməyən sənətçilərə Azərbaycanda yer yoxdur.

– Azərbaycana qayıtmaq kimi planlarınız varmı?

– Azərbaycana qayıtmağ haqqında hələ ki düşünmürəm. İnanmıram ki, Azəarbaycanda qısa müddətdə ciddi dəyişikliyə nail olmaq mümkün olsun. Bütövlükdə ölkədə, o cümlədən, incəsənət sahəsində ciddi islahatlar aparacaq hakim komanda movcud deyil. Nazirliklə olan problemlərim davam edir. Eyni zamanda həyat yoldaşıma də ölkədə ciddi problemlər yaradılıb və həmin problemlər davam etməkdədir. Avropada siyasi mühacirlərin tədbirlərində etdiyim cıxışlara görə, dəfələrlə Azərbaycanda ailə üzvlərimə xəbərdarlıqlar edilib, müxtəlif təzyiqlər göstərilib. Lakin bu təzyiqlər təbii ki, məni dəyişməyəcək.
Daha yaxşı olar ki, incəsənət xadimlərinə tam sərbəstlik verilsin və sənət adamlarının siyasətdən kənar öz işlərini qurmasına şərait yaradılsın. Bu halda ölkədə incəsənət inkişaf edər, qanunsuyluqlar isə azala bilər.

Xəyal

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.