Bu gün Brüsseldə «Şərq Tərəfdaşlığı» ölkələri xarici işlər nazirlərinin toplantısıdır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçikaya səfər edib. Bu barədə APA-ya Xarici Işlər Nazirliyi mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycan nümayəndə heyəti iyulun 22-də Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək 5-ci görüşündə iştirak edəcək.
Brüsseldə Elmar Məmmədyarova hansı mesajlar verilə bilər? Nəzərə almaq lazımdır ki, bir neçə ildir Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısıdır, amma ötən müddətdə proqramda iştirakçılığı formal xarakter daşıyıb.
Əslində, Avropa Birliyinin bu proqramın həyata keçirilməsində məqsədi iştirakçı ölkələrdə siyasi, hüquqi və iqtisadi islahatlar yoluyla onları Avropa standartlarına yaxınlaşdırmaqdır. Təəssüf ki, Azərbaycan hökumətinin bu istiqamətdə Avropa Birliyi ilə heç bir ciddi əməkdaşlığı olmayıb.
Gürcüstan, Moldova və Ukrayna “Şərq Tərəfdaşlığı” çərçivəsində Avropa Birliyilə gerçək və səmərəli iş quraraq, proqramda nəzərdə tutulmuş sahələrdə ciddi uğurlar əldə etdilər. Həmin ölkələrin proqram çərçivəsində Avropa Birliyi ilə əməkdaşlığı onların Assosiasiya sazişini imzalamasıyla nəticələndi. Bununla da Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyinin üzvü olmaq yolunda çox mühüm mərhələyə qədəm qoydu.
Çox güman ki, Brüsseldə bugünkü toplantı zamanı Avropa Birliyilə səmərli əməkdaşlığın böyük əhəmiyyət daşıdığı bir daha Məmmədyarovun nəzərinə çatdırılacaq və Əliyevə çatdırılması üçün bir sıra mesajlar veriləcək. Gürcüstanın Assosiasiya sazişinin imzalaması Cənubi Qafqazda bütün parametrlər üzrə mühüm əhəmiyyət kəsb edən Azərbaycanın avrointeqrasiya kursuyla bağlı birmənalı seçim etməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Indiki mərhələdə Avropa Birliyi üçün məhz Azərbaycan prioritetdi və təşkilatın bu istiqamətdə ciddi səy göstərəcəyi şübhəsizdir.