İstiqlaldan azadlığa gedən yol

14-07-2014, 12:59   
İstiqlaldan azadlığa gedən yolBu məmləkətə istiqlal gətirənlər azadlıq da gətirəcək

İbrahim İbrahimli

Azərbaycanın ən yeni tarixi - ikinci respublikanın yaranması Azərbaycan Xalq Cəbhəsinin adı ilə bağlıdır. Bu tarixi nə qədər saxtalaşdırmağa cəhd etsələr də, özəlləşdirməyə çalışsalar da buna nail ola bilmədilər.

Çünki bu, sadəcə olaraq kağız üzərində adi bir mürəkkəblə yazılmış tarix deyil, bu, istiqlal uğrunda mücadilə edən azadlıq şəhidlərinin qanı ilə yaddaşlara yazılmış bir tarixdi. Bəli, tarixi adi kağız üzərindən silmək olar, amma yaddaşlardan silmək olmaz. Bu adi həqiq`əti zaman subut etdi.

Yetmiş il yasaq olunan tarix yaddaşlardan yaddaşlara ötürülərək yaşadı və əsrin əvvəlində Müsavatın qurduğu Azərbaycan Demokratik Respublikasını əsrin sonunda Azərbaycan Xalq Cəbhəsi bərpa etdi. Azərbaycanın ən yeni tarixi “Azadlıq” meydanından başlayır. Rus-Sovet imperiyasına meydan oxuyan milyonların qatıldığı o meydanda bu gün 25 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cəbhəsinin əsası qoyuldu. 18 gün davam edən, sonda amansızcasına dağıdılan Meydan hərəkatı Azərbaycan Xalq Cəbhəsinin simasında keyfiyyətcə yeni mərhələyə - təşkilatlanma mərhələsinə daxil oldu. Ilk gündən sıralarına qatıldığım bu mərhələnin - təşkilatlanmanın nə zaman, hansı şəraitdə, necə yarandığını yaxşı xatırlayıram. Yeni nəslin xatırlamayacağı, amma təxmin edə biləcəyindən də ağır bir zamanlar idi. Açıq cəmiyyətlərlə qapalı cəmiyyətlər arasında gedən mübarizə qapalı müstəvidən açıq müstəviyə keçmişdi. Sanki geosiyasi qütblər arasında gedən soyuq müharibə istiləşməyə doğru gedirdi. Dünya soyuq müharibənin hər an isti müharibəyə çevrilmək təhlükəsilə üz-üzə qalmışdı. Çökməkdə olan böyük bir imperiya - Rus-sovet imperiyası öz təbəələrinə qarşı cəbhə açmışdı, Litvada, Gürcüstanda Azərbaycanda yüzlərlə əliyalın insanlar qətlə yetirilirdi. Azərbaycanda ikinci istiqlal savaşı başladı. Xalqımız bu savaşda 100-dən artıq şəhid verdi. Istiqlal üğrunda ölüm-dirim mübarizəsinin getdiyi bir zamanda Azərbaycan Xalq Cəbhəsi yarandı. Belə bir ağır zamanda Cəbhənin üzvləri meydana atıldı, təpədən-dırnağa silahlanmış imperiya meydan oxumağa başladı. 1990-cı ildə rus tanklarının qarşısına əliyalın çıxaraq sıralarından onlarla şəhid verdi. Və mücadilə tarixinin ən şərəfli, ləyaqətli dövrlərindən birini yaşadı. Xalq Cəbhəsinin siyasi iradəsi qarşısında aciz qalan Rus ordusu geri çəkildi. Bu mənəvi qələbə imperiyanın çöküşündə həlledici rol oynadı. Məhz bu məğlubiyyətdən sonra SSRI Müdafiə Naziri Dimitri Yazov “Biz Xalq Cəbhəsinin strukturlarını dağıtmağa gəlmişdik, təəssüf ki, özümüz dağıldıq” demişdi. 1991-ci ildə Azərbaycan Xalq Cəbhəsinin təşəbbüsü ilə Müstəqqilik haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycan ikinci dəfə müstəqil dövlət kimi dünya dövlətlərinin sırasına qoşuldu və BMT-nin üzvü oldu. 1989-cu ildə Berlin divarının dağılması, Varşava Paktının ləğv olunması nəhayət SSRI-nin çökməsindən sonra Mərkəzi və Şərqi Avropada yaranan müstəqil dövlətlərin də iştirakı ilə yeni dünya düzəni formalaşırdı. Bu qlobal geosiyasi dəyişikliklərin təsiri altda azadlıq və demokratiya dalğa-dalğa Qərbdən Şərqə doğru sürətlə yayılmağa başladı. Bu dalğanın fonunda Azərbaycan Xalq Cəbhəsi 1992-ci ilin mayında postsovet məkanında ilk “məxməri”- demokratik inqilabı həyata kecirərək hakimiyyətə gəldi. Əbülfəz Elçibəy Müstəqil Azərbaycan Pespublikasınn ilk prezidenti seçilərək yeni bir tarixi səhifə açdı və xalqımızın hər zaman demokratiyaya hazır olduğunu ortaya qoydu. Avropaya və Avro-Atlantik məkana inteqrasiya kursunu seçən Milli hakimiyyət qısa zaman kəsiyində valyuta vahidi - Manatı çap edib dövriyyəyə buraxdı; təhsildə dəyişiklik edib test sistemini tətbiq etdi; səhiyyədə tibbi sığortanın əsasını qoydu; azad bazar iqtisadiyyatına keçərək ilk dəfə özəlləşməyə start verildi; özünümüdafiə batalyonlarından ibarət peşəkar ordu quruculuğuna başladı, itirilmiş torpaqlarımızın əlli faizi geri alındı; müstəqilliyimiz üçün təhlükə və təhdid mənbəyi olan Rus ordusu və hərbi bazaları ölkədən çıxarıldı. Çox təəssüf ki, bu demokratik nailiyyətləri qoruyub inkişaf etdirmək mümkün olmadı. 1993-cü ilin iyununda xarici və daxili qüvvələrin dəstəyi ilə hərbi qiyam baş verdi. Hərbi-siyasi böhranın yaranması nəticədə milli demokratik hakimiyyətin devrilməsi ilə başa çatdı. Əslində Baltikyanı ölkələrlə eyni zamanda azadlıq yoluna çıxmış və müstəqillik əldə etmiş Azərbaycanın demokratik inkişafı tarixi bir zərbə aldı. Hərbi qiyamla başlayan və bu günədək davam edən bu tarixi-siyasi mərhələ Əliyevlər sülaləsinin təsiri altında ölkəmizdə avtoritar rejiminin yaranması, formalaşması və mökəmlənməsi dövrü oldu. Bu dövrün ağır sınağından üzüağ çıxan Aərbaycan Xalq Cəbhəsi məhbəslərdən meydana, meydanlardan zindana atıla-atıla bütün məhrumiyyətlərə mətanətlə sinə gərərək yaşadı, xalqın ona etibar etdiyi azadlıq adlı əmanəti qoruyub saxladı və istiqlal uğrunda savaş ənənəsini yaşatdı. Bu tarixi bir missiyadı. Bu, istiqlaldan azadlığa gedən bitib tükənməz yolun - yolçuların missiyasıdı. Əsrin o başından bu başına babalardan nəvələrə ötürülən Azadlıq missiyasıdı. Bu məmləkətə istiqlal gətirənlər azadlıq da gətirəcək. Mütləq gətirəcək!

Orda bir yol var... uzaqlarda

O yol bizim yolumuzdu!

Dönməsək də, varmasaq da

O yol bizim yolumuzdu!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.