Bu ilin əvvəlində Qazax rayonunda baş verən faciə gənc ailənin səadətinə əbədi son qoydu. 22 yaşlı Vüsalə Məmmədova aylardır bətnində gəzdirdiyi və həsrətlə yolunu gözlədiyi körpəsini dünyaya gətirdi, amma bu, ona öz həyatı bahasına başa gəldi…
Qazax rayonu, Bakı küçəsi 175 ünvanında yaşayan Vüsalə Məmmədova yanvarın 31-də vaxtından öncə təbii doğuş keçirib.
3 kiloqram çəkidə dünyaya gələn oğlan uşağının vəziyyəti normal olsa da, ananın halı evə buraxılandan sonra pisləşib. Gənc qadın Bakıya, Kliniki Tibbi Mərkəzə gətirilsə də, təəssüf ki, burada da onun dərdinə dərman tapılmayıb. Çarəsiz qalan ailə üzvləri Vüsaləni Gürcüstana aparıblar. V.Məmmədovanın ailəsindən verilən məlumata görə, gənc qadın doğuşdan sonra daxili qanaxma keçirib. Ona Gürcüstanda tibbi yardım göstərilsə də, səhhətində heç bir irəliləyiş olmayıb. Qonşu ölkənin tibb işçiləri Vüsalənin həkim səhlənkarlığı üzündən bu hala düşdüyünü bildiriblər. Qadın vaxtından əvvəl təbii doğuş keçirdiyi üçün daxili orqanları zədələnib. Həkimlər bundan gec xəbər tutublar. Onların fikrincə, əgər vaxtında müdaxilə olsaydı, bəlkə də, vəziyyət bu qədər pisləşməzdi. Həkimlərin səylərinə baxmayaraq, yenicə analıq sevincini yaşayan Vüsalə Məmmədova təxminən bir həftə sonra, fevralın 7-də dünyasını dəyişib. Çox təəssüf ki, bu, 2014-cü il ərzində Azərbaycanda doğuş zamanı baş verən yeganə ana ölümü faktı deyil. Təxminən bir ay öncə analoji hadisə Ağstafada baş verib. Poylu kənd sakini Təranə Əhmədova kəskin sancılarla Ağstafa rayon Mərkəzi Xəstəxanasına daxil olub. Hamilə qadın qeysəriyyə əməliyyatı ilə övladını dünyaya gətirib. Balaca sağ-salamat doğulsa da, gənc anaya körpəsini qucağına almaq nəsib olmayıb. Ağır keçən doğuş nəticəsində çoxlu qan itirən Təranənin həyatını, həkimlər xilas edə bilməyiblər. Digər bir hadisə isə elə bu gün – aprelin 23-də Ucarda baş verib. Zərdab rayon sakini, 20 yaşlı Sayad Abdulrəhmanova aprelin 21-də doğuş üçün Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Doğuş qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilib. Uşaq götürüləndən sonra ananın vəziyyəti pisləşib. Xəstəxanaya Bakıdan çağırılan həkimlər gəlsə də, ananı xilas etmək mümkün olmayıb, qadın gecə saatlarında dünyasını dəyişib. Dünyaya gələn oğlan uşağının isə tam sağlam olduğu bildirilib. Azərbaycanda doğuş zamanı körpə ölümləri hallarına da rast gəlinir. Təkcə cari ilin fevralında Bakı şəhəri 7 saylı Doğum Evində 1, mart ayında isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında isə əkiz körpələrin ölümü baş verib. Sadaladığımız bu faktlar 2014-cü ilin ilk dörd ayında qeydə alınıb. Bəs ötən il bu sahədə vəziyyət necə olub?2013-cü il: 24 ana ölümü Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasının sədri Leyla Rzaquliyevanın sözlərinə görə, Azərbaycanda 2013-cü ildə 24 ana ölümü qeydə alınıb. Bu halın 3-də 2-si barəsində inzibati tədbirlər görülüb. Belə ki, 11 ay ərzində 10 həkim işdən çıxarılıb, 77 tibb işçisi barəsində şiddətli töhmət və digər tədbirlər görülüb. “Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib” – bunu isə Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli bildirib. Onun sözlərinə görə, əgər 2005-ci ildə 141 901 doğuş zamanı 41 halda ana ölümü baş vermişdisə, 2012-ci ildə 173 547 doğuşdan 26 belə hala rast gəlinib. 2013-cü ildə isə 175 minə yaxın doğuş olub ki, bu zaman 24 ana ölümü faktı qeydə alınıb. Elə səhiyyə naziri Oqtay Şirəliyev də 2013-cü ilin yekunlarına həsr edilən kollegiya iclasında ana və uşaq ölümlərindən bəhs edib: “Çalışmalı olduğumuz əsas sahələrdən biri də ana və uşaq ölümü faktlarının azalmasıdır. Bu sahədə sıçrayış olmasa da stabil, dinamik irəliləyişlər var” – deyə, nazir bildirib. O.Şirəliyevin sözlərinə görə, 2006-cı ildə ana ölümü əmsalı 34,2 idisə, 2013-cü ildə bu rəqəm 14,5-ə enib. Uşaq ölümü 16,2 promillidən 13-dək aşağı düşüb.Qonşu ölkələrdə ana ölümü: artır, yoxsa azalır? Maraqlıdır, Azərbaycana qonşu olan ölkələrdə bu sahədə vəziyyət necədir? Ana ölümləri əvvəlki illərə nisbətən azalır, yoxsa artır? 76 milyona yaxın əhalisi olan qardaş Türkiyənin Səhiyyə Nazirliyinin ötən il açıqladığı hesabatda göstərilir ki, son on ildə ana və uşaq ölümü azalıb. Belə ki, 2002-ci ildə hər yüz min canlı doğuşda ana ölümü əmsalı 64 idisə, indi sayı təqribən 4 dəfə azalaraq 15,4 olub. Canlı doğulan hər min körpədə ölüm nisbəti 2002-ci ildə 31,5 olduğu halda, hazırda bu göstərici 7,4 təşkil edir. 143 milyon əhalisi olan Rusiyanın Səhiyyə Nazirliyinin ötən il açıqladığı hesabatda bildirilir ki, son 12 il ərzində (2000-2012) Rusiyada ana ölümü iki dəfə azalıb. 2000-ci ildə 503, 2012-ci ildə isə 219 ana ölümü qeydə alınıb. 2013-cü ildə 100 min təbii doğuş keçirən qadından 11,5 faizi ölüb. Hər il Rusiyada doğuş zamanı 220-290 ana ölümü faktı qeydə alınır. Bəs görəsən, doğuş zamanı ana ölümləri faktları niyə baş verir? Niyə qadınlar uşaq dünyaya gətirərkən həyatlarını təhlükəyə atır, bəzən isə ömürlərini balalarına bağışlamalı olurlar?Hamilə qadınlar niyə qeydiyyata düşmürlər? Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasının sədri Leyla Rzaquliyevanın sözlərinə görə, bu, müxtəlif səbəblərdən baş verir. Belə ki, hamilə qadınlar qadın məsləhətxanasında qeydiyyata alındığı kimi, həmçinin sahə həkim-pediatr tərəfindən də qeydiyyata götürülməlidirlər. Amma qadınlar qeydiyyata düşmürlər və onlar müxtəlif özəl klinikalara müraciət edirlər. Həmçinin, onların müxtəlif xəstəlikləri olur və bunu gizlədirlər. Səhiyyə nazirinin müavini Elsevər Ağayevin sözlərinə görə isə, Azərbaycanda ötən il ərzində həkimlərin səhvi ucbatında ana ölümü halları baş verməyib. Hər bir ana ölümü Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən analiz edilir: “Ana ölümü halları yalnız Səhiyyə Nazirliyi tərəfindən deyil, prokurorluq orqanları tərəfindən də araşdırılır və bununla bağlı cinayət işləri açılır. Həkimlərin az və ya çox dərəcədə qeydə alınan səhvləri də Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasının diqqətindən kənarda qalmayıb. Bu həkimlər cəzalandırılıblar. Onların iş yerləri dəyişdirilib, daha aşağı vəzifəyə keçiriliblər, yaxud vəzifələrindən uzaqlaşdırılıblar” – deyə, nazir müavini bildirib.Kimdir müqəssir: həkim, yoxsa, hamilə qadın? “Ana ölümü məsələsində günahkar axtarmaq lazım deyil, burada araşdırmaq lazımdır” – bunu isə ixtisasca həkim olan millət vəkili Musa Quliyev deyir.