Böyük güclərdən Bakıya ortaq Qarabağ təhdidi

16-07-2014, 09:48   
Böyük güclərdən Bakıya ortaq Qarabağ təhdidiAzərbaycan yeni müharibə riski və seçimlə üz-üzə

Savaşa başlarıqsa, antaqonizmdə olan Rusiya ilə Qərb tərəfindən separatçı rejimin tanınma təhlükəsi reallaşa bilərmi? Moskvanın müharibə ssenarisinin konturları heç vaxt olmadığı qədər aydın görünür; demokratik dünya Azərbaycanın yanında yer ala bilərdi, əgər...
“Hazırda Bakının qarşısında Qarabağ konfliktinin həlli ilə bağlı iki variant var”. Belə bir açıqlama ilə srağagün tanınmış rusiyalı politoloq Stanislav Tarasov çıxış edib. Onun qənaətincə, yeni müharibə regionda vəziyyəti əhəmiyyətli şəkildə dəyişə bilər.
Sitat: “Variantlardan biri Dağlıq Qarabağın Krım variantında olduğu kimi, tarixi köklərə əsaslanaraq Rusiyanın tərkibinə qatılmasıdır. İkinci isə Azərbaycanın müharibə variantını seçməsidir. Bakı və İrəvan arasındakı müharibə nəinki regionda vəziyyəti gərginləşdirər, hətta Gürcüstan variantını təkrarladar. Yəni Azərbaycanın hərb yolu seçməsi Dağlıq Qarabağın tanınmasına gətirə bilər. Ortada bir fakt var ki, ilk belə addımı Rusiya atacaq”.
Ondan başlayaq ki, Kremlin separatçı rejimi tanıyacağı ilə bağlı təhdid yeni deyil. Rusiyanın belə bir şantaja gedə biləcəyi məsələsi Krımın ilhaqından sonra xüsusilə aktuallıq qazanmışdı. Bir sıra təhlilçilərə görə, bu variant Bakı birmənalı şəkildə Rusiya layihələrindən uzaqlaşıb Qərbə yaxınlaşacağı təqdirdə işə salına bilər.
Hələ ki Azərbaycan Avrasiya və Gömrük ittifaqlarına razılıq verməyib. Bununla belə, Dağlıq Qarabağın tanınması və ya Rusiyaya birləşdirilməsi də gündəmdə deyil. Amma indi rus politoloq bunu Azərbaycan öz torpaqlarını azad eləməyə girişəcəyi halda mümkün saydığını söyləyir.
Vaxtilə analoji ilginc xəbərdarlığın ABŞ rəsmisi tərəfindən kuluar söhbətlərdə Bakının diqqətinə çatdırıldığı barədə yazmışıq. Məlumatda deyilirdi ki, Azərbaycan müharibəyə başlasa, ABŞ Dağlıq Qarabağı tanıya bilər. Doğrudur, informasiya rəsmi təsdiqini tapmadı. Ancaq sual yenə aktuallıq kəsb eləməyə başlayıb. O da belədir: əcəba, gerçəkdənmi Azərbaycan nə vaxtsa məcbur qalıb işğal altındakı ərazilərini silah gücünə azad eləməyə girişsə, bir-biri ilə antaqonizmdə olan Qərblə Rusiyanın Azərbaycana qarşı ortaq kontur-addımı - DQ-nin tanınması mümkündürmü, Bakı yeni müharibə riski iləmi üz-üzədir?
Burdaca qeyd edək ki, son zamanlar Moskvanın öz hədəflərinə çatmaq üçün son variant kimi regionda yeni müharibəni qızışdırmaqda maraqlı olması barədə rəylər artıb. Məsələn, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, prezidentin xüsusi məsələlər üzrə keçmiş təmsilçisi David Şahnazaryan hesab edir ki, Rusiyanın regionda öz mövqeyini möhkəmlətməsi üçün heç vaxt olmadığı qədər destruktiv resursu var.
Sitat: “Axır vaxtlar xeyli gücləndirilən Ermənistandakı 102 saylı hərbi baza da ilkin təyinatında nəzərdə tutulduğu kimi təhlükəsizliyin təminatından daha çox vəziyyətin gərginləşməsinə işləyə biləcək alət rolunda çıxış edir. Krımın ilhaqından sonra Rusiyanın ”yeni dünya düzəni yaratmaq" istəyi fonunda Moskva hətta münaqişə tərəflərindən birinin kiçicik səhvindən yararlanıb bölgədə yeni müharibə yarada bilər. Bu isə bütün bölgə üçün faciəvi nəticələrə və regional kommunikasiya layihələrinə üçüncü qüvvə tərəfindən ciddi ziyan vurulmasına gətirə bilər. Özünün yeni imperiya ideyaları ilə bugünkü Rusiya bölgədə əsas sabitsizlik faktoru və əsas regional təhlükədir".
Bəzi ehtimallara görə, konfliktə cəlb olunan aparıcı Qərb dövlətləri, ələlxüsus ABŞ bu perspektivi hesabladığı üçün də müharibə risklərini minimuma endirməyə çalışır. Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Krım olaylarının pik vaxtında öz ölkəsi adından 6 bəndlik təkliflərlə çıxış eləməsi, Ağ Ev və Parisin günü bu gün də böyük israrla Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutmasına can atması bu xüsusda təsadüfi sayılmır.
Beləliklə, müharibə variantı və qondarma qurumun tanınması - hər ikisi Kremlin arsenalında təhdid variantları qismində qalır. Bəs Rusiya tanınma addımına gedərmi? İstisna deyil. Ancaq o halda Moskva Gürcüstan kimi Azərbaycanı da həmişəlik itirəcək, Azərbaycanın Putinin projelərinə qoşulması gündəmdən tamamilə çıxacaq - bu da var. İkinci yandan, Rusiyanın böyük ortaq iqtisadi layihələr planlaşdırdığı (“Mavi axın” qaz layihəsi, Türkiyədə AES-lərin tikintisi və s.) Türkiyə ilə ciddi ixtilaf yaranacaq. Qərblə soyuq savaş astanasında olan və büdcəsi getdikcə daha ağır zərbələr yeyən Moskvanın Qarabağa görə Türkiyə kimi mühüm bir tərəfdaş ölkəni itirməsi realdırmı? Məsələ həm də bundadır. Yeri gəlmişkən, bəzi analitiklərə görə, Qarabağ problemi daha çox Rusiya ilə Türkiyə arasında anlaşma nəticəsində yoluna qoyulacaq.
Ancaq nəzəri ehtimal olsa belə, Rusiyanın tanınmaya getməsi faciə deyil. Əsas odur, Qərb, ABŞ və Avropa analoji addım atmasın. Bundan ötrü isə Azərbaycandan bir şey tələb olunur - Qərbin yanında olmaq, önündə yox; demokratik dünyanın dost-müttəfiqinə çevrilmək. Yolu bəlli. Unutmayaq, ortada Serbiya nümunəsi də var. Məhz Rusiya ilə ittifaqda Qərbə qarşı getdiyi üçün də ötən əsrin 90-cı illərində Serbiya NATO qüvvələri tərəfindən bombalandı, az sonra isə Kosovonu Qərb ölkələri birtərəfli qaydada tanıdı.
Yəni zamanın imperativini, nəbzini düzgün tutmaq məsələsi. Onu da yaddan çıxarmayaq ki, xeyrimizə Türkiyə faktoru olduğu kimi, əleyhimizə aparıcı Qərb dövlətlərinin mövqeyinə güclü təsir imkanları olan erməni lobbisi amili var.
Bu da xeyrimizə işləyən bir reallıqdır ki, separatçı qurumların tanınması məsələsində Rusiya ilə Qərbin yanaşması diametral ziddiyyətdədir və üst-üstə düşmür (Kosovo, Krım, Abxaziya, Cənubi Osetiya). Qarabağ da istisna deyil, olmaya bilər. Çünki bu iki böyük güc əbədi geosiyasi rəqabətdədir.
Şübhə yox ki, Ukraynadakı proseslərin sonucu da Qarabağla bağlı hərb variantının perspektivinə öz təsirini göstərəcək. Bir şeyi əminliklə söyləmək olar: Azərbaycan da demokratik dünyanın ayrılmaz parçasına çevrilə bilsə, o zaman Qərb Bakının Qarabağdakı antiterror əməliyyatına da Kiyevin Şərqi Ukraynada separatçılara qarşı radikal addımları kimi göz yuma bilər. Seçim yenə Bakınındır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar