Seçkilərdə saxtakarlıqlar haqqında video yayan kənd məktəbinin müəllimini həbs ediblər - ''Böhtan atıblar"

24-05-2020, 10:28   
 

 Növbədənkənar parlament seçkilərində saxtakarlıqlarla bağlı video yayan Yardımlı rayonunun Dəlləkli kənd orta məktəbinin müəllimi Cəlil Zabidov həbs olunub. Mayın 21-də Yardımlı Rayon Məhkəməsi D18 Hərəkatının üzvü olan Zabidovu CM-in 221.1 (xuliqanlıq) maddəsi ilə təqsirli bilərək, 5 ay müddətinə həbs edib. Bu barədə onun ailə üzvləri məlumat verib.
Onların sözlərinə görə, rayondakı korrupsiya halları, məmur özbaşınalıqları haqda materialların yayımına görə C.Zabidov çoxdan Yardımlı Rayon İcra Hakimiyyətinin rəhbərliyini qıcıqlandırırdı. Fevralın 9-da keçirilən parlament seçkilərində müşahidəçi olduğu seçki məntəqəsindəki pozuntu hallarını ictimailəşdirməsi məmurların "səbr kasasını" daşırıb. Seçkilərdən dərhal sonra ona qarşı cinayət işi açılıb.
O, 72 saylı Yardımlı-Masallı seçki dairəsinin 1 saylı məntəqəsində müşahidəçi idi. Saxtakarlıqları çəkdiyinə görə Zabidovu döyüblər. O, bu videonu da yayıb. Növbəti gün seçki məntəqəsində olanlardan biri gəlib onu döyüb, qolunu sındırıb. Amma son nəticədə Zabidovun özünü xuliqanlıqda ittiham ediblər.
Cəlili döyəni isə zərərçəkmiş kimi tanıyıblar. Məhkəməyə də yalançı şahid gətirib Cəlilə böhtan atıblar", deyə Zabidovun yaxınları bildiriblər.
35 yaşlı Zabidov Yasamal rayon sakini Hamlet Əməşova qarşı xuliqanlıqda ittiham edilir. Fəalın ailəsi hesab edir ki, o, rayon rəhbərliyinin sifarişi ilə həbs edilib.
"İcra başçısı ona xəbər göndərmişdi ki, əgər özünü yığışdırmasa, onun üçün pis olacaq. Ümumiyyətlə, rayonda hamının başına eyni cür oyun açırlar. Cəlilin üç azyaşlı uşağı var, indi onlar necə dolansın? Sözün düzünü deyənə bu qədər haqsızlıq olarmı?", deyə Zabidovun ailə üzvü bildirib.
Zabidovun materialları daha çox "Korrupsiyaya yox de" səhifəsində yayımlanırdı.
Yardımlı Rayon İcra Hakimiyyətindən Zabidovun həbsində rayon rəhbərliyinin heç bir rolu olmadığını iddia ediblər. Eyni zamanda əlavə ediblər ki, C.Zabidov "həqiqətə uyğun olmayan materiallar yayırdı".
Bu zaman Heydər Əliyev Fondu tərəfindən rayondakı 2 saylı Körpələr evi-Uşaq bağçasına ayrılmış yardımın mənimsənilməsi haqqında materiala görə icra başçısının müavini Mahir Mirzəyev C.Zabidovu məhkəməyə verib.
Eyni zamanda rayon icra hakimiyyəti başçısının birinci müavini Azər Xamiyev Zabidova qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.
Şərəf və ləyaqətin təhqir edilməsinə görə hər biri müəllimdən 15 min manat təzminat tələb edir.
Yerli fəallar rayonda korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı ilə bağlı problemləri tənqid edən Zabidovun təqibini əsassız hesab edirlər.
Qeyd edək ki, 72 saylı Yardımlı-Masallı seçki dairəsindən Musa Qasımov deputat seçilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.