“Xəzər adaları”: Fırıldaq layihə barədə bütün gizlinlər

15-07-2014, 18:10   
Hacı İbrahim Nehrəmlinin yalan çıxan vədlərininin, fantastik iddialarının araxasında nə dayanır?
İşə başlayanda cəmi 50 milyon pulu olduğunu bildirən, heç bir bankın kredit vermədiyi, heç bir investorun dəstəkləmədiyi bir layihəyə Hacı İbrahim 2 milyard manatı hardan tapıb yatırdı?!
Artıq bir-neçə ildir ki, “Avesta” konsernin prezidenti, məşhur iş adamı Hacı İbrahim Nehrəmli Xəzər dənizində çoxfunksiyalı “Khazar Islands” (“Xəzər adaları”) layihəsini həyata keçirdiyini, qısa müddətdə dünyada analoqu olmayan bir şəhəri tikəcəyini bəyan edir. Etiraf olunmalıdır ki, yerli və xarici media da bu layihəyə ciddi maraq göstərir və indiyədək “Xəzər adaları” haqda saysız-hesabsız yazılar, xəbərlər yayılıb. Medianın bu marağı isə təbiidir. Müəllif elə iddialar irəli sürür, elə vədlər verir ki, maraq göstərməmək əldə deyil…
Ancaq təəsüf ki, irəli sürülən iddialar, verilən vədlər, bəyanatlar elə iddia, vəd, bəyanat olmaqdan uzağa gedə bilmir. Xeyli vaxt keçməsinə baxmayaraq, hələlik bu gurultulu bəyanatların reallığa çevriləcəyini göstərən ciddi bir iş gözə dəymir. Bu səbəbdən vaxt keçdikcə hörmətli Hacı İbrahimin “Xəzər adaları” layihəsinin ciddiliyi daha çox sual altına düşür.
Bəri başdan qeyd edək ki, “Xəzər adaları”nın real layihə olmadığı, hətta fırıldağa oxşadığı haqda çox ciddi iddialar da irəli sürülüb, konkret faktlar göstərlib, təhlillər aparılıb. Lakin fikrimizcə, “Xəzər adaları”nın fantastika, xulya olduğunu görmək üçün çox da əziyyət çəkməyə ehtiyac yoxdur, elə layihə müəllifinin – Hacı İbrahimin bir-birini təkzib edən, az inandırıcı, bəzən fantastika təsiri bağışlayaraq söyləyənin ciddi adam olduğuna şübhə yaradan, zamanla yalan olduğu ortaya çıxan açıqlamalarına baxmaq kifayətdir.
I YALAN: Mayın 28-ə elan etdiyi açılış baş tutmadı
Uzağa getməyək, bu ilin aprelində Hacı İbrahim bəyan etdi ki, Azərbaycanda həyata keçirilən ən böyük və ən bahalı layihə olan “Khazar İslands”ın birinci mərhələsinin açılışı mayın 28-də olacaq.
O, mətbuata açıqlamasında qeyd edirdi ki, artıq işlər yekunlaşmaq üzrədi. Sitat: “Biz orada çimərlikləri, bir restoranı, bir körpünü və yolları tam təmir edərək istifadəyə verəcəyik… Dənizlə mübarizə aparmaq çətindir. Sonda biz dənizə qalib gəldik. Çünki bilərəkdən bu işin altına girmişik və əvvəldən inanırdım ki, bu layihə baş tutacaq”.
Hacı İbrahim həmçinin bildirirdi ki, bundan başqa, yeni tikilən şəhərdə dörd kilometrlik bulvar da istifadəyə veriləcək. Hər biri 5 hektar olan iki parkın da açılışı olacaq. Eyni zamanda layihənin açılışının birinci hissəsindən sonra evlərin açılışı da baş tuta biləcək və mənzillər satışa çıxarılacaq: “Hazırda bununla bağlı işlər gedir və evlərin satışı hələ başlamayıb. Biz istəyərik ki, bu evləri daha çox öz vətəndaşlarımız alıb orada yaşasınlar. Biz onlar üçün uyğun şərtlər də təklif edirik”.
Hacı İbrahimin bu fikirləri səsləndirməsindən artıq 3 aya yaxın vaxt keçir. Ancaq nə mayın 28-nə planlaşdırılan açılışdan bir xəbər var, nə də “Xəzər adaları”nda görülən digər “böyük işlərdən”… Lakin hələ də Hacı İbrahim vədini verdiyi açılışların baş tutmamasına aydınlıq gətirməyib…
Bu isə, yuxarıda da qeyd etdiyimiz kimi, Hacı İbrahimin özünü doğrultmayan yeganə vədi deyil. Son 2-3 ildə “Xəzər adaları” ilə bağlı bu səpgili saysız-hesabsız bəyanatların, açıqlamaların şahidi olmuşuq. Hamısı da söz olaraq qalıb.
II YALAN: Bütün işləri 2016-ci ildə yekunlaşdırmalı idi, ancaq…
Məsələn, təxminən 2 il yarım əvvəl “Azadlıq” radiosuna müsahibə verən Hacı İbrahim iddia edirdi ki, o, bütün işləri 2016-ci ilə yekunlaşdırmağı planlaşdırır: “Bəzi iaşə obyektləri isə daha tez – 2012-ci ilin sonlarına yaxın işə düşməlidir”. (bax: “Xəzərdə 60 milyard dollarlıq şəhər salınır”, azadlıq.org, 26.01.2012)
Ancaq hazırda 2014-cü ilin yarıdan çoxu arxada qalıb. “Xəzər adaları”nda isə bir dənə də olsun iaşə müəssisəsi işə salınmayıb. Heç yaxın aylarda istifadəyə veriləcəyi də gözlənilmir. Elə Hacı İbrahim də “Azadlıq” radiosuna müsahibəsi yaddan çıxandan sonra o vaxtkı vədini dəyişib. Belə ki, 30 ay əvvəl 2016-ci ildə bütün işləri yekunlaşdıracağını bəyan edirdisə, sonradan bu müddəti 2025-ci ilə qədər uzatdı.
Hətta yalan çıxan vədini pərdələmək üçün 2016-ci ilə qədər şəhərin 10 faizinin istifadəyə veriləcəyini bəyan etdi. Bu vədin də özünü doğrultmayacağına qəti şübhəmiz yoxdur. Çünki Hacı İbrahimin hesablarına-rəqəmlərinə inansaq, 2016-ci ilə qədər “Xəzər adaları”nda 100 min əhali məskunlaşmalıdır. Ancaq indiyə qədər keçən müdətdə uzağı 1500-2000 nəfərin məskulnaşa bilcəyi bir neçə binanın tikintisi gedir. Onlarda da işlər hələ yarımçıqdır. Qalan il yarım müddətində 98 min nəfərin məskunlaşa biləcəyi sayda mənzillər tikiləcəyinə inanmaq üçün gərək ən azı Hacı İbrahim qədər fantaziyaya sahib olasan…
Keçək Hacı İbrahimin “havadan asılı qalan” digər vədlərinə…
III YALAN: Xarici investorların layihəyə pul qoymaq üçün qapıda gözlədiyini iddia edirdi, amma…
Elə yuxarıda qeyd etdiyimiz müsahibəsində Hacı İbrahim iddia edirdi ki, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çin iş adamları layihəyə pul yatırmaq üçün Bakıya gələcək. Konsern rəhbəri vurğulayırdı ki, həmin ölkələrin iş adamları ilə danışıqlar yekunlaşmaq üzrədir və onlar bu layihəyə böyük vəsait yatıracaqlar: “Bu ilin (2012-ci ilin-müəl.) martından xarici investorların gəlməsi gözlənilir”.
Bunan sonrakı açıqlamalarında da, xarici investorların, bankların layihəyə kredit buraxmaq niyyətində olduqlarını iddia edir, bu istiamətdə razılaşmaların olduğunu söyləyirdi.
Üstündən təxminən 2 il keçəndən sonra isə Hacı İbrahimin öz dilindən butun bunların hamısı təkzib olunur. 2013-cü ilin dekabrında mətbuata verdiyi müsahibəsində Hacı İbrahim layihəyə 2 milyard investisiya yatırıldığını, bütün vəsaitin özünə aid olduğunu iddia edir: “Bir daha təkrar edirəm, “Xəzər adaları” mənim şəxsi layihəmdir, bura şəxsi pulumu qoymuşam və hələ də KREDİTDƏN İSTİFADƏ ETMƏMİŞƏM.” (“Xəzər adaları” layihəsinin Paşayevlərə heç bir aidiyyatı yoxdur” – Hacı İbrahim, dekabr 2013-cü il, “İnter.az”)
Belədə sual olunur, bəs hara getdilər layihəyə pul qoymaq üçün qapıda gözləyən Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çin iş adamları?! Nədən bu boyda layihəyə investisiya qoya biləcək xarici investor tapılmır?
2 ehtimal var: Ya onlar gəlib bu layihənin heç bir perespektivi olmadığını, blef olduğunu görüb investisiya yatırmaqdan imtina edirlər, ya da bunların hamısı Hacı İbrahimin insanları şirnikləndirib çölün düzündə hələ nə vaxt istifadəyə veriləcəyi bəlli olmayan binalardan dəyərindən 10 dəfələrlə baha qiymətə mənzillər almasına nail olmaq üçün quraşdırdığı YALANLARDI? Yəni azərbaycanlılara tələdir!
Nədənsə bu variant bizə daha inandırıcı görünür…
IV YALAN: 100 milyonlarla kredit alacağını iddia etdiyi banklardan bir xəbər çıxmadı
O vaxt dediklərinin artıq unudulduğunu zənn edən Hacı İbrahim bu ilin əvvəli başqa vədlərlə mətbuata çıxdı. Bu dəfə o bildirdi ki, “Khazar İslands” layihəsinə yeni investorlar da cəlb olunub: “Artıq bir neçə xarici kommersiya bankı bu layihəyə investisiya yatırıb. Çexiyanın “Raiffeisen” bankı layihənin tikintisi üçün 390 milyon avro investisiya ayırıb. Bu vəsaitin 50 milyonu artıq bir ay ərzində şirkətə çatacaq. Bu ilin sonuna qədər isə daha 50 milyon, ümumilikdə isə 100 milyon avro şirkətə çatdırılacaq. Bu il Türkiyənin “EximBank”ı da layihənin tikintisinə 30 milyon dollar pul ayırıb. Bu vəsait də 1-2 ay ərzində şirkətin bank hesablarına daxil olacaq”.
Hacı İbrahim həmçinin bildirirdi ki, Küveyt dövləti də bu layihəyə qatılmaq niyyətindədir: “Küveyt də yeni tikiləcək şəhərdə evlərin satışını öz öhdəsinə götürmək fikrindədir. Onlar bu binaların satışı və dünyada reklam tanıtımı ilə məşğul olacaqlar”. (bax: “Khazar İslands” layihəsinin açılışı mayın 28-də olacaq, “Yeni Musavat”, 16 aprel 2014-cü il.)
Artıq 3 ay keçir, nə Çexiyanın “Raiffeisen” bankından bir xəbər var, nə də Türkiyənin “EximBank”ından, nə də açılışdan. Hər halda Hacı İbrahim bu banklardan élan etdiyi vaxtlarda pul almış olsaydı, bunu böyük bir piar kampaniyasına çevirərdi…
V, VI və SAİR YALANLAR: Bir deyil, iki deyil…
Yeri gəlmişkən, bir ara Hacı İbrahim Türkiyənin məşhur iş adamı Əli Ağaoğlunun layihəyə pul yatıracağını da piara çevirmişdi. Ancaq Əli Ağaoğlu Bakıya gəlib layihə ilə tanış olduqdan sonra “Xəzər adaları”na investisiya qoymadan imtina edir. Hacı İbrahim isə növbəti vədinin yalan çıxmasını belə izah etdi: “Təbii ki, mən də bu cür böyük layihəyə kənardan qoşulmaq istəsəydim, milyon dəfə düşünüb sonra addım atardım. Mən heç Əli Ağaoğlundan buna görə qəti incimirəm də…”
Hacı İbrahimin “Xəzər adaları” layihəsi lə bağlı yalan çıxan vədlərinin sayını artırmaq da olar. Bura prezidentin “Xəzər adaları”nda açılaşa gələcəyinə dair hər il yayılan xəbərləri, hələ hazır olmayan mənzillərə xaricilərin də sifariş verməsinə, Türkiyə prezidentinin Hacı İbrahimin layihəsilə xüsusi maraqlanmasına dair (sanki Abdulla Gül İstanbulu qoyub, “Xəzər adaları”na köçəcəkmiş-red.) iddiaları və sairi də əlavə etmək olar.
Görünür, “yalan nə qədər böyük olarsa, bir o qədər inandırıcı olar” prinsipindən Hacı İbrahim də yararlanmaq qərarına gəlib. Bəlkə də buna görədir ki, əvvəl 30 milyard elan olunan layihənin qiymətini sonradan 125 milyard dollara qaldırdı. Əvvəl mətbuat konfransı keçirərək, süni adaların birində təxminən 600 metr hündürlükdə göydələn inşa etmək planları haqda danışdığı halda, üstündən bir müddət keçəndən sonra “Azerbaijan Tower” (azərb. “Azərbaycan qülləsi”) adlandırdığı binanın 1050 metr olacağını iddia etdi. Halbuki heç bünövrəsi belə qazılmayıb…
İbrahim Nehrəmlinin yalan vədlərinın, fantastik iddialarının arxasında nə dayanır?
Hacı titulunu adının əvvəlinə yerləşdirən İbrahim Nehrəmlinin bu cür yalan çıxan vədləri, fantastik iddiaları təəsüf doğursa da, təəcüblü deyil. Məsələ ondadır ki, “Xəzər adaları” layihəsinin həqiqətən də reallıqla uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur. Cəmi 12-13 il ərzində, dəniz üzərində 1 milyon adamın yaşayacağı şəhərin salınacağına inanmaq üçün insan gərək ağlını itirmiş olsun. Elə buna görə də bu layihəyə nə xaricdən, nə daxildən dəstək verən bir investor ortaya çıxmır.
Mütəxəssislər də bunu heç bir perespektivi və mənası olmayan bir layihə kimi qiymətləndirirlər. Onların fikrincə, bu layihənin həyata keçməsi üçün azı 50-70 il vaxt və 100 milyardlarla vəsait gərəkdir ki, buna heç bir ağıllı sahibkar iddia etməz…
Əslində paytaxtın ətrafinda, elə dənizə yaxın ərazilədə bu qədər boş torpaq olduğu halda, seysmoloji baxımdan aktiv olan Abşeron yarımadasında Xəzər dənizinin içində süni adalar yaradıb, uca binalar tikilməsinin məntiqini də başa düşmək çətindir. Həm də neftlə çirklənmiş bir dənizin içində…
Elə Hacı İbrahim Nehrəmlinin məqsədinin fantastik vədlərlə insanların, necə deyərlər, “gözünü oxşamaq”, kimlərisə inandırıb onlara nə vaxt hazır olacağı bəlli olmayan bu “şəhərdən” mənzil satmaq olduğuna şübhə etmirik. Buna görə də, günü-gündən vədlərinin sayını artırır, görülən işlərin miqyasını şişirdir, həm də partlayana qədər!
Hacı İbrahimin yeni şirnikləndirmə metodu: gələn il virtual evlərin qiymətini 2 dəfə qaldıracaq
Sonradan yalan çıxsa da, iri vədlər verməkdə davam edir. 4 il ərzində bir binanı istifadəyə verə bilmədiyi halda, yaxın bir il ərzində böyük şəhərin istifadəyə veriləcəyindn dəm vurur. Son açıqlamalarında isə bir qədər də irəli gedərək, insanları gələcəkdə mənzillərin qiymətinin artacağı ilə şirnikləndirməyə cəhd edir. Sitat: “Binalarda mənzillərin də satışına başlanılıb. Qiymətlər isə 3500-5000 manat arasıdır. Amma bu qiymətlərə tam təmirli mənzillər daxildir. 2015-ci ildən etibarən isə mənzillərin qiyməti təqribən 50 faiz artacaq. Yəni, mənzillərin qiyməti hardasa 800-1000 arası qalxacaq. Bu isə heç də az deyil. Çox təəssüf edirəm ki, hələ insanlar bunun fərqini anlamırlar. Yəni, sabah hamı buradan axışıb mənzil almaq istəyəndə burada mənzil qalmayacaq…”
Yəqin ki, “bişmiş toyuğun gülməyi gələr” fikrini Hacı İbrahimin bu çür sözləri üçün deyiblər. Bir tərəfdən iddia edirsən ki, 12 ilə 1 milyon insanın yaşayacağı şəhər salacam, bir tərəfdən də deyirsən ki, “sabah burada mənzil qalmayacaq”. Belə çıxır ki, bütün Azərbaycanda imkanlı adamlar (zatən imkansız ordan mənzil ala bilməz) hamısı villasını, daçasını, topdağıtmaz evini satıb gəlib, seysmoloji baxımdan aktiv olan Xəzər dənizində salınan süni adada tikilən binanın neçəncisə mərtəbəsində 3-4 otaqlı mənzildə yaşamağa cəhd edəcək!.. Anadolu türkləri demiş, ”yalanın bu boydasına da pəs vallah!”.
yalan vədlərlə niyə özünü biabır edir?
Əlbəttə, Hacı İbrahim nə boyda vədlər verirsə versin, Azərbaycanda bu fantastik layihənin perespektivinə inanan insanların sayı barmaqla sayılacaq qədər azdır. Bunu kifayət qədər ağıllı insan olan Hacı İbrahimin özünün də bildiyinə şübhə etmirik.
Onda sual olunur: Hacı İbrahim “Xəzər adaları”nın fantastik bir layihə olduğunu bilə-bilə, niyə belə vədlərlə özünü biabır edir?
Bu sualın, əlbəttə, dəqiq cavabını Hacı İbrahim özü bilər. O isə məqsədini belə açıqlayır: “Mən bu layihəyə 3 il ərzində böyük miqdarda vəsait qoymuşam. Əlbəttə ki, bu böyük risk tələb edir. Ancaq mən riski sevən insanam. Mən hər zaman bu cür riskli addımlar atmışam və Allaha şükürlər olsun ki, heç birində peşman olmamışam. Mənim ən ağıllı riskim də məhz budur…
Mən bu layihənin icrasına başlayanda da heç zaman qazanc haqqında düşünməmişəm. Burada pul qazanmaq söhbəti ən sonuncu məqamdır. Burada əsas məqsəd Azərbaycanın adıdır. Heç tarixə düşmək söhbəti deyil. Çünki mən tarixə çoxdan düşmüşəm… Nə pulum varsa, hamısını da bu layihəyə qoymuşam. Heç o pulu çıxartmaq fikrim də yoxdur. Yəqin ki, bu layihə tam reallaşandan sonra mənim pulum qalmayacaq. Ola bilər ki, o zaman adım milyarder olsun, amma özüm tam pulsuz bir adam olacam…”.
Yəni, Hacı İbrahim “Xəzər adaları”nın ona şəxsən nə indi, nə də gələcəkdə heç bir xeyri olmayan, Azərbaycana xidmət məqsədilə həyata keçirdiyi bir layihə kimi təqdim edir. Hörmətli iş adamımızın göz yaşardan bu VƏTƏNPƏRVƏRLİYİNİ, millətə XİDMƏT EŞQİNİ ürəkdən alqışlamaq istərdik. Amma...
Hacı İbrahim 20 gün ərzində 800 milyonu neçə xərclədi?
Amma ortada olan faktlar bunun əksini göstərir. Həm də bir başqasını deyil, Hacı İbrahimin öz dedikləri. Diqqət edək:
“Yeni Müsavat” qəzetinə müsahibəsində deyir: “Bu şəhəri ölkəm və millətim üçün tikirəm, özüm üçün yox. Bu layihəyə indiyədək 1 milyard manatdan çox sərmayə qoymuşam. Azərbaycan bankları mənə bu işə görə kredit verməyiblər. Xərclədiyim pullar son qəpiyinə kimi şəxsi vəsaitimdir. Bu 1 milyard pul mənim nəyimə bəs deyildi?!… İndi hesablayanda baxıram ki, hardasa 1.2 milyard manat xərcləmişəm.” (Bax “Dənizdə şəhər tikən adamın hekayəsi”, “Yeni Müsavat” qəzeti, 22 noyabr, 2013-cü il.)
Cəmi bir ay sonra isə Hacı İbrahim bu layihəyə çəkdiyi xərci 2 milyardd manata qaldırır. Sitat: “Yəni, bir iş adamının özünün 2 milyarda qədər pulunu bu layihəyə yatırması Azərbaycanda sensasiyadır. Azərbaycanda məndən başqa hansı iş adamı öz ölkəsinə bu qədər pul qoyub? Heç kəs qoymayıb, hər kəs pulunu aparıb xarici ölkələrə yatırır. Ancaq mən bu qədər pulu öz ölkəmə yatırıram. Onu da nəzərə almaq lazımdır ki, mənim pul qoyduğum sahə rentabelli deyil, mən hələ heç bir qazanc götürməmişəm, ancaq pul qoyuram.” (“Xəzər adaları” layihəsinin Paşayevlərə heç bir aidiyyatı yoxdur” – Hacı İbrahim, 09 dekabr 2013-cü il, “İnter.az”).
Hacı İbrahimin 20 gün ərzində 800 milyonu neçə xərclədiyini, bu qədər işi necə gördüyünü soruşmaq niyyətində deyilik. Zatən adamın 4 ildir hər gün danışdığı fantastika, nağıldır, bu da olsun onlardan biri… Bəziləri, bunu yalançının yaddaşı olmaz kimi yozsa da, fikrimizcə məsələ bir qədər fərqlidir…
50 milyon pulu vardı, 2 milyard manatı hardan tapdı?!
Ancaq bu haqda danışmazdan öncə Hacı İbrahimin öz dilindən bir faktı da qeyd etməmiz lazımdı. Məsələ ondadır ki, bu layihəyə başlamazdan bir qədər əvvəl Hacı İbrahim iflas olduğunu, kirayələrdə yaşadığını, dostlarının 500 dollar yardımına möhtac qaldığını bildirirdi. Elə layihəyə başlayanda da elə böyük miqdarda pulu olmayıb. Sitat: “6 ay səhərə kimi gözümə yuxu getmədi. Qan-tərə batırdım. Bir gün ağsaqqal dostlarımdan biri məsləhət gördü ki, evə girən kimi işi unut. İlk günlər çətin oldu, amma sonra gördüm ki, yavaş-yavaş düzəlir hər şey. Buranı başlayanda cəmi 50 milyonum vardı. İndi hesablayanda baxıram ki, hardasa 1.2 milyard manat xərcləmişəm (sonradan bu rəqəmi 2 milyard manata qaldırdı-müəl). Bəzən özüm də məəttəl qalıram ki, bu işləri mən necə gördüm…”.” (Bax “Dənizdə şəhər tikən adamın hekayəsi”, “Yeni Müsavat” qəzeti, 22 noyabr, 2013-cü il.)
Doğrusu, məəttəl qalmaq nədir, adamı heyrət bürüyür: Cəmi 50 milyon pulu olduğunu bildirən, heç bir bankın kredit vermədiyi, heç bir investorun dəstəkləmədiyi bir layihəyə Hacı İbrahim 2 milyard manatı hardan tapıb yatırdı?!
Necə oldu ki, Hacı İbrahim qısa müddətdən sonra 2 milyard manata sahib oldu? Bunu hansı qanuni yolla qazandı və nə qədər vergi ödədi? Əgər 2 milyardı varsa niyə dünyanın rəsmi milyarderləri sırasında adı yoxdur?…
Hacı İbrahim bu sualların üzərindən sükutla keçir, müsahibə verdiyi həmkarlarımız isə nədənsə bu 2 milyardın mənbəyini soruşmağa ehtiyac görmürlər.
Halbuki, fikrimizcə, Hacı İbrahimin bu fantastik layihəyə başlamasının da, verdiyi yalan vədlərin də səbəbi böyük ölçüdə bu milyardlarla bağlıdır… Necə? Aydınlaşdıraq!
Hacı İbrahim milyardları “Ümumi katyol”dan götürüb?
Əvvəlcə qeyd edək ki, işə başlayanda 50 miyon manatı olan Hacı İbrahimin “ölkə və millət” üçün tikdiyini iddia etdiyi bu “möcüzələr şəhərindəki” hələ hazır olmayan mənzilləri sataraq 1 milyard 950 milyonu əldə etməsi mümkün deyil. Bunun üçün orda 10 minə yaxın mənzil, əmlak satmalıdr ki, bu da inandırıcı görünmür. Hər halda Azərbaycanda 400-500 min manatını aparıb Xəzər dənizinə atacaq qədər başdanxarabların sayı bu qədər çox deyil. Olsaydı xəbərimiz olardı. Bir də ki, Hacı İbrahimin özü də müsahibələrinin birində cəmi 200-ə yaxın mənzilin satıldığını söyləmişdi, bu da uzağı 100 milyon edər. Eyni zamanda bəyan edib ki, “mən hələ heç bir qazanc götürməmişəm, ancaq pul qoyuram”.
Deməli, Hacı İbrahimin milyardlarının mənbəyi başqadır. Bu milyardların mənbəyi ilə bağlı müxtəlif fikirlər səslənir. Belə ki, bəzi iddialara görə, Hacı İbrahimin “Xəzər adaları” layihəsinin arxasında, əslində ikinci hakim ailə olan Paşayevlər var. Layihənin maliyyələşməsinin məhz Paşayevlər tərəfindən həyata keçirildiyi bildirilir. Lakin bu, o qədər də inandırıcı deyil. Hakim ailənin belə fantastik layihəyə milyardlarla sərmayə qoyduğuna inanmaq çətindir. Xüsusən də bu layihənin başında Hacı İbrahim kimi, bir sözü digərini tutmayan şoumen durursa…
“AzPolitika.info”-nun bu günlərdə Hacı İbrahimin xərclədiyini iddia etdiyi vəsaitin mənbəyi ilə bağlı əldə etdiyi məlumat isə inandırcı görünür. Belə ki, hakimiyyətə yaxın çevrələrdən bizə verilən bilgiyə görə, Hacı İbrahim bu fantastik layihəyə xərclədiyi pulları müəyyən çevrələri inandırmaq hesabına hamımızın bildiyimiz “Ümumi katyol”dan götürüb. Amma bu vəsait heç də onun iddia etdiyi kimi, milyardlarla ölçülmür. Çünki reallıqda “Xəzər adaları”na elə bir ciddi iş görülməyib və bu zaman Hacı İbrahimin açıqladığı rəqəmlərdən dəfələrlə az pul xərclənib. Sadəcə Hacı müəyyən çevrələri inandıra bilib ki, başlanğıcda dəstək olarsa ardını gətirmək asan olacaq. Elə buna görədir ki, neçə müddətdir layihənin xarici mətbuatda təbliği üçün böyük pullar xərclənir.
Lakin “ardını gətirmək”, yəni xarici investorları inandırmaq və daxildəki imkanlıları tora salmaq o qədər də asan olmayıb. İşlər dalana dirənib…
Layihə fiaskoya uğrayıb?
Mənbə mayn 28-nə vəd olunan açılışın baş tutmamasını da “yuxarılarda” Hacı İbrahimə inamın azalması, həmçinin “Ümumi katyoldan” çıxarılan pulla görülən işlər arasında böyük uyğunsuzluğun olması ilə bağlayır.
Əlbəttə, bu məlumatların nə qədər dəqiq olduğunu deyə bilmərik. Ancaq onu qeyd edə bilərik ki, aparılan böyük piar kampaniyasına rəğmən nə yerli, nə də xarici iş adamlarının “Xəzər adaları”na maraq göstərməməsi, Hacı İbrahimin özünün də dediyi kimi, heç kəsin burdan mənzil almağa cəhd etməməsi layihənin fiaskoya uğramasından xəbər verir.
Hazırda yerli mətbuatda layihə ilə bağlı fantastik vədlər verərək, tikməyə başladığı binalardakı mənzilləri real dəyərindən dəfələrlə baha qiymətə satmağa, beləliklə də “Ümumi katyoldan” alıb xərclədiyi pulları geri qaytarmağa çalışır. Yəni indi əsas hədəf odur ki, mini şəhərcik salınaraq layihəyə yatırılan pullar çıxarılsın. Gələcəkdə burda fəaliyyətə başlayacaq restoranların, digər obyektlərin hesabına daimi gəlir mənbəyi əldə oluna bilər.
Elə buna görə də, Bakının mərkəzində evlərin kvadrat metri maksimum 2000-2500 manat olduğu halda, “Xəzər adaları”nda, başqa sözlə, “dünyanın o başında” və çölün düzündə 3500- 5000 manatdan təklif olunur. Bu o deməkdir ki, bir binadan təxminən 10 ev satmaqla, bütövlükdə binaya çəkilən xərc çıxarılır. Ancaq problem bu evləri könüllü alacaq adamlar tapmaqdadır.
Tapılacaqmı?
Məqalədəki iddialarla bağlı Hacı İbrahimin mövqeyini işıqlandırmağa hazırıq.
P.S. Hacı İbrahimin anonsunu etdiyi 28 may açılışının baş tutmamasının səbəbini öyrənmək üçün bir neçə dəfə “Avesta”ya telefon açsaq da, “məsul şəxs” yerində olmadığından danışa bilməmişdik. Bu gün konsernin mətbuat xidmətinin rəhbəri Qabil Quliyevlə əlaqə saxlaya bildik. 28 mayda açılışın niyə baş tutmadığı ilə bağlı sualımıza Qabil bəy bizi təəcübləndirən cavab verdi: “Açılış oldu, amma medianı çağırmadıq. Özümüz press-reliz yaydıq”. Xidmət rəhbəri press-relizin dərhal bizə göndəriləcəyini desə də, “Avesta”dan verilmiş bu vəd də reallaşmadı…
Maraqlıdır, Hacı İbrahimin gizli açılış etməkdə məqsədi nədir? Ümumiyyətlə, edibmi?…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar