"İllərimi aldılar, hər cür böhtan atdılar... heç bir fikrimə görə peşiman deyləm”
ANAM MƏNİ ÖLDÜRMƏK İSTƏYİRDİ
İyulun 23-də Azərbaycanın məşhur estrada və opera müğənnisi, Milli Azadlıq Hərəkatı fəalı, xalq artisti Flora Kərimovanın 78 yaşı tamam olur. O, ad günü ərəfəsində BakuPost-a geniş videomüsahibə verib, bir çox maraqlı məqamlara ilk dəfə aydınlıq gətirib.
Həmin müsahibəni təqdim edirik:
- Flora xanım əvvəla təşəkkür edirik ki, 78 yaşın astanasında, işlərinizin çox olduğu bir vaxtda geniş müsahibə verməyə razılaşdınız...
- Əslində, biz sizə "çox sağol” deməliyik. Çünki siz bizi, hər birimizi, öz tariximizdə yaşadırsınız. Yaxınlarımıza, əzizlərimizə, təbii ki, hardasa məkanıma məndən xatirə qoyursunuz.
- Sizdən o qədər xatirə var ki... İnsanlar sizin mahnılarınızla böyüyüb, sizin mahnılarınızla sevib, sizin mahnılarınızla ayrılığa ağlayıb, sizin mahnılarınızla... aşiq olur hələ də.
- Çox sağolun. Mahnılar düşərli, ya da düşərsiz olur. Düzdür, heç bir mahnıda özümü oxumuram, ancaq hansısa bir taleni səsləndirəndə, onun göz yaşlarını görəndə və düşünəndə ki, o göz yaşları ilə bir yerdə sabaha ümid gəlir, bu, özü böyük təsəllidir. Özümü mahnılarda görmürəm. Ancaq o mahnıların kiməsə təsəlli verməyə qadir olan qüdrətinə inanıram.
- Bəlkə də sırf sizə, sizin taleyinizə yazılan mahnı yoxdur. Ancaq yəqin ki, hardasa o notların içərisində ömrünüzdən bir pay var. Ola bilməz ki, orada sizdən bir ştrix olmasın, ya da oxuyanda nəyisə xatırlamayasınız. Ya bəlkə bir dinləyici kimi siz də öz mahnılarınıza kövrəlirsiniz, nəyisə xatırlayırsınız...
- İnanırsınız, oxuyanda yox, amma dinləyəndə siz deyən hissləri yaşayıram. Mən səsimə ayrı bir varlıq kimi baxıram. Yəni hansısa bir həyatın nağıl deyəni olar a, elə bil, masa arxasında oturub kiminsə içindən keçən suallara cavab tapıram. Mahnılarda niyə özümü görməmişəm? Çünki heç vaxt özümə, şəxsiyyətimə "yazıqlar olsun”larla yanaşmamışam. Mən mübariz adamam, üsyankar adamam. Eşitmişəm deyə deyirəm - bir simalı adamam. Və o simada bütövlüyümə sahib olmaq istəmişəm. Pis adamın da bütövlüyü olur. Ancaq qorxu, gözdən düşmək qorxusu. Hər şeydən əvvəl, övladlarımın yanında nüfuzumu itirməyim. Övlad bəlkə də hamıdan tez görür ki, sən kimsən. Övlad hamıdan tez görür, nə qədər sən səmimisən. O fikir, şəxsiyyət haçalanmasından qorxmuşam. Düzdür, o xüsusiyyətlər təbiətimdə yoxdur. Bəlkə də ona görə mən bir vətəndaş kimi də formalaşdım. Müğənni kimi sevilmək olar. Özünü hansısa bir mahnı hesabına sevdirmək olar. Ancaq bir insan, bir vətəndaş, bir qadın, ana kimi qəbul edilmək üçün o meyarlara uyğun insan olmalıdır. Mən çalışmışam elə olum.
QADIN TALEYİMİ MƏNƏ BAĞIŞLAMADILAR
- Maraqlıdır, o mahnılara qulaq asanda sizdə daha çox hansı hisslər olur. Keçmiş ömür yoluna baxanda bir insan kimi daha çox nə keçir içinizdən - təəssüf hissləri, darıxmaq, özləm, peşimanlıq... Hansı nostalji?
- Həsrətli günlərə, gözü yaşlı günlərə... Biri var, gözündən yaş tökülsün ürəyin soyusun. Biri də var, ürəyinin göz yaşı. Onu heç nə ilə soyutmaq olmur. O anlara hansı nostaljidən danışmaq olar? Nostalji nədir - o anları yaşamaqdır. Taleyimdə heç nəyi dəyişmək istəməzdim. Birincisi, mən real adamam. Mən Allahla Allahlıq edə bilmərəm. Məni yaradıb, qismətimi yaradıb, yazıb. Anamın bətnində kim olacağıma qədər yazıb. Kiminlə mübahisə edim? Kimdən tələb edim? Nə deyim? Allahlıq etməyə nə düşüncəm, nə gücüm var. Onun yazdığını yaşayıram. İstəsəydi, məni gözdən salardı, istəsəydi, tapdayardı, istəsəydi, çirkaba batırardı. Ancaq bir xüsusiyyət də verib - mübarizə xüsusiyyəti. Çılğınlıq verib. Hardasa müdriklik verib. Qurban olum ruhuna, anam deyərdi, düşün danış. Düşün danış - yəni planlaşdır danış. Biri var düşünüb danışasan, biri də var təbiətin danışa. Mənim təbiətim danışırdı deyə, 50 il bundan qabaq dediyim sözü bu gün təkrar edə bilərəm. Niyə? Ona görə yox ki, əzbərləmişəm. 50 il bundan qabaq sözün üstündə durub, o həyatı yaşamaq lazımdır ki, bu gün o sözü beynindən çıxartmayıb, təbiətin sənə o sözün mənasını dilə gətirə bilsin. Bəlkə də Tanrıdan gələn bu xüsusiyyətim məni gözdən düşməyə qoymadı.
DÜŞMƏNLƏRİM MƏNDƏN MÜXALİFƏTÇİ "DÜZƏLTDİLƏR”
- Mübarizədən, təbiətinizdəki üsyankarlıqdan danışdınız. Bu, həmin xətt idi ki, sizi siyasi proseslərə də apardı?
- Mən müxalifətçi deyildim, indi də deyiləm. Peşəkar müxalifətçi olmaq üçün bilik lazımdı, hər yerdə, hər vaxt və dediyin mövzuya olan münasibət lazımdır. Bir alim kimi araşdırmaq lazımdır ki, sənin dediyin söz millətin tələbi, iztirabı, baxışı, düşüncəsi ilə üst-üstə düşsün. Mən çox individual yanaşırdım. Düşmənlərim məni müxalifətçi kimi qələmə verdilər ki, vursunlar. Müxalifətçi olmaq üçün o səviyyəyə qalxmaq, hər şeydən xəbəri olmaq, dünyadakı gedişatı izləmək lazım idi. Ancaq feysbukdan, ya hansısa bir mənbədən hansısa bir fikri formalaşdırmaq müxalifətçi olmaq deyil.
- Amma həmin dövrdə sizin xeyli enerjiniz getdi, xeyli problemlər oldu, qadağalar qoyuldu. Özünü müxalifətçi hesab etməyən adamın belə addımlar atmasına dəyərdimi, sizcə?
- Dəyərdi. Niyə? Çünki, mən özlüyümü qoruya bildim. Mən özgürlüyümü qoruya bildim. Yaltaq olmadım. Başıaşağı olmadım. Min üzlü olmadım. Dediyim sözün mənasını yaşadım, dərk etdim. Ona görə insanlar qəbul etdi məni.
- O dövrdə bir komandada olduğunuz adamlarla münasibətləriniz davam edir?
- Xeyrə-şərə çalışıram gedim. İndi 78 yaşım var, mənim fiziki imkanım yoxdur. Çalışıram, qorxmadan çalışıram, gedim. Nədən qorxum, keçmişimdən qorxum? Kiməsə əl uzadıb, boynunu qucaqlayıb necəsən demək... ondan qorxum? Mənliyimdən qorxum, varlığımdan qorxum? Mən bunu yaşamışam. Bunu niyə və kimdən gizlədim? Hər şey insanların gözü qarşısında baş verib. Qorxum, desinlər, ikiüzlüdür, minüzlüdür? Desinlər,özünü şəraitə uyğun aparır?.
Mən neçə illər oğlumun "Audi”si ilə güzəranımı keçirdim. O "Audi" köhnəldi, lakka-loka çevrildi. İnandırım sizi, hərdən maşının qapısını aça bilmirdim, xarab olurdu. Sürücü tərəfin qapısı açılmırdı. Sükan arxasına o biri qapıdan birtəhər keçirdim. Çıxmaq da bir ayrı əziyyət. Və mən düşünmürdüm ki, kiməsə kompliment deməklə o maşını ondan artıq maşınlara dəyişə bilərəm. Vaxt var idi, mənim evimi əlimdən almaq istəyirdilər. Min bəhanə ilə, min böhtanla. Alınmadı...
- Necə oldu ki, alınmadı?
- Arxamda millətim durdu. Mənə nankor olmayan millətim durdu. Millətim anladı ki, nə iztirablar çəkirəmsə, onların yolunda çəkirəm. İndi bəlkə qəribə gəlir sizə. Mənə də vaxtında qəribə gəlirdi ki, mənim yox olmamağımın səbəbi millətimdi. İki varlıq məni xırdalamadı - bir Yaradan, bir də torpağımı qoruyan ikinci yaradanım, millətim, xalqım. Mən həmişə deyirəm, əvvəl millətim, sonra xalqım. Çünki bu çoxmillətlər ölkəsində bir-birimizə dayaq olmağı bacardıq. Bir Şəhidlər Xiyabanına baxın. Soyadları oxuyun, kimlər var. Hamısı Vətən dedi, çıxdı küçəyə. Mən onların zərrəsiyəm. Bax, onlar qoymadı mən tapdalanım. O ruhlar qoymadı, o canları sağ olmuş insanlar qoymur indi də. Güvənməyə yerim var - bir Tanrım, Yaradanım, bir də İnsan! Buna görə də heç bir addımıma, heç bir fikrimə görə peşman deyiləm. Heç bir itkimin arxasınca baxıb ağlamamışam, təəsüflənməmişəm. Mən Florayam!
Bilirsiniz, vaxt var idi, hər şeydən qorxurdum. Ancaq qorxa-qorxa qorxudan çıxmışam. Qorxmağa bir hadisəm, bir insanım, kənardan olan bir zərbəm qalmayıb.
MÜXALİFƏTİN XEYİR-ŞƏRİNDƏ İŞTİRAK EDİRƏM
-Bilirik ki, Sizin Elçibəylə çox yaxın münasibətiniz olub. Onun bu yaxınlarda rəhmətə gedən həyat yoldaşı Həlimə xanımı tanıyırdınızmı? Onu necə xatırlayırsız?
-Hə, eşitdim rəhmətə gedib. Allah rəhmət eləsin!
-Yasında iştirak etdinizmi?
-Etməmişəm, amma ailəsinə baş çəkəcəm. Qoy bir az toparlansınlar, sonra.
Mən ümumiyyətlə, çalışıram müxalifət düşərgəsinin ziyalı adamlarının, başbilənlərinin xeyir-şərində iştirak edim. Məsələn, İsa Qəmbərin oğlunun toyunda da olmuşam, oxumuşam, təbriklərimi çatdırmışam.
-Amma deyəsən, ikinci oğlunun toyuna dəvət etsələr də, iştirak etməmisiniz...
-Hə, düzdü. Onda xəstə idim. Hansısa məclisdə iştirak etməyə səhhətim imkan vermirdi.
- Flora xanım, sənətdəki düşmənçiliklər nə ilə bağlı olub? Sizə qarşı hücumlar, qadağaların kökündə nə dururdu?
- Yalquzaqlığım, müstəqil düşüncəm, heç kimə bənzəməmək. O da Yaradandan gəlir. Oturub pıçı-pıçı eləmirdim. Kiminsə dalıyca danışmırdım. Paxıllıq etmirdim. Əyin-başa paxıllıq etməmişəm heç vaxt. Heç kimin masasında gözüm olmayıb. Kiməsə zirvə görünən bir varlıq mənim üçün adi olub. Çox şeydən Yaradan məni azad elədi.
Ancaq düşmənçilik başladı səsimdən və qadın taleyimdən. Hətta onu başıma da vuran oldu. Mən tabut dalınca getmişəm. Mən harınlayıb qismətlərimi dəyişməmişəm. Və onun mənə hörməti... Məni ana görmək istəyirdi, bir evin xanımı görmək istəyirdi, məni başı uca bir qadın görmək istəyirdi. O xasiyyəti, o qisməti mənə yazdı. Mən təqsirkar deyiləm ki, qismətim belə yazılıb. Mən təqsirkar deyiləm ki, məni istədilər. Hərdən deyirlər, ev dağıtdın. Ay sizə qurban olum, dağılan evin nəyi dağılmalıdır? 17 il məni qızımın atası ilə həyat bağladı. 17 il o girəndə mən ayağa qalxırdım. Mənim oğlum ayağa qalxırdı. Nəticəsi - oğlum bir dəfə də mənim yanımda siqaret çəkmədi. Nəticəsi - mən girəndə oğlum ayağa qalxırdı. Bizim evdə övladım məni öpəndə mən "çox sağol” deyirəm. Hətta telefonda belə. Övlada tərbiyəni bətndən verirlər. Bilirsiniz, 4 ayından sonra övlad bətndə nəfəs alır. Dediklərini eşidir, sənin ünvanına deyilənləri bilir, sənin həyəcanını bilir. Hətta ana övladından canını qurtaranda o bunu hiss edir. Gedir bir küncdə gizlənir: "Məni tapmasın həkim". Hətta orada o mübarizəyə başlayır.
Necə ki, mən anamla mübarizəyə başladım, anam məni tələf etmək istəyəndə. Müharibə dövründə, çətinlikdən... Dedim ki, yox ey, mənim Allahım sən deyilsən. Mənim doğulmaq haqqım sənin iradəndən keçmir, ana. Əgər mən bir ay müharibədən sonra doğulmalıyamsa, deməli, doğulacam...
ANAM MƏNİ BƏTNİNDƏ TƏLƏF ETMƏK İSTƏYİRDİ
- Yəni az qalırmış, Azərbaycan Flora Kərimovasız olsun?
- İmkan vermədim ki. Anamın məni tələf etməsi fikri baş tutmadı və mən doğuldum. Başı bəlalı, xasiyyəti yerə-göyə sığmayan, sözü guppuldadan, acıdil biri kimi. Bircə şeyi demədi Flora Kərimova - mənəm, mənəm.
- Bilirik ki, bir müddət Polşada yaşamışınız, ora ərə getmisiz. Bu necə oldu?
-Bu dillərdən, bu söhbətlərdən qaçmaq istədim. Və qadağalardan qaçmaq istədim. Bilirsiniz, hökumətin hər şeydən xəbəri olmurdu axı. Elə bir səviyyələrdə mənə qarşı gəlirdilər ki... Mən də qürurlu bir adam. Anam deyirdi, ay qızım, get başa sal də. Deyirdim ana, nə başa salım?! Başa salım ki, mən varam, mənim yaxşı səsim var? Niyə? Televizoru açıb görmürlər? Kiminsə sözünün üstündə mən 20 ilə yaxın qadağada olmuşam. Məni yazırdılar, özgələrini göndərirdilər. Ta ki KQB polkovniki Eldəniz bəy, o bizim sahəni kurasiya edirdi, danışana qədər. Mənim haqqımda danışılanlarla mənim kimliyim arasında o qədər məsafə gördü ki... Əslində həmin vaxt təhlükənin böyüklüyünü dərk etmirdim. İllər sonra KQB polkovniki "Yeni Müsavat” qəzetində etiraf eləmişdi ki, KQB-nin güllələnmə siyahısında mənim də adım olub.
- Bu neçənci illər idi?
- Sovet dövründə idi. Təbii ki, burada bir nəfərin çox böyük fəaliyyəti var idi. "Flora Vətən xainidi!" Düzdü Sovet dövründə mən sovetin əleyhinə nələrsə deyə bilərdim, hətta hərdən Brejnevin də. Belə-belə damla-damla yığıldı, yığıldı, düşdüm güllələnmə siyahısına. "Anonimka" vardı, kimin ağlına nə gəlirdi, böyük dəftər, qəşəng yazan qələm götürüb yazırdı. Dil də farağat durmur axı...
- Sizin üçün SSRİ-nin Azərbaycanında təhlükəli, Polşasında təhlükəsiz idi?
- Bilirsiniz niyə getdim?! Axı xaricə buraxmırdılar. Polşada mən hətta yaşamaq statusu da almışdım. Getdim ki, bax məni buraxmırsınız da xaricə. Bir xanım hər gün yazırdı ha, hər gün. Bir "anonimka"nı o birinin yanına qoyanda təəccüb edirdim. Bir ayda neçə dəfə yazar adam?! Təbii ki, beyni dolur da kimlərinsə ki, bəlkə də elə "torbada pişik var". Yazırdılar, yazırdılar... Dedim bəlkə gedərəm xaricə məndən əl çəkələr. Onu da ki, belə də saxta bir nikahla.
- O nikah saxta olub?
- Bəli, saxta olub. Orda vətəndaşlıq üçün lazım idi. Onu da başıma vurdular. Saxtalığı yox. Saymağı. Bir, iki, üç, dörd...Sonra beş-altısını da yanına yazırdılar yalandan, olurdu, Allah bilir nə qədər?! Getdim Polşaya gəldim. Yenə eyni şey. Heç nə dəyişmədi.
ALLAH CƏNNƏTİ PİS ADAMLARLA MURDARLAMAZ
- "Bir nəfər” deyirsiz həmişə söhbətlərinizdə. Təbii ki, söhbətin kimdən getdiyin hamı bilir. O xanımı heç öləndə də bağışlamadınız...
-Yox, birincisi, bir nəfərin gücü çatmazdı. Bir nəfər olurdu çox nəfər. Bir nəfər olurdu MVD, olurdu KQB, olurdu "Narodnıy kontrol", evimə gəlirdilər, yoxlayırdılar, evimi əlimdən almaq istəyirdilər. Qarajımı sökürdülər. Bir nəfər olurdu çox nəfər. Çünki o bir nəfərin təbii ki, gücü çatmazdı. O elə bir insan idi ki, qollu-qanadlı. Bir də ki, ölüm kimin üzünü ağardır, kimin xasiyyətini dəyişir, kimi nəcibləşdirir? Dünyasını dəyişəndə də varlığı ilə gedir də o dünyaya. Ancaq o dünyada ona yiyə duran olacaqmı? Bax deyirlər, Allah bağışlasın, Allah bağışlayandı. Yox, Allah pis adamları bağışlamır. Allah cənnəti pis adamlarla murdarlamaq istəmir. Ona görə deyir ki, həyatda yaşamısan, lənət almısan, mən səni ora buraxmayacam.
- Adam inana bilmir: o mahnıların müəllifi, o ürəyin sahibi, o boyda duyğusallıq və kiməsə qarşı bu boyda kin...
- Kinli oldum. Ancaq mən kinli deyildim. Mənim evimdə işləyən bir tanış qadın anamın brilliantlarını, iri zümrüd qaşlı kolyelərini, brilliant üzüklərini oğurladı. İnandırım sizi, xəstələnmişdim, 40-41 qızdırmam var idi. Mən anamın qarşısında diz üstə sürünürdüm ki, mama, qurban olum tutdurma. Oğurlayıb, çünki hansısa bir zadəgan ailənin oğluna ərə getmək istəyirdi. Həmin Florayam da. Nə qədər məni sındırmaq istəmək olar?! Nə qədər yalanlar danışmaq olar?! Nə qədər mənim xoş xasiyyətimi çirkablamaq olar?! Üzüyumuşaqlığımı iradəsiz qəbul edib, üstümə yerimək olar... Nə qədər qismətlərimi mənim başıma vurmaq olar?! Nə qədər övladlarım haqqında yalan danışmaq olar?! Nə qədər həyat yolumu kəsib xırdalamaq olar?! Nə qədər...?!
- 78 yaşınız tamam olur. Heç vaxt da yaşınızı gizlətməmisiniz.
- Gizlətmirəm.
- Necə bir ömür yaşadınız? Geriyə baxıb hesabat verirsiniz özünüzə?
- Geri dönüb baxmamışam. Ömrümü saf-çürük etməmişəm. Və necə yaşamağımın qiymətin də verməmişəm. Bir simalı insanın buna ehtiyacı yoxdur.
- Flora xanım, həmin o köhnə "Audi”si olan oğlunuz indi nə ilə məşğuldur?
- Ona qurban olum. Həmişə zarafat edirəm onunla, ancaq necə, deməyəcəm. Bircə sözüm var - mama qurban, mama qurban, mama qurban, qamətini itirmə! Almaniyadadır. Təbii ki, övladları, işi, gücü. Qızım İngiltərədədir.
- Övladlarınıza çox bağlısınız.
- Çox bağlıyam. Çünki mənim ən çətin günlərimin şahidi olublar. O günləri, o həyatı mənimlə birgə yaşayıblar.
AD GÜNÜM ÖLÜM AXTARDIĞIM GÜNDÜ
- Sizin doğum gününüz iyulun 23-dür - Ağdamın işğal olunduğu gün. Bildiyimiz qədərilə o tarixdən doğum gününüzü qeyd etmirsiniz...
- Qeyd etmirəm. Necə qeyd edim? Mənim yadımdadır eşidəndə ki, hansısa torpağımız gedib, deyirdim, Allah mənə ölüm ver. 23 iyul ölüm axtaran günlərimdən biridir.
SƏN NEYNƏDİN, ZEYNƏB XANLAROVA?
- Flora xanım, siyasi prosesləri, cəmiyyəti qoyaq bir tərəfə, öz sahənizdə baş verənlərə münasibətiniz necədir? Düzdür, ara-sıra bəzi məsələlərlə bağlı mövqeyinizi demisiniz. Hətta prezidentin sənət adamları ilə görüşündən sonra da münasibətinizi açıqlamışdınız. Yaşınızın, təcrübənizin elə vaxtıdır ki, mədəniyyət sahəsində baş verən proseslərə diqtə etmək haqqınız çatır. Bu sahədə nə dəyişməlidir sizcə?
- Bilirsiniz, mənim elə yaşımdır ki, gərək, susub başağrısız yaşayım. Ancaq xasiyyət qoymur. Prezidentin mədəniyyət adamları ilə görüşünə toxundunuz. Təbii ki, şəxsi maraqlar var idi. Prezident onları dinləməyə hazır idi. Prezident kömək etmək istəyirdi. Ancaq bir çərçivə qoydular hər insanın qarşısında - konkret bir sual, konkret vaxt.
Bəziləri düşündülər, ancaq özlərini yox, təmsil etdikləri qurumun problemlərini qaldırdılar və nəticəni də gördülər. Məni ən çox qıcıqlandıran, orada danışmağa imkanı olan insanların danışmaması idi. Bir də Zeynəb Xanlarova. Zeynəb Xanlarova, sən Azərbaycanın millət vəkilisən, hansısa bir regiondan seçilən deputatsan. Sən neynədin, Zeynəb? "Gəlin gözəllikdən danışaq". Müharibə olan bir ölkədə, şəhidlər olan bir ölkədə yeganə gözəllik o müharibənin qələbəsi olar. Hansı gözəllikdən danışırsan? Küçələrin abadlığından, ya şəhidlərin analarının göz yaşından? Niyə danışmadın bu haqda? Yeyə bilirsən, qazana bilirsən, rifahını düzəldə bilirsən, millətinə "qara camaat" deyə bilirsən, Milli Məclisdə hansısa senzi aşağı salıb, hansısa senzi yuxarı qaldıra bilirsən, ancaq bir dəfə millətin sözünü demirsən? Niyə? Gah düşmənə düşmənsən, gah düşmənə dostsan. Gah müharibə istəyirsən, gah da gözəllikdən danışırsan. Bəli, mən bir nəfərin yaxasından tuturam. Çünki o bir nəfər çox nəfərlərə nümunədir. O bir nəfərin yolu ilə yüz nəfər, min nəfər gedə bilər.
REYTİNQƏ SATILAN NAMUS
- Ümumiyyətlə, bu sahədə inkişaf, danışa bilənlərin susmaması, problemləri şəxsi konteksden yox, ümumi iş naminə demək, mədəniyyətimizi diri etmək üçün nələr lazımdı?
- Baş verənlərin qiymətini mən yox, media verməlidir. Çünki siz insanların fikrinə təsir edə bilirsiniz. İnsanların düşüncə səmtini formalaşdırırsınız. Niyə insanlardan soruşursunuz? Niyə Flora Kərimovadan soruşursunuz? Bir halda ki, Flora Kərimovanın və ona bənzər sözü deyən insanların sözü keçmirsə, niyə soruşursunuz? Siz bu fikirləri yeritməlisiniz. Belə olmamalıdır, belə olmalıdır... Kanallarda nə görürəm? İntriqa. Kimsə kiminsə xətrinə dəydi onları çağırırlar ki, daha çox didişsinlər. Reytinq. Reytinq də nədir?! Reklam deməkdir, qazanc deməkdir. Deməli, bu insanın heysiyyətini, qeyrətini, namusunu bir reytinqə satırsan, öz qazancına dəyişirsən. Nədi, nədi, sənə və işlədiyin kanala gəlir gələcək. Onda sənin millətə hörmətin harda? Sənin vətəndaşlığın harda? Bir də vətəndaşlıqdan danışmaq üçün sənə mənəvi haqq lazımdır. Azərbaycan hələ namus, qeyrət anlayışını itirməyib. Binamus bir insan namusdan danışanda, vətənpərvərlikdən danışanda, danışmaq bir qırağa qalsın, öyrədəndə mən nə düşünüm o insan haqqında? Hanısa bir mötəbər kanalın sözünü öz sözü kimi deyəndə, reytinqə düşəndə, mən onun haqqında nə düşünüm?! Və nə deyim? Hansı sözüm eşidiləcək?
- İxtisasca həkimsiniz, Tibb Universitetini bitirmisiniz. Heç çalışmadınız bu sahədə?
- İnstitutu bitirdikdən sonra Əzizbəyov adına xəstəxanasında işlədim. Sonra da mənim izlərimi axtarırdılar. Sonra bir "provokasiya" olmalı idi, onun qarşısını almaq üçün çıxdım getdim həkimlikdən.
- Hansı ixtisas üzrə işləyirdiniz?
- Mama-ginekoloq.
- Mamaça kimi uşaq dünyaya gətirmisiniz?
- Elə gətirmişəm, qışqırda-qışqırda.(gülür)
- Sonra heç olmasa yaxınlara, ətrafınza həkim kimi kömək edirdiniz?
- Yox, sonra başımı güclə salamat saxladım. Bilirsiniz, nə olurdu? Qapımı polis döyürdü, rayon milisi. Sonra şəhər milisi, sonra MVD. Sonra keçirdi rayon KQB-sinə, şəhər və ölkə KQB-sinə. Rayon, şəhər Xalq nəzarəti. Bax belə əldən-ələ. Bezdim, yoruldum.
- Nə axtarırdılar. Bayaq da bu mövzudan danışdınız. Açığı, bir balaca qaranlıq qaldı. Bəlkə nəyisə demirsiniz? Bu təzyiqlərin kökündə nə dayanırdı? Hardan, nədən başladı? Axı bir adamın şikayəti ilə bu boyda hadisələr baş verə bilməzdi.
- Mənim evim qəşəng idi. O zamanlar o evlərdən çox nadir hallarda var idi. Binada bir mənzil idi. Yazdılar ki, onun mənzilində 50 köçkün məskən sala bilər. Cumurdular üstümə, evimi əlimdən almaq istəyirdilər. Bir gün qapımı döydülər, girdilər. Onda da Qorbaçov təzə qanun çıxarmışdı. "Anonimka"ya fikir verməmək. Və "anonimka"nı yazanın kağızın göstərdilər mənə. Allah, nələr yazılmışdı. O yazılanların içindən baş çıxarmaq çətin idi. Ona görə deyirəm ki, Eldəniz Quliyev, KQB polkovniki... İndiyə qədər mən ki, belə sağam ha, ona borcluyam. Məni KQB sədri Ziya Yusifzadə çağırdı yanına. Görüşdə bilirisiniz nə oldu?! Özgənin suçunu mənə dedi ki, siz bunu eləmisiniz. Dedim, vallah, mənim o hadisəyə aidiyyətim yoxdu. Orda mənə aydın oldu ki, o vaxt nüfuzlu bir xanım dövlət əleyhinə bir iş görüb. Həmin işi isə mənim üstümə atmaq istəyirlər. Mən faktlarla danışandan sonra Yusifzadə knopkanı basdı ki, neyləyirsiniz siz? Siz burada işləyirsiniz, hadisələrdən xəbəriniz yoxdursa, sizin burada nə işiniz var? Mənim yanımda oldu bu söhbət.
Görün nələrdən keçmişəm. Ona görə deyirəm ki, bir neçə il sonra Eldəniz bəy "Müsavat"a o müsahibəni verəndə mən başa düşdüm ki, kimə "sağ ol” deməliyəm ki, güllələnməmişəm. O qədər ustalıqla məni o güllələnməyə yeritmişdilər ki... Məni Allah saxladı.
Günay, Elçin
BakuPost