«Hakimiyyətə Qərbdən təzyiqlərin artması Ilham Əliyevi belə çıxış etməyə məcbur edir»
ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasında dövlət başçısı Ilham Əliyev Avropa qurumlarına ünvanlanan mesaj kimi qəbul oluna biləcək fikirlər səsləndirib. Beynəlxalq qurumlarla əməkdaşlıqdan danışan ATƏT və digər beynəlxalq təsisatlar qarşısında götürülən öhdəliklərin və aparılan əməkdaşlığın planlaşdırılan bütün işləri icra etməyə imkan yaradacağını söyləyib.
Azərbaycanın hazırda etibarlı tərəfdaş sayıldığını bildirən prezidentin sözlərinə görə, etimad hər gün qorunmalıdır: “Yalnız bir səhv və ya yanlış addım bu etimadı məhv edə bilər. Buna görə də beynəlxalq ictimaiyyətin bir çox üzvləri, xüsusən Avropa ölkələri ilə fəal ikitərəfli münasibətlər bizim prioritetlərimizdən biridir. Bu sözləri həm də digər qitələrdə olan ölkələrə də şamil etmək olar”.
Ilham Əliyevin bu fikirləri beynəlxalq qurumların ünvanına hədə, yoxsa xəbərdarlıq hesab edilə bilər?
Ekspertlər Azərbaycan hakimiyyəti ilə Qərb ölkələri arasında artıq xeyli müddətdir ciddi gərginliyin yaşandığını deyir. 2013-cü ilin prezident seçkilərindən sonra Qərb ölkələrinin və aparıcı beynəlxalq təşkilatlarının seçkinin nəticələrini mənfi qiymətləndirməsi münasibətlərin daha da gərginləşməsinə səbəb olub. Əvvəlki dövrlərdən fərqli olaraq son aylarda Qərb dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini daha sərt şəkildə tənqid ediblər. Tənqidlərin predmeti Azərbaycan hakimiyyətinin repressiyaları daha da gücləndirməsi, siyasi məhbusların sayını artırması, söz, mətbuat, ifadə və sərbəst toplaşma azadlıqlarının məhdudlaşdırılmasıdır. Avropa Şurasının yenidən siyasi məhbus məsələsinə qayıtması, ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilən tədbirində bu və demokratiya ilə bağlı digər həyəcan doğuran məsələlərə geniş diqqət verilməsi, beynəlxalq mətbuatda Ilham Əliyevin və yaxın ətrafının korrupsiya və digər məsələlərlə bağlı sərt şəkildə tənqid edilməsi hakimiyyət üçün xoşagəlməz vəziyyət yaradıb. Bu baxımdan Ilham Əliyevin Qərb dünyasına açıq hədə xarakterli son çıxışı hakimiyyətin çox ciddi narahatçılığının göstəricisidir. Hakimiyyətə Qərbdən təzyiqlərin artması Ilham Əliyevi belə çıxış etməyə məcbur edir. Bir məsələni xüsusi qeyd etməyə ehtiyac var ki, son aylarda Azərbaycan hakimiyyətinin antiQərb çıxışları Qərbə ünvanlanmış şantaj və hədələri hakimiyyətin istədiyi effekti vermədi. ABŞ və Avropa ölkələri hakimiyyətin gözlədiyinin əksinə olaraq repressiv siyasətə qarşı daha sərt mövqe tutub. Ilham Əliyevin səsləndirdiyi bu fikri son aylarda dəfələrlə aşağı ranqlı məmurlar bildirib. Artıq elə bir vəziyyət yaranıb ki, hətta Azərbaycanın dövlət başçısının bu tipli çıxışları Qərbi mövqeyindən geri çəkilməyə məcbur etməyəcək. Məsələ burasındadır ki, ABŞ-ın ciddi şəkildə dəstəklədiyi, AB-nin uzun illərdir həyata keçirdiyi Şərq Tərəfdaşlığı proqramı 6 ölkədən 3-ü - Ukrayna, Moldova və Gürcüstanla Assosiasiya müqaviləsinin imzalanması ilə nəticələndi. Obyektiv gerçəklik ondan ibarətdir ki, bu proqram çərçivəsində yer alan Azərbaycan indi Qərbin ən çox diqqətində olan ölkədir. Növbəti mərhələdə Azərbaycanla bu proqramda nəzərdə tutalan ciddi sənədlərin imzalanacağı artıq AB üçün ciddi prioritet sayılır. Tam əsasla hesab etmək olar ki, bundan sonra başlıca məsələ Azərbaycan hakimiyyətinin bu prosesə münasibəti deyil, həlledici rolu məhz Qərbin münasibəti oynayacaq.