Dünya Müsəlman Alimlər Birliyinin sədr müavini Əhməd Ər-Raysuni Fasda yayımlanan “Ət-Təcdid” qəzetinə “İraq Şam İslam Dövlətinin” (İŞİD) özünü xilafət elan etməsi ilə bağlı açıqlama verib.
Raysuni belə deyib: “Müsəlman cəmiyyətlər silah və zor gücü ilə vəhşiliklər törədənlərə qarşı mübarizə apararkən yeni bir qrup eyni üslubla gələrək xəlifəsini təyin etdiyini açıqlayıb. Bu qrup saxtakarlıqla yaranaraq tərəfdarlarına elan etdiyi xəlifəsinə beyət istəyir. İraqda xilafət elan edilməsi həm dövlət hüququ, həm də islam hüququ baxımından sadəcə röyadır”.
İraqdakı hadisələrin ABŞ işğalı və hökumətin zor tətbiqinin nəticəsi olduğunu bildirən Raysuni sözlərinə belə davam edib: “Yaşananlar Səddam Hüseyn, ABŞ işğalı və İran tərəfdarı olan məzhəbçi hökumətin uzun müddətli zülm və təzyiqinin meyvəsidir. İraqda yaşananların məsuliyyəti birbaşa bunların üzərindədir”.
Xatırladaq ki, İŞİD iyunun 29-da İraqda xilafət dövləti qurduğunu və təşkilatın lideri Əbubəkr Əl-Bağdadini də xəlifə elan etdiyini açıqlamışdı.