"Vaxilə Ramiz Rövşən və Vaqif Bayatılı ilə bağlı yazıma görə Əbülfəs Qarayev məni işdən çıxardı”.
Bu sözləri BakuPost-a "Mədəniyyət” qəzətinin keçmiş redaktoru Xeybər Göyyalı deyib. Onun sözlərinə görə, 2010-cu ildə işlədiyi qəzetdə "Ədəbiyyat söz oyunu deyil” yazı yazıb və orada adı çəkilən şairləri tərifləyib. Bu isə nazirlikdə böyük səs-küy yaradıb. Yazı dərc olunandan bir müddət sonra nazir Əbülfəs Qarayev onu və qəzetin baş redaktoru Nigar Mənsimovanı yanına çağıraraq, təhqir edib və işdən qovub.
Şikayətçi məsələ ilə bağlı BakuPost.az-ın redaksiyasına göndərdiyi yazını və onların işdən qovulmasına səbəb olan məqaləni təqdim edirik:
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyini üzvü olan Xeybər Göyallı 12 kitab müəllifidir.
Yazmamaq olmur
Bu barədə olay baş verərkən, lap isti-isti yazacaqdım. Onda ki, qələmimi cibimə taxıb "Mədəniyyət” qəzetindən çıxıb getmişdim. Onda mənə demişdilər ki, daha orada qalıb işləyə bilməzsən. Həmin vaxt mənə həyatda xeyirxahlıq etmiş ünlü bir qələm əhlini bu və ya digər səbəbdən mülahizə etdim, onun hədəfə gəlməsini istəməmişdim. Qənaətimdə bu gün də özümü haqlı sayıram. Amma mənən çox rahat olduğumdan qəlbimin dərinliyində tam əmin idim ki, bu barədə nə vaxtsa yazacağam. 2017-ci ildə "Avropa” nəşriyyatı tərəfindən nəşr olunmuş "İnsan ehkamı” adlı ədəbi-bədii-publisistik kitabımda da Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində (həmin vaxt nazirlik bu ad altında fəaliyyət göstərirdi) ciddi söz-söhbətə səbəb olmuş, əslində kimlərinsə kafasını alt-üst etmiş həmin köşə yazısını (həcminə görə də, həqiqətən, künc yazısı idi, kiçik idi) vermişəm. Adıçəkilən kitabda "Qəzet səhifələrindən” rubrikasında "Ədəbiyyat söz oyunu deyil” sərlövhəli həmin yazını məqsədli şəkildə kitabın son səhifəsində oturtmuşdum. Çünki, adətən, kitabın birinci və sonuncu yazısı oxucunun yaddaşında daha çox özünə yer alır.
"Mədəniyyət” qəzetinin 15 yanvar 2010-cu il tarixində dərc olunmuş bu yazının kitab versiyasına bir postskriptum (P.S.) da yazmışdım. Həmin vaxt o qeydləri yazarkən bu qənaətdə idim ki, "stəkanda fırtınanı” törədən rəyasət və səlahiyyət sahibi olan görkəmli bir yazıçıdır. Güman edirdim ki, bu, paxıllıqdan, qısqanclıqdan törəyə bilər. Əslində bu belə deyilmiş, ilanı Seyid Əhməd əli ilə tuturmuşlar. Sonradan bildim ki, "zəlzələ”nin episentri daha dərin və əhatəli olduğundan həmin yüksək mənsəb sahibi olan yazıçının vasitəsilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinə zəng elətdirilib. Doğrusunu deyim ki, lap yuxarı qatlarda oturan bəzi mənsəb sahib(lər)inin kafasında "fırtına” yaratmış, qəlbində tufan, qasırğa qoparmış, "Mədəniyyət” qəzetində işıq görmüş həmin kiçik yazı uzun müddət mənə ağrı-acı gətirdi. Qəzetdə yazı dərc olunandan ay yarım - iki ay sonra baş redaktoru və məni Mədəniyyət nazirinin qəbuluna çağırdılar. Deyilən saatda bəlli məkanda olduq. Cəmiyyətdə nazir həmkarları ilə müqayisədə az-çox öz demokratikliyi və humanizmi ilə seçilən mədəniyyət naziri Ə.Qarayev özündə deyildi, tamam dəyişmişdir. Onu yaxından tanıyanlar dedilər ki, onu bu hələ bu halda görən olmayıb. Nazirə nə demişdilər, necə demişdilərsə, ağ yuyulub, qara sərildik. Baş redaktorun qadın olduğunu göz önünə alan nazir məni daha çox tənəli və tikanlı ifadələrə qonaq etdi. Vallahi-billahi, mən nazirdən əsla incik olmadım. Əgər bu məsələ birbaşa nazir tərəfdən olsa idi, aradan keçən ay yarım-iki ay müddətində olardı. Demək, "əlcək” yuxarıdan atılmışdır. Tamam hövsələdən çıxmış nazirin son sözü bu oldu: durun gedin, ikiniz də işdən azadsınız.
Bəs, mənim bu ağır və üzücü duruma düşməyimə səbəb nə idi?! Mən adıçəkilən köşə yazısında (inandırıcı olması üçün həmin köşəni bu yazıya əlavə edib dəyərli oxucuların mühakiməsinə verəcəyəm) Azərbaycanın ünlü şairləri, bu günlərdə Xalq şairi adına layiq görülən Ramiz Rövşən və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi adını almış Vaqif Bayatlı Odər haqqında düşüncələrimi qələmə almışdım. Qeyd etdiyim kimi, səs-küyə səbəb olmuş köşə yazısını burada verəcəyim üçün təfərrüata varmadan yenə həmin fikirdəyəm ki, ədəbiyyatda hər kəs öz yerini tutur, bu yeri də hər kəsin öz sözü müəyyənləşdirir. Sözə "ehya verənlər”(Füzuli) sağlıqlarında canlı klassikə çevrilirlər. Mənim yazdığımın mənası, nüvəsi budur. Mən nəyi səhv yazmışam? Bu, mənim düşüncəmdir. Demirsiniz fikir plüralizmidir, kafasında zəlzələ yaranmışlar da bunun əksini yazsın. Təki yazsın. Amma sözə görə çarmıxa çəkdirmək nə gərək. Bu tendensiya özünü doğrultmadığından çox arxada qalıb.
Həmin ssenarini quranların kimliyini dəqiq bilmirəm. Fərq etməz onlar kimdir, ad və soyadları nədir. Ancaq onlar yad planetlilər deyil, onlar bizimlə birgə Azərbaycanda yaşayır və bizləri idarə edirlər...
Bunları yazmaqla mən özümdən qəhrəman obrazı düzəltmək niyyətindən yeddi ağac uzağam. Əgər fəaliyyətimdə bu yeganə hadisə olsa idi, əsla yazmazdım. Əmim Cəbrayıl İsmayıloğlu ilə hər görüşəndə hal-əhval tutandan sonra ilk sözü bu olardı: "Qardaşoğlu, qələmindən qorxuram”. Mən isə bu fikrin dərinliyinə varmadan deyərdim: "Cəbi əmi, heç narahat olma, heç vaxt şər-böhtan yazmamışam, kiminsə fitvasına getmərəm”. Sən demə, əmim düz deyirmiş, düzü yazan düzdə qalırmış. Çox əfsuslar olsun ki, arxada qoyub gəldiyimiz illərdə dəfələrlə eyni halla üzləşmişəm. İndi isə illər öncə baş vermiş olayı ibrətamiz bildiyim üçün ictimailəşməsini məsləhət bildim. Sözə, fikrə, düşüncəyə qarşı durmaq hələ də tam aradan qaldırılmayıb. Bu fanatizmdir. Sözə, fikrə və düşüncəyə qarşı durmaq kor ədavətdir. Biz dəyişməliyik. Düşüncəmiz, təfəkkürümüz, dünyagörüşümüz dəyişməlidir. Fanatizm və kor ədavət bir çox səlahiyyət və mənsəb sahibləri tərəfindən hələ də qorunub saxlanıldığından biz dəyişmirik və dəyişə bilmədiyimiz üçün də irəli gedə bilmirik. Unutmayaq ki, mərtəbələrin sayını artırıb saysız-hesabsız göydələnlər tikməklə, mobil telefonlarımızı tez-tez yeniləməklə, ev əşyalarımızı modern stilə dəyişməklə, ailədə hərəyə bir avtomobil almaqla irəli gedə bilməyəcəyik. Əsla unutmayaq ki, bütün yenilikləri, dizayn və stilləri dünya bizdən yox, biz dünyadan mənimsəyirik.
Onu da unutmayaq ki, dünya Azərbaycanı yüksək mənsəbli məmurları ilə deyil, bəşəri ideyaların daşıyıcıları olan ədəbiyyat və sənət adamları ilə tanıyır. Özü də əbədi olaraq.
İndi isə 2010-cu ildə dərc olunmuş yazını oxucuların diqqətinə təqdim edirəm:
Ədəbiyyat söz oyunu deyil
Kimsə nə vaxtsa ədəbiyyatı söz oyunu adlandırıb. Düzü, orasını bilmirəm ki, bu ifadə ilk dəfə hansı kontekstdə işlədilib. Ancaq bəri başdan onu əminliklə demək olar ki, bu ifadənin sahibi böyük və ciddi ədəbiyyatın yaradıcısı olmayıb. Onu da cəsarətlə demək olar ki, həqiqi ədəbiyyatın yaradıcıları ədəbiyyata, sözə ciddi münasibət bəslədiklərindən heç vaxt ona oyun kimi yanaşmayıblar, ömürbillah da sözlə oynamayıblar. Dəyərlər məcmusu olan ədəbiyyat oyun yeri ola bilməz. Çünki ədəbiyyatla oyun tərs mütənasibdir. Ədəbiyyat səmimidir. Amma oyun deyilən şeydə bir məkr, bir riyakarlıq var. Sözün müstəqim mənasından yanaşsaq, sözlə oynamaq mümkün deyil. Məcazi mənasına gəldikdə isə ciddi ədəbiyyat barəsində bu ifadəni işlətmək ən azı insafdan deyil. Etiraf edək ki, söz oyunu ifadəsində mənfi bir məna yükü yatır. Ədəbiyyatı yüksək tutanlar sözə müqəddəs bir varlıq kimi yanaşırlar. Söz onlar üçün qeybdən gəlir.
Çoxdanın söhbətidir, Ramiz Rövşənin "Göy üzü daş saxlamaz” kitabı yenicə işıq üzü görmüşdü. Həmin vaxt işlədiyim kollektivdə Ramiz Rövşənin adıçəkilən kitabından söz düşmüşdü. Hər kəs öz arşınına uyğun danışdı. Bu söhbətə qulaq asan bir nəfər isə lap "gül vurdu”. Ağzını açıb nə desə, yaxşıdı: "Bunları elə hamı yazar. Ramiz Rövşən özündən təzə söz yaratmayıb ki, bu sözlər var idi də”.
Həmin vaxt qeyri-iradi olaraq əlimizi əlimizə vurub qəhqəhə çəkdik, həmin pedanta verilən cavab da çox sadə oldu.
Ədəbiyyata söz oyunu kimi baxanlara elə gəlir ki, sözləri atıb-tutmaqla nəyəsə nail olur, nəyisə yaradırlar. Bilənlər bilir ki, həqiqi ədəbiyyat sadəcə mübtəda və xəbər sıralanması üzərində qurulmur. Böyük ədəbiyyat azaddır, o, heç bir qəlibə sığmır, heç bir çərçivə tanımır.
Bir çox qələm əhlindən ”Ədəbiyyat söz oyunudurmu?” sualına münasibətlərini soruşmuşam. Fərqli münasibətlər sərgilənib. Ədəbiyyatda imzasını təsdiqləyənlər, ədəbi ictimaiyyət tərəfindən qəbul olunmuş yazarlar "oyun” sözünü müqəddəs sözlə qoşa çəkilməsini istəmirlər. Axı oyun sözü daha çox siyasətlə uzlaşır. Beynəlxalq aləmdə belə siyasəti "çirkli oyun” adlandırırlar. Orada danışıqla əməl bir-birinə uyğun gəlmir. Ədəbiyyat könül işi, haqq işidir. Ədəbiyyat mənəviyyat məcmusu, əxlaq konstitusiyasıdır, orada hiyləyə yer yoxdur. Ciddi ədəbiyyatdan uzaq olanlar ədəbiyyata "söz oyunu” kimi yanaşırlar. Onların yanaşmasına görə, söz oyunu loto və lotereya oyunu kimi bir şeydir. Həmin şəxslərin gümanınca, loto və lotereya oyununda daşlar qarışdırılıb çıxarıldığı kimi, ədəbiyyatda da sözlər axtarılıb tapılır. Əlbəttə, ədəbiyyatın materialı sözdür. Söz də ki, böyük Füzuli demişkən, dərya dibindəki mirvariyə bənzəyir, onu axtarıb tapmaq üçün qəvvas olmaq gərəkdir.
Ədəbiyyat oyun sevmir. Oyun deyilən şey olsa-olsa "yüngül ədəbiyyata” aid ola bilər. Sözlə oynayanlar uduzurlar. Ədəbiyyata oyun kimi baxanlar gec-tez uğursuzluğa düçar olurlar. Yenə söz mülkünün sultanı Füzuli babamız demişkən, sözə eyha (qiymət) verənləri söz ucaldır, əbədiləşdirir. Sözü uca tutanlar öz sağlıqlarında belə ucalırlar - klassikləşirlər. Necə ki, yaşadığımız günlərdə Ramiz Rövşən və Vaqif Bayatlı Odər müasirlərimiz olan klassik yazarlardır. Ədəbiyyatımızda yerləri bəllidir. Şəhərimizdəki (paytaxtımızdakı) hündürmərtəbəli binalar uzaqdan göründüyü kimi, onlar da zamanın sonsuzluğunda görünəcəklər. Ədəbiyyatdakı sıralanma da bir şəhər misalı kimidir, hər kəs öz yerini tutur, heç kim başqasının yerində dura bilməz. Ramiz Rövşən və Vaqif Bayatlı Odərin ədəbiyyatda yerləri var. O yer onlarındır. Onların durduqları sıra, tutduqları yer klassiklərə məxsusdur. Bu gün onların yaradıcılığını lazımınca dəyərləndirməyənlər də var. Bu məqamda fərqli baxışların olmasını təbii qəbul etmək olar. Həmin kəslər söz oyunu ilə məşğul olduqlarından yanaşmaları da bu cür fərqlidir. Bax söz oyunu ilə o kəslər məşğul olurlar. Çünki onların deməyə sözləri, ədəbiyyatda qalmağa üzləri yoxdur. Ədəbiyyat və söz oyun vasitəsi deyil. Ciddi ədəbiyyatda oyun deyilən məfhumun əlamətləri belə sezilmir. Söz od kimidir. Necə ki, odla oynamaq olmur, eləcə də sözlə oynamaq mümkün deyil. Sözlə oynayanlar yanırlar. Sözlə ciddi münasibət quranlar isə əbədiyyət qazanırlar. Əbədiyyətin iksiri isə sözdədir.