Kremlin yeni Qarabağ oyunu

29-06-2014, 11:03   
Kremlin yeni Qarabağ oyunuTorpaq əvəzinə yeni rus boyunduruğuna girməyə, Rusiyanın vədlərinə inanmağa dəyərmi?...

Artıq heç şübhə yox ki, Rusiya Azərbaycanı Avrasiya Birliyinə tovlamaq, daha doğrusu, öz toruna salmaq üçün hərəkətə keçib. Hətta bəzi mənbələrə görə, bu yöndə real təkliflər irəli sürüb. Bakı ilə Moskvanın ciddi bazarlaşma işində olduğunu, konkret olaraq işğal altındakı bir neçə rayonun boşaldılması qarşılığında Azərbaycanın “yeni SSRİ” layihəsinə razı salındığını söyləyənlər də az deyil.
Bu ehtimal və zənləri Bakıya rus emissarlarının xeyli intensivləşən səfərləri, prezident Putinin qəfildən öz azərbaycanlı həmkarı İlham Əliyevə zəng edərək Qarabağ məsələsindən danışması xeyli artırıb. Əlbəttə ki, belə anlaşmalar telefonla əldə olunmur. Daha çox, qapalı görüşlərin və müzakirələrin predmeti olur. Diplomatlar və emissarlar da elə ondan ötrü deyilmi?
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da iddia edir ki, Azərbaycanla üç rayonun qaytarılması artıq razılaşdırılıb. Onun sözlərinə görə, Ermənistanın da razılığı alınıb və danışıqlarda Rusiya mühüm rol oynayır. Ü.Cəfərova görə, bu üzdən Azərbaycan üçün kritik vəziyyət yaranıb, çünki üç rayonun qaytarılması qarşılığında Rusiya Avrasiya İttifaqına üzvlük şərtini irəli sürüb.
Beləliklə, artıq elə mərhələyə daxil olmuşuq ki, gizlədiləsi bir şey də qalmayıb. Xüsusən də Rusiya tərəfi son vaxtlar Qarabağ kartını açmağa meylli görünür. Məsələn, Rusiya prezidentinin müşaviri Sergey Qlazyov “Vestnik Kavkaza”ya müsahibəsində deyib ki, “Dağlıq Qarabağ konfliktinin nizamlanması təkcə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə deyil, Avrasiya inteqrasiya layihələrinin gerçəkləşməsinə də stimul verərdi”.
Sitat: “Azərbaycan bizim ənənəvi və xeyirxah tərəfdaşımızdır. Biz onunla hər gün işləyirik. Əfsus ki, Azərbaycan Avrasiya iqtisadi inteqrasiya layihəsində iştirak eləmir. Rusiya üçün bu, çatışmayan cəhətdir və biz bu ölkəni Avrasiya inteqrasiya prosesinin tamhüquqlu üzvü kimi görmək istərdik”.
Müşavirin sözlərinə görə, Rusiya rəhbərliyi Qarabağ probleminin Cənubi Qafqazın iqtisadi inkişafını nə dərəcədə əngəllədiyinin fərqindədir: “Heç kimə sirr deyil ki, buna Ermənistan-Azərbaycan konflikti əngəl yaradır. Əgər münaqişə qəti şəkildə yoluna qoyulsa, o zaman düşünürəm ki, Avrasiyaya inteqrasiya proseslərində Azərbaycanın iştirakına maneələr də götürülər. Fikrimcə, son vaxtlar Rusiya hakimiyyəti tərəfdən Azərbaycana olan böyük maraq məhz bununla izah edilməlidir”.
Göründüyü kimi, Moskva Azərbaycanı AB-yə qoşmaq üçün Qarabağ kartından istifadə eləmək istədiyini gizlətmir. Ancaq şirniklənməyə dəyərmi? Doğrudanmı, şimal qonşumuz özünün alovlandırdığı münaqişəni bütünlüklə və ədalətli şəkildə yoluna qoymağa hazırlaşır, yoxsa başımızı bir-iki rayonun boşaldılması ilə aldadıb, Azərbaycanı yeni boyunduruğa salmaq istəyir?
Böyük ehtimalla, ikinci variantdır. Ona görə ki, problemin tam şəkildə və hərtərəfli həlli Kremlin Azərbaycan və Ermənistana təzyiq rıçaqlarını bütünlüklə itirməsi demək olardı. Aydın məsələdir ki, bu iki Güney Qafqaz ölkəsinin Qərbə inteqrasiyasını əngəlləyən əsas amil məhz Qarabağ konfliktidir.
O üzdən Rusiya həm də tələsir. Tələsir ki, nə qədər gec deyil, Azərbaycan da Ukrayna, Gürcüstan və Moldova kimi günün birində Avropa İttifaqı ilə assosiativ saziş imzalamasın. Ondan sonra, təbii ki, Bakını geri qaytarmaq mümkün olmayacaq. Amma Azərbaycan Avrasiya Birliyinə qoşularsa, oradan çıxması xeyli müşkül olacaq. Artıq Moskva Ermənistanın torbasını tikib. Qalır regionun açar dövləti, AB-yə Ukrayna qədər xüsusi sanbal verə biləcək Azərbaycan...
Bəs Azərbaycan Kremlin şirnikləndirici təkliflərinə uymalıdırmı?
Yaxın tariximiz göstərir ki, əgər suverenliyimizi saxlamaq istəyiriksə - qətiyyən! Çünki Rusiyanın milli suveren dövlətlərə verdiyi qarantiya Ermənistanın timsalında əyani görünür. Bizim də bundan artıq sərbəstliyimiz, söz sahibliyimiz olmayacaq. Elə isə 1-2 rayona görə yeni rus boyunduruğunu qəbul eləməyə, ərazimizdə təzədən Rusiya hərbi bazalarını bərpa eləməyə dəyərmi, nəzərə alanda ki, Kreml heç Qarabağ ixtilafını kardinal həll etməyə də girişməyəcək? Sual ritorikdir.
Məsələ də ondadır ki, Azərbaycan üçün ən yaxşı yol nə qədər çətin də olsa, hələlik neytrallığı saxlamaq və Kremlin təklifindən, AB-yə üzvlükdən yayınmaqdır. Bundan ötrü ən məqbul yol Rusiyadan ixtilafın kardinal və ədalətli həllini tələb eləmək, istisnasız olaraq işğal altındakı bütün ərazilərimizin qeyd-şərtsiz qaytarılmasını istəməkdir. Təbii ki, Moskva razı olmayacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.